0
Sunday 15 October 2017 - 23:36

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin fəaliyyətlərinin analizi

Story Code : 676851
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin fəaliyyətlərinin analizi
Qafqaz mədəniyyət mərkəzi-İslam Respublikası qəzeti 28 mordad 1396-cı il tarixində (19 avqust 2017) 19846-cı sayında “Arzulanmayan şəxsləri məclisin zinətinə çevirməyək” məqaləsini dərc edib. Məqalədə Azərbaycan Respublikasından Allahşükür Paşazadə adlı şəxsin İslam Respublikasının prezidentinin inauqurasiya mərasiminə qatılması tənqid olunub. 9 şəhrivər 1396-cı ildə (31 avqust 2017) məqaləyə İran-Azərbaycan Dostluq Cəmiyyətindən cavab ünvanlanıb. İki məqalədə deyilənləri araşdırmaq, bəzi nöqtələrə diqqət yetirmək lazım gəlir. Bu məqsədlə hazırkı məqalə qələmə alındı.
a) Allahşükür Paşazadənin İran prezidentinin inauqurasiya mərasiminə qatılmasının tənqidi bu kimi halların təkrarlanmaması baxımından düşüncəli və məntiqi addım sayıla bilər. Mümkündür ki, Paşazadənin belə mərasimlərdə iştirakı Azərbaycan Respublikası dindarlarının İran İslam Respublikasına etimadına zərbə olsun. Başqa səbəblər də sadalaya bilərik. Lakin bəzi iddialar, o cümlədən Paşazadənin Azərbaycan Respublikasında dindar kəsim üçün bütün problemlərin mənbəsi olması iddiası reallıqla uzlaşan iddia kimi dəyərləndirilmir. Təbii ki, dünyanın ikinci şiə ölkəsi olaraq Azərbaycan Respublikasında dindar kəsimə qarşı məhdudiyyətlərin daxili və xarici amilləri var. Bu amillərdən yalnız biri Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin rəisi olaraq izlədiyi siyasət və atdığı addımlardır. Hazırkı yazıda həmin addımlardan bir qismini yada salacağıq.
b) İki məqalə müəlliflərinin razılaşmadığı əsas mövzu Allahşükür Paşazadənin sionist rejimlə əlaqələridir. Paşazadənin sionist rejimlə əlaqələri inkar olunası mövzu deyil. Qısa internet araşdırması aparsaq, bu rabitəni təsdiqləyən faktlarla tanış ola bilərik. Bununla belə Allahşükür Paşazadə bu rabitələri pərdələməyə cəhd göstərir. 1394-cü il bəhmən ayında (2016-cı il, fevral) Paşazadə ilə sionist rejimin aparıcı simaları arasında Bakıda görüş olub. ABŞ-da Simon Vizental Mərkəzinin (Simon Wiesenthal Center) rəhbərinin müavini ravvin Abraham Kuper (Abraham Cooper) bu görüşdə Qafqaz Müsəlmanları İdarəsinin rəisinin sionistlərlə həmkarlığından məmnunluğunu bildirib. Beynəlxalq bir konfransda İsrailin sabiq baş eşkinazi ravvini Yona Mesgerlə (Yona Metzger) Paşazadənin yanaşı fotosu geniş yayılıb. Azərbaycan mətbuatında Qafqaz Müsəlmanları İdarəsi sədrinin İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutla (Arye Gut) görüşü işıqlandırılıb. Bu qəbil informasiyalar Paşazadənin sionist çevrələrlə rabitələrindən danışır. (Əlbəttə ki, bu mövzuda mediaya çıxmamış, müəllifin də dilə gətirmək istəmədiyi başqa faktlar var. Biz mediada getmiş bəzi məlumatları nümunə kimi göstərdik) İran-Azərbaycan Dostluq Cəmiyyəti Allahşükür Paşazadənin Qüds Günü mərasimində iştirakını xatırladır. Bu barədə deməliyik ki, Qafqaz Müsəlmanları İdarəsi dinlə bağlı ictimai-siyasi məsələlərdə Azərbaycan Respublikasının sekulyar hökumətinin qoruyucu klapanı (ing. safety valve) kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası bir tərəfdən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, digər tərəfdən sionist rejimlə iqtisadiyyat, hərb və təhlükəsizlik sahəsində geniş rabitələrə malikdir. İllər uzunu Beynəlxalq Qüds Günü hakimiyyət işğalçı rejimin səfirliyi qarşısında anti-sionist aksiyaya maneçilik törədib. Səfirliyə aparan bütün yollar bağlanıb, İsrail səfirliyi qarşısında anti-sionist aksiya keçirməkdə israrlı dindarlar həbs edilib. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi İran-Azərbaycan Dostluq Cəmiyyətinin iddialarının əksinə, təbliğat xarakterli və nəzarətdə saxlanılan məhdud tədbirlərlə kifayətlənilib. Paşazadə bu günə qədər həmin tədbirlərdə İsrailin ziddinə bir kəlmə də dilə gətirməyib. Adətən Qarabağ konfliktini yada salıb, Fələstin xalqına sülh arzulayıb!
c) Haqqında danışdığımız iki məqalədə ziddiyyət doğuran nöqtələrdən biri Allahşükür Paşazadənin dini fəaliyyətləridir. Bu mövzuda bəzi nöqtələrə toxunuruq:
İran-Azərbaycan Dostluq Cəmiyyəti öz sözünün əvvəlində Paşazadəni qonşu Azərbaycan Respublikası və Qafqaz müsəlmanlarının rəhbəri adlandırır. Cəmiyyətin cavab məktubunun məzmununa baxdıqda belə görünür ki, yuxarıdakı ifadədən istifadə leksik səhv deyil, müəlliflərin baxışı ilə şərtlənib. Baxın, çar Rusiyasından miras qalmış bir idarənin rəisi Azərbaycan və Qafqaz müsəlmanlarının rəhbəri adlandırılır!! Bu idarə o zaman müsəlmanların Rusiya sərhədlərindən xaricdəki dini mərkəzlər (hövzələr) və təqlid mərcələri (din alimləri) ilə əlaqəsini kəsmək, eləcə də imperiya ideyalarına bağlı mollalar tərbiyə etmək üçün yaradılıb. Bu gün Azərbaycan müsəlmanları çar Rusiyası və Sovetlər Birliyindəki azlıq deyil, Azərbaycan Respublikasında mütləq əksəriyyətdir. Qafqaz Müsəlmanları İdarəsi sekulyar hökumətin əlində bir alət olaraq eyni fəaliyyətləri icra edir. Paşazadənin rəhbər adlandırılmasının düzgün münasibət olmadığı o zaman daha aydın görünür ki, bu şəxsin Azərbaycan dini cameəsində heç bir nüfuza sahib olmamasına nəzər salaq.
Modern.az saytı Azərbaycanda nüfuzlu, xalqın etimad göstərdiyi ruhanilər haqqında araşdırma aparıb. Hazırlanmış reytinq cədvəlində ən aşağı nüfuza (24%) məhz Paşazadə malikdir. Belə bir şəraitdə həqiqi ya hüquqi şəxslərin şəxsi mənafe və ya hər hansı məqsədlə Paşazadə kimi bir fərdi nüfuzlu sima, Qafqaz müsəlmanlarının rəhbəri, İslam Respublikası ilə Azərbaycan və Qafqaz müsəlmanları arasında körpü kimi tanıtdırması Azərbaycan dindarlarında İrana qarşı bədbinlik yarada bilər və belə təqdimat böyük xəyanətdir. Dostluq Cəmiyyəti öz cavabında belə iddia edir: “Şeyxülislam Sovetlər Birliyi dağılandan sonra Heydər Əliyevin dəstəyi ilə, kommunist rejimi tərəfindən məhv edilmiş ziyarətgahları bərpa edib, məscidlərin sayı müstəqillik dövrünün başlanğıcında 17 idisə, hazırda 2000-i ötüb.” Maraqlıdır ki, bu əsassız iddia ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edir. İran İslam Respublikasının rəsmiləri ilə görüşdə bu iddianı səsləndirən komitə sədrindən hələ də həmin məscidlərin adını və yerini soruşan olmayıb. Komitə öz saytında bu günə qədər cəmi 270 məscid barədə məlumat verib. Digər tərəfdən, Qafqaz Müsəlmanları İdarəsi və Allahşükür Paşazadə məscid və ziyarətgahların bərpası sahəsində heç bir məsuliyyət daşımır. Dostluq Cəmiyyəti Bibi Həkimə ziyarətgahı kimi ziyarətgahların yenidən qurulmasını, Heydər Məscidi kimi məscidlərin tikilməsini Paşazadənin xidməti kimi göstərir. Əslində bu addımlar daxili və xarici siyasətdə müəyyən məqsədlər izləyib. Bakının Günəşli qəsəbəsində Həzrət Zəhra (s.ə) məscidinin sökülməsinə qarşı şiə dindarların müqavimətindən sonra prezidentin xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu belə layihələr icra edib. Prezidentin birbaşa nəzarəti altında da oxşar addımlar atılıb. Dostluq Cəmiyyətinin iddiasının ziddinə olaraq Nardaranda Bibi Həkimə ziyarətgahı qəsəbə sakinlərinin, Azərbaycan dindarlarının təlaşı ilə, Nardaran Ağsaqqallar Şurasının nəzarəti altında təmir olunub və bu işdə Azərbaycan dövlətinin heç bir rolu yoxdur.
Dostluq Cəmiyyəti bildirir: “Şeyxulislam Qumdakı azərbaycanlı tələbələrin problemlərini həll etmək üçün nümayəndə təyin edib və bu yolla Qumdakı tələbələrin ehtiyaclarını təmin etməklə məşğuldur.” Ağıla gələn ilk sual budur ki, Dostluq Cəmiyyəti nə üçün Paşazadənin Qumdakı nümayəndəsinə İslam Respublikası qəzetində yazılanları cavablamaq icazəsi verməyib? Həqiqət budur ki, Qafqaz Müsəlmanları İdarəsinin Qumdakı nümayəndəsi azərbaycanlı tələbələrin problemlərini həll etmək yox, Azərbaycan Təhlükəsizlik Xidmətinin qarşıya qoyduğu məqsədləri həyata keçirməklə məşğuldur. Amma bu nümayəndə Azərbaycan Respublikası hökumətinin azərbaycanlı tələbələr haqqında əsassız şübhələrini aradan qaldırsaydı faydalı ola bilərdi.
Dostluq Cəmiyyətinin cavabında deyilir: “Allahşükür Paşazadənin təşəbbüsü ilə Bakıda və Azərbaycanın başqa şəhərlərində 8 elm hövzəsi tikilməkdədir. Azərbaycan Parlamenti və dövləti tərəfindən xaricdə dini təhsilə aid məhdudiyyətlər nəzərdə tutulmasının Qafqaz Müsəlmanları İdarəsinin rəisinə aidiyyati yoxdur.” Bu iddia elə bir zamanda səslənir ki, Azərbaycan prezidentinin Rəhbər Ayətullah Xamenei ilə görüşü haşiyəsində Paşazadə həmin 8 elm hövzəsinin tikintisi barədə məlumat verib. Əslində bunlar elm hövzəsi yox, Azərbaycandakı həqiqi hövzələri qapamaq üçün nəzərdə tutulmuş kolleclərdir. Məsələn, Nardaran ziyarətgahında yerləşən elm hövzəsini dağıdıb, orada bir kollec tikirlər! Belə təhsil ocaqlarının məzunu ən uzağı sekulyar dövlətin mənafelərinə uyğun biliklərə yiyələnəcək. Belə təhsil ocaqlarının yetirməsi məsələn Elşad Miri kimi bir şəxs ola bilər. Elşad Miri yaxın keçmişdə Kulis saytına müsahibəsində deyib ki, nəhayət Meracın (Həzrət Peyğəmbərin səma səfərinin) uydurma olması həqiqətinə çatdım, Quranda merac adı çəkilmir!! Dostluq Cəmiyyətinin dini məhdudiyyətlərin Qafqaz Müsəlmanları İdarəsinə aid olmaması ilə bağlı iddiasına cavab olaraq deməliyik ki, bu məhdudiyyətlər elə Paşazadəyə aiddir. Azərbaycan Respublikasının hökumət və parlamenti 2015-ci il noyabr ayında (1394, azər) Nardaran hadisələrindən sonra dini fəallar və ruhanilərə məhdudiyyət yaratmaq üçün addım atdı. Bir müddət sonra Qafqaz Müsəlmanları İdarəsinin nüfuzunu artırmaq, bu idarənin təhlükəsizlik xidməti ilə əlaqələrini gücləndirmək üçün bəzi məhdudiyyətlərin aradan qaldırılması fəallar və ruhanilərin ruhani idarəsi və təhlükəsizlik xidməti ilə həmkarlığı ilə şərtləndirildi.
Dostluq Cəmiyyətinin cavabında Paşazadənin cənab Ayətullah Nuri Həmədani ilə Bakı səfərində həmkarlığı yada salınır. Bu bir müsbət nöqtə kimi xüsusi vurğulanır. Yada salaq ki, cənab Paşazadə azsaylı, amma nüfuzlu iranlı dostları vasitəsi ilə özünə qarşı dini cameənin münasibətindən məlumatlıdır. O bilir ki, bu cameədə sevilmir. Buna görə də bir təqlid mərcəsini müşayiət etmək fürsətindən maksimum bəhrələnməyə, bu yolla dindarlar arasında nüfuz qazanmağa çalışır. Çox təəssüf ki, onun bu təlaşı Azərbaycan dindarlarına baha başa gəldi. Ayətullah Nuri Həmədaninin Bakı səfərində onun Gəncə xalqı ilə görüşü əngəlləndi. Paşazadə Ayətullah Nuri Həmədaninin Nardaranda olması üçün şərait yaratdı. Bu ziyarət zamanı Ayətullah Nuri Həmədani Paşazadənin təsəvvürünə gəlməyən eşqlə qarşılandı. Nardaran və ətraf qəsəbə dindarları dini şüarlar səsləndirməklə təqlid mərcəsinə öz sevgilərini izhar etdilər. Azərbaycan hökuməti Nardarana təzyiq üçün həmişə bəhanə axtarır. Bir neçə ay sonra öncə mediada təbliğatla bir ssenari hazırlandı. Hacı Tale Bağırzadə Ayətullah Nuri Həmədaninin əlini öpdüyü üçün xaricə bağlı fərd kimi tanıtdırıldı, onu Ben Laden, Molla Ömər, Əl-Bağdadi ilə müqayisə etdilər. Sonra Tale Bağırzadənin Nardaran qəsəbəsində gizlənməsi kimi saxta iddia irəli sürüb qəsəbəyə qoşun yeritdilər. Bu hadisə 4 dindarın şəhadətə çatması, 100-ə yaxın ruhani və dindarın həbsə alınması ilə tamamlandı. İmam Hüseyn (ə) məktəbinə hörmətsizlik göstərildi, əzadarlıq bayraqları yandırıldı, Qum Elm Hövzəsinə qarşı çirkin təbliğata start verildi. Azərbaycan mediasında anti-İran təbliğat başladı, Nardaranda dini atmosferi dəyişmək üçün hər yola əl atıldı. Bütün bu hadisələrdə Paşazadə seyrçi mövqe tutdu, Azərbaycan hökumətinin İslama qarşı vəhşi addımlarına don geydirməyə səy göstərdi. Hadisədən dərhal sonra Qafqaz Müsəlmanları İdarəsinin iki ruhanisi məcburi olaraq Azərbaycan Dövlət Televiziya Şəbəkəsində çıxış etdi, Hacı Tale Bağırzadənin fəaliyyətləri pislənildi. Onu xaricə (İran) işləyən bir şəxs, terrorçu adlandırdılar. Paşazadə bu siyasəti davam etdirir. Bir neçə ay öncə Azərbaycan şiələrinin Hacı Cavad məscidinin sökülməsinə etirazı zamanı Paşazadə etirazçıları kiçik qrup, xaricdən (siz “İran” oxuyun) təsirlənən fərdlər adlandırdı.
Dostluq Cəmiyyəti öz cavabında belə iddia edir: “Paşazadə Rəhbər Ayətullah Xameneiyə təqlid etmək təhlükəsini də öz üzərinə alıb.” Dostluq Cəmiyyətindəkilər bilməmiş deyil ki, Paşazadə ona baha başa gələcək addım atmaqdan uzaq məharətli siyasətçidir. O, Ayətullah-üzma Xameneiyə təqlid etdiyini bəyan etməklə Azərbaycan dindarlarının tənqidindən yayınmaq istəyir. Azərbaycan dindarlarının əksəri İran İslam Respublikasına rəğbətlidir və Rəhbər Ayətullah Xameneini sevir. Paşazadə İran və Rəhbərə yaxınlığını bəyan etməklə həm də Bakı ilə Tehran arasında rabitəçi rolunu üzərinə almaq istəyir. Bu mövzuda İslam Respublikası qəzetində nümunələr göstərilmişdi.
Dostluq Cəmiyyəti öz cavabının bir hissəsində yuxarıdakı nöqtələri yada salaraq belə bir sual səsləndirir ki, iki ölkə arasında münasibətlərin inkişafına qarşı olanlar Şeyx (Paşazadə) kimi bir şəxsi hansı əsasla anti-din şəxs sayır? Bu sualın cavabında deyə bilərik ki, iki ölkə arasındakı münasibətləri hazırda şəxsiyyəti nəzərdən keçirilən Paşazadə kimi biri ilə şərtləndirmək səhvdir. Paşazadənin İran İslam Respublikası prezidentinin inauqurasiya mərasimində iştirakının tənqidi ilə İran-Azərbaycan münasibətlərinin inkişafı arasında nə əlaqə ola bilər?! Azərbaycan Respublikası Parlamentinin spikeri inauqurasiya mərasiminə qatıldı. Bu halda Paşazadənin iranlı dostlarının onun şəxsi sevgisini cavablandırmaq üçün İslam Həmrəyliyi Konfransına xeyir-dua istəyini qəbul etmələrinə ehtiyac qalmırdı (İlham Əliyev 2017-ci ili İslam Həmrəyliyi İli elan etmişdi) Paşazadənin iranlı dostları bu simvolik tədbirə dəstək verməklə yanaşı Paşazadəni inauqurasiya mərasiminə qatdılar. İkincisi, Paşazadənin anti-din addımları və siyasətləri o qədər aydındır ki, onu ört-basdır etmək mümkünsüzdür.
Paşazadənin dini fəaliyyətləri barədə deyilənlərdən əlavə onlarla başqa nöqtə sadalaya bilərik. Onlardan bəzilərinə xülasə şəkildə işarə edirik:
Cənab Paşazadə ötən ramazan ayı astanasında sionist rejimin, Ali-Səud rejiminin, Ali-Xəlifə rejiminin pislənməsinin qarşısını almaq üçün imam-cümə və imam-camaatlara, digər dindarlara söhbətlərdə, xütbələrdə mətbuatda və mediada çıxışlarda qadağa qoymuşdu.
Cənab Paşazadə ötən ilki məhərrəm ayı astanasında Lənkəran şəhərində Dövlət Komitəsinin milli-mənəvi dəyərlərə həsr olunmuş toplantısında demişdi: “Əzadar dəstələrin küçələrdə yürüşü Aşura əzadarlıqları mərasiminə münasib deyil, buna görə də belə hərəkətlər Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fitvası ilə qadağan olunur.” Bu fitvaya əsaslanaraq Azərbaycan Respublikasının təhlükəsizlik və polis qüvvələri əzadar dəstələrin küçə yürüşlərinə mane oldu.
Cənab Paşazadə Azərbaycan hökumətinin vəhabilər və nurçularla problem yaşamadığı yaxın keçmişə qədər bu qruplarla isti rabitə saxlayırdı. Bu münasibətlər Azərbaycan Respublikasında şiə cərəyanının zəifləməsinə xidmət edirdi. Bundan əlavə Kral Abdullah Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi tərəfindən Allahşükür Paşazadənin bu mərkəzin üzvlüyünə dəvəti müsbət cavablandırıldı. Vəhabi mərkəzin təklifinin qəbul olunması Qafqaz Müsəlmanları İdarəsinin vəhabiliyin mənəvi atası sayılan Ali-Səud rejimi ilə əlaqələrini göstərir.
Cənab Paşazadə Dostluq Cəmiyyətinin cavabında Azərbaycan Respublikasının şiə şeyxülislamı adlandırılır. Qeyd edək ki, daim təlaş göstərilir ki, Respublikada şiələrin sayı az göstərilsin. Amma ictimai sorğulara, Azərbaycan alimlərinin dediyinə görə Azərbaycan Respublikasında şiələr ölkə əhalisinin minimum 80-85 faizini təşkil edir. Paşazadə isə əhalinin 65 faizinin şiə olduğunu söyləyir. Rəhbər Ayətullah Xamenei İlham Əliyevlə görüşdə cəmiyyətin tərkibinə görə Azərbaycanı dünyanın ikinci şiə ölkəsi adlandırdı. Rəhbərin bəyanatı mövzunun əhəmiyyətini göstərir. Təəssüf ki, cənab Paşazadənin Azərbaycan Respublikasında şiə kimliyini zəiflədən fəaliyyətləri yuxarıda sadalananlarla başa çatmır. Paşazadə bir fərmanla Qum, Nəcəf hövzələrində qəbul olunmuş ruhani libasını Azərbaycan ruhanilərinə qadağan edib. Ruhanilər idarəsinə bağlı din xadimləri Türkiyə din xadimlərinin libasına bənzər bir libas geyməyə məcburdur. Paşazadə özü də adətən belə geyinir. Yalnız iranlı rəsmilərlə görüşdə və İran İslam Respublikasına səfəri zamanı hövzəyə məxsus ruhani libasından istifadə edir.
2012-ci ildə Bakıda Avroviziya (Eurovision) musiqi yarışmaları astanasında rəsmi Bakı gey-parada icazə vermişdi. Bir müsəlman şəhərində belə paradın keçirilməsinə təqlid mərcələri geniş şəkildə etiraz bildirdi. İmam-cümələr, xalqımız etiraz etdi, qeyrətli Təbriz əhalisi Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyası keçirdi. Rəsmi Bakının bu etirazlara müqavimət gücü yox idi. Bu zaman Paşazadə Gəncədəki nümayəndəsini, Hacı Tahir adlı şəxsi bir qrup dindarla İranın Bakıdakı səfirliyi qarşısına göndərdi. Sifarişli aksiyanın iştirakçıları mərhum İmam Xomeyni və Cənab Rəhbərin təhqiramiz səpkili şəkillərini götürmüşdülər. Paşazadənin nümayəndəsinin isə İran əleyhinə müsahibəsi Bakı televiziyasında yayımlandı.
Cənab Paşazadənin Azərbaycan Respublikasında dindar məhbuslara biganəliyi onun dini kimliyini göstərən başqa faktordur. Azərbaycanda siyasi məhbusların üçdə ikisi dindarlardır. İslam Partiyasının sədri doktor Mövsüm Səmədov məktəblərdə hicab qadağasına qarşı 12 dəqiqəlik çıxışına görə 12 il azadlıqdan məhrum edildi. Səmədov ötən 6 ildə həbsxanada ardıcıl işgəncələrə məruz qalıb. Azərbaycanlı ruhani Hacı Sərdar Hacıhəsənli (Babayev) Qum Elm Hövzəsində təhsil aldığı və Masallı rayonunda cümə namazı qıldığı üçün 3 il azadlıqdan məhrum edildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri hələ də bu hadisələrə münasibət bildirməyib, onların azadlığı üçün heç bir təsirli addım atmayıb.
Dini sahədə Paşazadənin diqqəti çəkən işlərindən biri dini münasibətlərdən və dəyərli dini şəxsiyyətlərdən Azərbaycan hökumətinin məqsədləri yolunda sui-istifadə etməsidir. Paşazadə ötən illərdə Fatimiyyə günləri mərasimlərində prezident və onun xanımını tərifləməklə məşğul olub. Cənab Paşazadə onları İslam xidmətçisi adlandıraraq ən ifrat təşbehlərdən belə çəkinməyib.
Paşazadə İran İslam Respublikasının Bakıda çalışan siyasi və dini şəxsiyyətləri ilə səmimi münasibət qurmaqla onların mənəvi və təsirli dəstəklərinin qarşısını alıb. Paşazadənin “hədiyyə diplomatiyasında” böyük məharəti var. O, şahsayağı ziyafətlər qurmaqla yuxarıdakı məqsədləri izləyir. Rəsmi Bakı İranın siyasət, mədəniyyət və din sahəsindəki nümayəndələrinin ən adi fəaliyyətlərinə Paşazadənin xeyir-duası ilə icazə verir. Beləcə iranlı nümayəndələr Paşazadəyə borclu qalmış olur!
Bəli, cənab Paşazadənin yuxarıdakı xüsusiyyətlərlə yanaşı Aşura günü qan vermək, dini kitabların nəşrinə dəstək olmaq kimi xeyirli işləri də var!!
Son söz:
Yuxarıdakı nöqtələri nəzərdən keçirdikdən sonra düşünürsən ki, bir qəzetdə Paşazadəyə qarşı tənqidə dözümsüzlük göstərən, Paşazadəni təmizə çıxarmaq üçün hər yola əl atan İran-Azərbaycan Dostluq Cəmiyyəti nə üçün ötən illərdə İslam və İrana qarşı təxribatlara münasibətdə seyrçi mövqe tutub? Bu cəmiyyət gerçəkdən İran-Azərbaycan dostluğuna, yoxsa cənab Paşazadəyə xidmət edir?! Əgər bu dostluq cəmiyyəti ictimai-siyasi, dini məsələlərə müdaxiləni rəva bilirsə, nə üçün bu günə qədər iki il bundan öncə başlamış və bu gün də məhkəmədə ruhanilərin şərlənməsi ilə davam edən Nardaran prosesinə münasibət bildirməyib?! Bu gün də Nardaranın daxilində Daxili Qoşunlarının postları keşik çəkir. Bu prosesdə dəfələrlə İran İslam Respublikası aşağılanmışdır. Dostluq Cəmiyyəti isə bir dəfə olsun münasibət açıqlamır. Bu cəmiyyətin bəzi üzvləri İran İslam Respublikasının diplomatik nümayəndəliyində nufuzları hesabına cəmiyyətin adından iqtisadi maraqları üçün sui-istifadə edir. İranın Azərbaycandakı siyasi və mədəni nümayəndəliklərindən dostluq cəmiyyətinə yeni qatılanlar var. Onlara tövsiyə edilir ki, İran İslam Respublikasının strateji mənafelərini hər şeydən üstün tutsunlar. Bu cəmiyyət qeyri-dövlət təşkilatı olaraq dərin tarixi, dini, mədəni müştərəklikləri olan İran və Azərbaycan xalqlarının dostluğunu gücləndirmək üçün çalışmalıdır. Bu günə qədər həmin cəmiyyət bu istiqamətdə addım atmayıb. İran-Azərbaycan Dostluq Cəmiyyətindən gözlənti budur ki, prioritetləri düzgün anlayıb Azərbaycan dindarlarında İran İslam Respublikası və Cənab Rəhbərə münasibətdə etimadsızlıq yaratmağa son qoysun, öz vəzifələrini yerinə yetirsin. Təbii ki, yuxarı təşkilatlar belə cəmiyyətlərin iqtisadi və mədəni fəaliyyətlərinə əvvəlkindən daha artıq nəzarət etməlidir./qafqaz.ir/az/

Mustafa Mürtəzəvi
Source : Nur.az.com
Related Stories
Comment