0
Wednesday 8 March 2017 - 17:27

Mehmanı kim bədbəxt edir? – 1-ci vitse prezidentin ilk müjdəsi

Story Code : 616223
Mehmanı kim bədbəxt edir? – 1-ci vitse prezidentin ilk müjdəsi
1-ci vitse prezidentdən ilk müjdə oldu. Gənc blogger Mehman Hüseynov həbs edilib 2 il azadlıqdan məhrum edildi. Elə məhkəmə zalındaca həbsi reallaşdı. Deyilə bilər "niyə məhz ilk müjdə, məqsəd 1-ci vitse prezident təyin ediləndən sonra cərəyan edən hadisələrdirsə, Mehmandan qabaq ruhani şeyx Sərdar həbs edildi." Doğrudur, amma Mehmanın situasiyası bir qədər fərqlidir. Məsələ bundan ibarətdir ki, Prezident öz xanımına 8 mart hədiyyəsi olan 1-ci vitse prezident postunu təqdim etməmişdən qabaq YAP ünsürləri ölkədə elə şayə yaymışdılar ki, güya İlham Əliyev məmurlarla bacarmır, Mehriban Əliyeva gəlib məmurlara "qan udduracaq". Amma bu xam-xəyalları ilk olaraq Masallı icra başçısı darmadağın etsə də (o, YAP-a sübut etməyə çalışır ki, biz məmurlar istədiyimizi həbs edərik, şərləyərik, heç kim bizə heç nə edə bilməz) davamı Mehmanın həbsiylə gəldi. Mehman Hüseynov isə həmin şəxsdir ki, İlham Əliyevin açıq sürətdə cürət edib danlaya bilmədiyi məmurları açıq-aşkar ifşa edir. "Məmurların qənimi" ləqəbiylə kifayət qədər ölkədə reklam edilib tanınan Mehriban Əliyeva isə sözündə dürüst, əməlində ədalətlidirsə Mehman Hüseynovu çağırıb "çox sağol" deməliydi. Hətta, bəlkə bu işdən ondan kömək də ala bilərdi. Hər halda məmurlar barəsində hay-küy salmaqdan başqa heç bir işə yaramayan, əməldə bir şey ortaya qoya bilməyən Hafiz Hacıyeva baxanda Mehman Hüseynov çox iş görüb. "Məmurların qənimi" isə bunu etmədi, əksinə onun və ərinin ağalıq etdiyi məmləkətimizdə bir gənc blogger də həbs edildi. Görünən odur ki, Hafiz Hacıyevin "məmurların qənimi" kimi tanınması və reklam edilməsi boşboğazlıqdan, Mehriban Əliyevanın bu cür ad çıxarması da əsassız şayədən savayı bir şey deyil. Arada "məmurların qənimi" varsa o da həbs edilən gənc bloggerdir. Onun həbsi gəncləri, fəal sosial şəbəkə istifadəçilərini, bloggerləri, jurnalistləri narahat etməlidir. Axı, həm də ölkədə hakim elitadan savayı bütün təbəqə məmur özbaşınalığındna əziyyət çəkməkdədir. Mehman yəni bir gənc, Mehman yəni bir fəal blogger, Mehman yəni xalqı real vəziyyətdən xəbərdar edən şəxs.
Toxunmaq istədiyimiz məsələ isə fərqlidir. Məsələ bundan ibarətdir ki, Mehman həbs ediləndən dərhal sonra hakimiyyətə "züy tutan" bir sıra mətbu orqanlar Mehman Hüseynovu "bədbəxt", "müxalifətə aldanan", "Əli Kərimlinin qurbanı", "Milli Şuranın badına gedən şəxs" kimi qələmə verməyə başladılar. Əlbəttə, hakimiyyətin əlində oyuncaq olan bu mətbu orqanlar birbaşa sifarişlə işləyirlər və hakimiyyətin yazdığı məqalələri öz imzalarıyla dərc edirlər. Bu, sübuta ehtiyacı olmayan aksiomadır. Hakimiyyətə işləmək təkcə o demək deyil ki, ondan qonarar alıb vicdanına tüpürüb onların dediyini yazasan. Hakimiyyətə işləmək həm də o deməkdir ki, elə yazı yazasan ki, vicdanını deyil, məhz hakimiyyəti rahatlaşdırasan. Hakimiyyət isə belə etməklə bilərəkdən Mehmanı gözdən salmağa çalışır. Bundan sonra baxarsınız, bu, yeni bir mövzuya çevriləcək. Hər kim etiraz edəcək "Əli Kərimlinin toruna düşüb" deyəcəklər. Elə mənzərə yaratmağa səy edirlər ki, güya Mehman müxalifətçilərin güdazına getdi. Hansı ki, Mehman özü rejimə müxalif gənc idi. Könüllü olaraq bu hakimiyyəti tənqid edirdi. Zatən hər bir vicdan sahibi bunu etməyə borclu deyilmi? Əgər Mehmanı müxalifət "qızışdırırdısa" onda belə çıxır ki, bu "küpə girən" mətbuatı da iqtidar "qızışdırır". Hər halda müqayisə etdikdə həmin mətbu orqan işçilərinə - başda "Müsavat" qəzeti olmaqla "satıq" deyirlər. Çünki Mehman gənc çağlarını başqa cür də keçirə bilərdi, amma bu yaşda iqtidarın boynu yoğunlarına "kələ atıb" zindanı gözə alırsa, deməli ən azından ruhu azad insandır. Amma sizlər beş-on manat qonarar xatirinə vicdanlarınızı satan ünsürlərə çevrilmisiniz. Xalqın dərdi sizləri düşündürmür.
Mehmanın bəxti orda gətirməyib ki, sosial şəbəkədə onun videoroliklərinə baxıb gülən, "əhsən" deyən, paylaşan, profilinə onun şəkillərini qoyan gəncliyin zamanına təsadüf edib. Buna görə də, böyük əksəriyyət onu hələlik sosial şəbəkələrdə müdafiyə etməyi üstün bilir. Amma bir həqiqəti unudurlar ki, əsgər analarının fəryadını duyuran aksiyalar da gənclər tərəfindən məhz sosial şəbəkələrdə proqramlaşdırılırdı. Bu dəfə də gərək gənclər bu cür aksiyalara diqqət ayırsınlar. Hər kim necə bacarır zalıma etiraz, məzluma kömək etməlidir- minbərdə, kürsüdə, meydanda, qəzetdə, sosial şəbəkədə, manitor arxasında və s. Belə olmadığı təqdirdə isə ölkədə "mən getsəm, arxamda kim dayanacaq" fikri daha çox yayılacaq. Beləliklə də nəinki ruhanimizin, siyasətçimizin, bloggerimizin, hətta səngərdəki əsgərimizin dalında belə dayanmağa cürətimiz çatmayacaq!
Source : Nur-az.com
Comment