0
Friday 5 December 2014 - 14:11
Cümə söhbətləri

Dünya həyatı 6 nümunədə xülasələnib

Story Code : 423501
ünya həyatı 6 nümunədə xülasələnib
ünya həyatı 6 nümunədə xülasələnib
Bismilləhir-Rahmənir-Rahim!

İnsanlığı zaman-zaman düşündürən ən ciddi mövzulardan biri də dünya həyatı mövzusudur. İslami mətnlərdə dünya həyatı ilə bağlı olan mövzu geniş yer tapıb, dünya həyatı ilə bağlı müxtəlif çatdırışlar olunub. Bu mövzuları təhlil etmək, insanın aqibəti baxımından böyük əhəmiyyət kəsb edir.
Qurani-Kərim dünya həyatını tanıtdırır

Mövzumuzun bünövrəsini Allah kəlamı olan Qurani-Kərimdə “Hədid” surəsinin iyirminci ayəsində birbaşa dünya həyatı ilə bağlı yer almış xüsusi çatdırış təşkil edəcək. Rəbbimiz “Hədid” surəsinin 20-ci ayəsində buyurur: “Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. Rəbbimiz bizim bu mövzuda olan bilgisizliyimizi, məlumatsızlığımızı, cahilliyimizi aradan aparmaq üçün bizləri bilgiləndirir. Bildiririr ki, dünya həyatı yalnızca bunlardan – oyun, əyləncə, bəzənmək, öyünmək və mal-dövlət və övladda bir-birini üstələməkdən ibarətdir. Ayənin təfsiri çalarlarından bildirilir ki, əgər dünya həyatı iman və təqva ilə yoğrulmasa, yalnız bu altı məsələdən ibarətdir. Bəzi təfsirlərdə isə xüsusiləşdirib, mal-dövlət və övladda üstələmək cəhdini birləşdirərək, dünya həyatının beş məsələdən ibarət olduğu qeyd olunur. Dünya həyatı cəmi bu altı və ya beş məsələdə xülasələnib. Dünya həyatı imanla, təqva ilə, Allaha yaxınlaşmaq niyyəti ilə, Allaha bəndəçilik üçün mövcud olmasa, dünya həyatını bunun üçün yaşamasaq, yaşadığımız dünya həyatı yalnız bunlardan ibarət olacaq.
Təqvasız dünya həyatı çox məhduddur

Dünya həyatı ya oyun-oyuncaqdır, ya vaxt keçirtmə, əyləncədir, ya bəzənib-düzənməkdir, ya insanların bir-birinin qarşısında öyünməsi, özünü göstərməsidir, ya mal-dövlətdə, ya da övlad baxımından üstünlük təşkil etməyə can atmaqdır. Bəzi təfsirçilər sonuncu iki məsələni, yəni mal-dövlətdə və övladda bir-birini üstələməyə can atmağı bir nümunə kimi göstərir. Rəbbimiz bu ayədə dünyanı biz çox ciddi şəkildə tanıtdırır. Əgər dünya həyatında yaşamağımız iman, təqva, Allaha bəndəliklə yoğrulmasa, dünya həyatı bu altı məsələdə xülasələnir. İman və təqvaya bağlanmayan dünya həyatı ya oyun kimi, ya əyləncə kimi, ya bəzənmək kimi, ya öyünmək kimi, ya da bir-birini mal-dövlətdə və övladda üstələməyə can atmaq kimi bir şey olacaq.

Ayədən bir neçə çalar meydana çıxır. Birincisi budur ki, Allah Təala insanlara dünya həyatının mahiyyətini tanıtdırır. Şübhəsizdir ki, dünya həyatını dürüst tanımaq insanlar üçün lazım olan bir zərurətdir. Rəbbimiz ayənin əvvəlində “bilin” deyir. Bununla da Rəbbimiz insanın dünya həyatını tanımasını lazım bildiyinə işarə edir və bunu Rəbb olaraq çatdırır. Rəbbimiz bunu elə-belə bizə çatdırmır, bunu bilmək bizlər üçün zərurətdir. Bu zəruri məsələdir ki, biz dünya həyatının mahiyyəti ilə tanış olaq. Yəni, ayənin başlanğıcında gələn “bilin” kəlməsi bu məsələnin nə qədər ciddi olmasından xəbər verir. Bu bilgi bizim həyatın məramı, hədəfi, quruluşu barədə müvafiq məlumata malik olmağımız, bu məlumatı düzgün təhlil etməyimiz, təhlildən irəli gələn düzgün nəticələr əldə etməyimiz üçün çox mühümdür. Bu nəticələr imtahan dünyası olan bu həyatımızı dürüst təşkil etmək və əbədi dünya olan axirətimizə lazımlı olan yaşam tərzinə yiyələnmək üçün böyük əhəmiyyət kəsb edir.
Dünyaya vurğunluğun səbəbi

İkinci çalar budur ki, dünya həyatının vurğunlarının onun haqqında dürüst və doğru analayışları, dərkləri yoxdur. O kəslər ki, dünya həyatının vurğunlarıdır, dünya üçün ürəkləri gedir – onların bu vəziyyətdə olmasının səbəblərindən biri budur ki, dünya həyatını tanımırlar, bununla bağlı bilgiləri yoxdur, bu mövzuda cahildirlər. Əgər məlumatları olsa, dünyagörüşləri olsa, əgər xəbərləri olsaydı ki, dünya həyatı elə bu altı məsələdən ibarətdir, onlar bu dünya həyatının vurğunu olmazdılar. Adamın bəzən bir şeylərə başı qarışır, elə bilir ki, çox böyük bir şeylərdir. Ondan xəbəri olanlar insana xəbər edəndə ki, başı qarışdığı məsələ olduqca kiçik bir məsələdir, adamın gözü açılır. Bizim Yaradanımız, hər vəziyyətimizdən xəbərdar olan Allah bizə bildirir ki, insanı da, dünyanı da O, yaradıb. Bu dünya əgər iman və təqva ilə yoğrulmasa mahiyyəti bu altı məsələdə xülasələnib. Dünya həyatının müxtəlif epizodlarını, müxtəlif ssenarilərini, istiqamətlərini, çalarlarını araşdıranda yalnız bunlardan ibarət olduğunu görmək olar. Bundan kənar dünya həyatı yoxdur. Dünyada gündəlik yaşadığımız, rastlaşdığımız həyata baxanda da yalnız bu altı məsələni görürük. Əgər həyat iman və təqva ilə yoğrulmuş olmasa, bu altı süjet xəttindən ən azı biri həmin həyatda yer almış olacaq.
Dünya həyatı nümunələrinin təzahür tapdığı mərhələlər

Bu ayədən başa düşülür ki, dünya həyatının həqiqəti altı məsələdə təzahür tapır. Dünya həyatının həqiqəti bundan kənar deyil. Təfsiri çalarlarda ayə ilə bağlı daha bir məqama işarə olunur. Qurani-Kərim insanın dünya həyatının hər mərhələsində müxtəlif ruhiyyə və yönəlişlərə malik olmasına işarə edir. Müfəssirlər bildirirlər ki, bu ayə həm də insanın inkişaf mərhələlərinə işarədir. İnsanın ilkin həyat mərhələsi – uşaqlıq dövrüdür. Uşağın ən ciddi xarakterik xüsusiyyəti - oyunlara meyllilikdir. O ki, dünya həyatının oyundan ibarət olması deyilir, təfsirlərə görə bu, insanın uşaqlıq dövrünə işarədir. Daha sonra yeniyetmə mərhələsi gəlir. Yeniyetmə mərhələsinin ən ciddi xüsusiyyəti - əyləncədir. Yeniyetmələr adətən əyləncə sevərlər. Sonra cavanlıq mərhələsi gəlir. Cavanlar bəzənib-düzənməyə, yaxşı görünməyə meylli olar. Kişinin öz anlamında, qadının öz anlamında cavanlıqda bəzənməyə meylliliyi olar. Uşaq üçün bunun heç bir önəmi yoxdur, yeniyetmə üçün də bir qədər fərqlidir, amma cavan üçün əsas xarakterik xüsusiyyətdir. Biri-birinə öyünmə - orta yaşın xüsusiyyətidir. Mal-dövlət və övladda bir-birini üstələməyə can atmaq isə yaşlı dövrün əsas xarakterik xüsusiyyətidir. Orta yaşdan sonra insanların mal-dövlət yığmağa, hərisliyə meyli artar və övladının vəziyyəti digərlərini üstələmək baxımından xüsusi önəm daşımağa başlayar.

Həyatın iman və təqva yükü olmasa, həyatın hər mərhələsi dünyanın bu beş nümunəsi içərisində itib gedəcək. Bir tərəfdən dünyanın bütün təzahürləri bu altı məsələdə özünü tapır. Digər tərəfdən insanın inkişaf mərhələləri baxımından görürük ki, bunların hər biri, bir mərhələdə özünü daha qabarıq şəkildə göstərir. Ona görə də dünya həyatını yaxşı tanımalıyıq. Əgər iman və təqva ilə yoğrulmasa, həyatımız ancaq bunlarla məhdudlaşacaq. Dünyaya oyun, əyləncə, bəzənib-düzənmək, öyünmək, bir-birini malda və övladda üstələmək kimi baxacayıq. Dünyamız yalnız bunlardan ibarət olacaq. Aqibətimiz üçün bu dünyadan heç bir şey qalmayacaq. Dünya bu təzahürlərdə aqibətə heç bir fayda verməyəcək.
Dünyamızda bu xülasədən kənara çıxmaq üçün nə edək?

Bəs nə edək ki, dünyanın bu mərhələlərinin içərisində itib-batmayaq? Nə edək ki, bizim də həyatımızın mərhələləri məhz bunlardan ibarət olmasın? Bunun birinci yolu Allahla rabitəni, ünsiyyəti bərpa etməkdən keçir. İnsan həyatının ən ciddi inkişaf, təkamül mühərriklərindən biri, aqibətini xeyirə tərəf aparan mövzulardan biri – dua, münacatdır. Dua - əslində Allahla danışmaq, Allahdan istəmə, Allahla rabitədir. Diqqət etsək görərik ki, böyük İslami şəxsiyyətlərin hamısı Allahla rabitədə, ünsiyyətdə olan insanlar olub. Əgər bu olmayacaqsa, həyatımız sadaladığımız altı məsələdən biri olacaq, həyatımızın əlavə heç bir təravəti olmayacaq. Günümüzü tənzimləyəndə elə etməliyik ki, Allahla münacata yer ayırmalıyıq.

İmam Sadiq (ə) dua ilə bağlı, duanın qəbul olunması üçün bir sıra zəruri cəhətləri sadalayır: “Duadan əvvəl Allaha həmd və sitayiş etmək lazımdır. Sənə verdiyi nemətləri yadına sal və bu zaman Peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə) salam göndər. Sonra günahlarını yada sal və etiraf et. Sonra o günahların zərərindən Allaha pənah apar. Budur duanın yol və cəhəti”. Biz duadan öncə Allaha həmd və sitayiş etməmizi yerinə yetirməliyik. Duanın bərəkətini, gücünü artırmaq istəyiriksə, öncə kiminlə danışdığımızı xatırlamalıyıq. O, kimdir, biz kimik? Həmd edəndə əslində biz başlanğıcımızın Ondan olmasının, Onun Rəbb olmasının, Onun Yaradan olmasının fərqinə varırıq. Bizim bütün ehtiyaclarımızın Onun tərəfindən ödənilməsinin fərqində oluruq və buna həmd edirik. Onun bütün lütflərinə görə həmd edirik və bu lütflərdən bəhrələnmək üçün Ona dua edirik. Duadan öncə Allaha həmd və sitayiş etmək - çox önəmli məsələdir. Bu həmd, şükür, təşəkkür insanın rabitəsinin keyfiyyətini müəyyən edir.
Duada nələrə diqqət edək?

Eyni zamandan duadan öncə Allahın verdiyi nemətləri xatırlamaq zəruridir. Çünki, bu qədər verdiyi nemətləri xatırlamaq həm də ümid verir ki, növbəti istədiklərimizi də nəsib edər. Bu qədər inayət, lütf edib, bunları xatırlayırıq, həm də Rəbbin dərgahında nə qədər əta etdiyinin fərqində oluruq, verəcəyinə ümidimiz də artır. İnsan neməti xatırlayanda ruhiyyəsi düzələr və bununla da duanın qəbul olunma şəraiti yaranar.

Əziz İmam Sadiq (ə) hədisin davamında duanın qəbul olunmasının daha bir şərtini göstərir. Bildirir ki, duanın qəbulu üçün Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) salavat göndərək. Çünki, ən böyük nemət – Həzrət Peyğəmbər (s) və onun pak Əhli-beytidir (ə). Allah Təala bizlərin islah olması üçün, bizlər üçün nümunə olsunlar deyə Peyğəmbəri (s) və onun pak Əhli-beytini (ə) göndərib. İslamı necə yaşamaq, həyatımızı necə yaşamaq baxımından onlar bizim üçün nümunələrdir. Bundan daha böyük nə nümunə ola bilər? Əba Əbdillah (ə) – Allahın ən böyük nemətdir. Kərbəlanın və Aşuranın mahiyyəti – ən böyük nemətdir. Bizim bunu yaşamağımız, anlamağımız, bununla qəlblərimizin hərəkətə gəlməsi – ən böyük nemətdir. Bizlər salam göndərəndə əslində ruhiyyələrimizi onlarla uyğunlaşdırırıq. Əgər onlar bizim salamımızı alsalar, halımız düzələr, belə olan halda da dualarımız qəbul olunar. Əgər mərifətimiz olsa, bilsək ki, Peyğəmbər (s), onun Əhli-beyti (ə) salamımızı alacaq, özümüzü müvafiq tərzdə apararıq.
Duadan qabaq tövbə

Duada mühüm amillərdən biri də günahları yada salmaq və tövbə etməkdir. Çünki, duaların qəbul olunmamasının səbəblərindən biri, onların qarşısını alan amillərdən biri – günahdır. Bizim dualarımızın qəbul olunmamasının ən başlıca səbəbi – xətalardır, günahlardır. Biz fərqində olmadan bir də görürük ki, çox çətin həll olan məsələlər düzəlir. Amma eyni zamanda, hansısa bir məsələ olur, nə qədər çalışırsan, ona nail olmaq mümkün olmur. Allahla təması düzəldirsən, münasibəti bərpa edirsən, günahlardan tövbə edirsən – gözləmədiyin anda həmin məsələ düzəlir. Günahlarımız bağışlansa, Allah bizə nəzər salar. Bu mənada əgər dualarımızın qəbul olunmasını, Allahın onlara nəzər salmasını istəyiriksə, gərək duanın qəbul olunmasının qabağını alan məsələlərdən təmizlənək. Ona görə də, duadan öncə günahları yada salmaq və onlara görə tövbə etmək tövsiyə olunur. Daha sonra isə günahların zərərindən Allaha pənah aparmaq tövsiyə olunur. Duanın qəbul olunmasının vektoru – bu sadalanan məsələlərdir. Dua bu cür olanda, Allahın inayəti ilə qəbul olunar.

Allahım, bizlərə iman və təqva ilə yoğrulmuş dünya həyatı yaşamağı nəsib et!

Allahım, bizləri Səninlə rabitədən ayrı salma!

Allahım, bizlərə izzətli yaşam nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Source : Deyerler
Comment