0
Wednesday 5 April 2017 - 16:19

Hacı Abgülə qarşı müxalifət saytındakı yazıya qısa cavab

Story Code : 624964
Hacı Abgülə qarşı müxalifət saytındakı yazıya qısa cavab
Müxalifət saytlarından birində bir yazı gördüm. Orada yazar Hacı Abgülün "Qarabağı axirət uşaqları alacaq, dünya uşaqlarının orada nə işi var?" fikrinə irad bildirir.

Hörmətli yazar!

Siz ya başa düşmək istəmirsiz, ya da başa düşmürsüz? İlk növbədə sual verim: Şəhid hara gedir? QARA TORPAĞIN ALTINAMI? Əgər şəhidin cənnətə, axirətə getməsini qəbul ediriksə, demək ki, şəhidin məntiqinə görə, vətən, din sevgisi - axirət sevgisi dünya sevgisindən üstündür. Dünya sevgisinə üstün gələn axirət sevgisi şəhidliyi seçən şəxsin hansı tərəfi seçdiyini bəlli edir.

Dünya uşaqları dedikdə heç də namaz qılan-qılmayan qəsd edilmir. Burada dünyanı vətəndən, dindən, qeyrətdən üstün sayanlara işarə olunur. Namaz qılıb dünyanı seçən də az deyil. Bunu biz islam tarixində oxumuşuq. Dünyaya görə, İmamları satanlar, şəhid edənləri; İbn Mülcəmi xatırlayırıq (İmam Əlini qətlə yetirən), o da namaz qılırdı. (Namazın kimə qılınması isə başqa mövzudur...)

Axirət uşağı isə, elə Vətən, din uğrunda şəhadəti seçənlərdir. Hacının sözü deyil, sizin bu fikriniz şəhidləri sual altına alır. Yəni onlar şəhadətə hazır olmadanmı vurulub öldülər? Şəhadəti düşünmədənmi şəhid oldular? Əgər düşmən onları əsir alsaydı və "sağ qalıb bizə satılacaqsan, ya da öləcəksən" deyəndə onlar dünyanımı, axirətimi seçəcəkdilər? Çətin sualdır, deyilmi?

Qeyd edim ki, Hacı Abgülün qardaşı Qarabağ uğrunda şəhid olub və namaz qılan da olmayıb. Əgər Hacının məqsədi şəhidləri bölmək və ya təhqir idisə ilk növbədə öz qardaşını təhqir edib, bu da ki, mümkün deyil - bir insan öz qardaşını təhqir edərmi?

Təəssüf olsun ki, hicablıları da təhqir edirsiz (bu cür görsənir). Hicab təhsilə-elmə maneə olsaydı mənim qızım hicablı olaraq İstanbulda məktəb birincisi olmazdı. Bir çox imtahanların ilk üçlüyündə qərar tutmazdı...

Təəssüflər olsun, bölücü fikirlərinizə...

Ramin Bayramov
Source : Islamazeri
Comment