0
Saturday 28 May 2016 - 12:56

Şeyx və deputat qardaşı ittihamlara niyə cavab vermir?

Story Code : 541646
Şeyx və deputat qardaşı ittihamlara niyə cavab vermir?
Qafqazın şeyxi, QMİ sədri Hacı Allahşükür Paşazadə və onun deputat qardaşı Cavanşir Paşazadə hazırda həbsxanada olan, keçmiş şərikləri Müğdət Həşimovun ittihamları qarşında susurlar.

Redaksiyamıza göndərilən məktubda M.Həşimov Paşazadələrlə şərikliyi zamanı başına gələnləri ətraflı şəkildə qeyd edib. Həmin məktub mayın 23-də “Yeni Müsavat” qəzetində dərc edilib.

Şikayət məktubunda yazılanlarla bağlı qısa olaraq qeyd edək ki, həbsdə olan Həşimov məktubunda deyir ki, C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə onun arasında 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “birgə fəaliyyət haqda” müqavilə bağlanıb. Müqavilənin şərtlərinə görə onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.

Tərəflər arasında münasibət biznes maraqları səbəbindən korlanandan sonra C.Paşazadə tibb müəssisəsindən bəzi avadanlıqların yoxa çıxdığını bildirib.

M.Həşimovun həbsxana yolu da bundan sonra açılıb. M.Həşimzadə deputatın ondan müəssisənin açılması üçün bankdan götürülən 700 min manatı tələb etdiyini deyir.
Paşazadələrin şərikinin ittihamları ilə bağlı dəfələrlə qarşı tərəfə müraciət etsək də zənglərimiz cavablandırılımır. Nə Qafqaz Müsəlmanları İdarəsinin sədri, nə də onun deputat qardaşı Cavanşir Paşazadə məsələ ilə bağlı danışmaq istəmir.

Kifayət qədər ciddi ittihamların irəli sürülməsinə baxmayaraq şeyx və ailə üzvləri ictimaiyyət arasında böyük rezonans doğuran məsələni təkzib etməyə belə maraq göstərmir.
C.Paşazadə Milli Məclisin iclaslarında çıxış etməyə meylli olmadığı kimi, mətbuat nümayəndələrinin telefon zənglərinə də cavab verməyə ərinir.

Həbsdə olan M.Həşimov şeyxin qardaşının və ailə üzvlərinin cinayət işində adı hallandığını, lakin aylardır davam edən istintaqa bir dəfə də olsun ifadə vermədiklərini də deyib.

İ.MURADOV
Source : Musavat
Comment