0
Saturday 4 July 2015 - 18:38

Əli Kərimli: "Bu hökumət milli təhlükəsizliyimizə də təhdiddir"

Story Code : 471502
Əli Kərimli: "Bu hökumət milli təhlükəsizliyimizə də təhdiddir"
Əli Kərimli: "Bu hökumət milli təhlükəsizliyimizə də təhdiddir"
"Deyirdim axı, bu hökumət milli təhlükəsizliyimizə də təhdiddir. Hökumətimizin yaxın dostu, “böyük qardaşı" Rusiya Ermənistanı sürətlə silahlandırır. İndi də məlum oldu ki, Rusiya Ermənistana "İskəndər-M" operativ-taktiki raket kompleksi satmaq niyyətindədir. Bu raketlər Rusiyanın ən müasir silahlarından hesab olunur.

Azərbaycan üçün çox ciddi təhlükələr yaradır. Ermənistanın silahlanması üçün Rusiyanın ayırdığı 200 milyon dollarlıq kredit də bu gün Ermənistan parlamentində təsdiqləndi. Maraqlıdır ki, Rusiya niyə məhz indi Ermənistanı belə ciddi şəkildə silahlandırır? Təbii ki, səbəbin biri qlobaldır.

Guya bu şəkildə Rusiya sərhədlərinə yaxınlaşan NATO-ya qarşı tədbir görür. Amma etiraf edək ki, bu, real versiya deyil. Çünki Rusiya rəhbərləri özləri açıq dedilər ki, “başımız xarab olmayıb ki, NATO ilə müharibə edək”. Deməli, bu raketlərin NATO-ya qarşı istifadə ehtimalı yoxdur. Amma Azərbaycana qarşı bu raketlərdən də, Ermənistana verilən istənilən başqa Rusiya silahından da istifadə oluna bilər.

Bəli, indi Rusiya ona görə bizim düşmən dövləti belə cəsarətlə silahlandırır ki, Azərbaycanda ona bağlı olan 5-ci kalonunun iqtidar olduğunu bilir. Bilir ki, bütün silahlarını Ermənistana bağışlasa da, Azərbaycan rəhbərliyi ona etiraz etmək cəsarətinə sahib deyil. Üstəlik, onu da bilir ki, burada iş başında olan adamları Azərbaycanı addım-addım belə məqamlarda Rusiyaya qarşı balans yarada biləcək Qərbdən uzaqlaşdırırlar. Ölkəni sistemli şəkildə özünütəcridə aparırlar. Millətin də daxili müqavimətini qırırlar.

Amma etiraf edək ki, Azərbaycan hökuməti balans siyasətinə bu dəfə də sadiqdir. Bütün dünyanı balanslı şəkildə özümüzdən uzaqlaşdırırıq. Hanı bu ölkənin dostu? Kimdir bizim müttəfiqimiz? 20 il vətəndaşımızı aldatdılar ki, Qarabağı ATƏT alıb, bizə verəcək. Sonu nə oldu? ATƏT-in özünü Azərbaycandan qovurlar. Gerçəkdən də Qarabağ dərdi çəkən bir hakimiyyət bu qədər avantürist ola bilərmi? Bircə Türkiyə ilə münasibətlər qalır. Amma o münasibətlər də səmimi deyil, üstəlik, Türkiyə bir NATO üzvü olan dövlətdir. Azərbaycan hakimiyyətinin söydüyü paytaxtlarda qərarlar verilməsə, Türkiyə təkbaşına hərbi addım atmaz.

Əziz həmvətənlər, bunlar yalnız hüquqlarımızı məhdudlaşdırıb, sərvətlərimizi talan etmirlər, həm də ölkəmizi düşmən qarşısında təklənmiş, zəifləmiş duruma salırlar. Mürgüdən ayılmalıyıq! Təhlükələri qiymətləndirib, onu dəf etmək üçün səfərbər olmağı bacarmalıyıq.
Source : Azadliq
Comment