0
Thursday 23 November 2017 - 22:11

Xalq, ordu, partiya – Muqaben məgər diktator idi?

Story Code : 685352
Xalq, ordu, partiya – Muqaben məgər diktator idi?
Bir də arvad yaddan çıxmamalıdır

Bir gün bir kişi qırx il ibadət edəndən sonra Allah-Təala şeytanı ona xatir həbs edib bir balaca bankanın içinə salır. Kişi bankanı evə gətirib arvadına verir. Arvad deyir: bu nədir ay kişi? Kişi deyir ki, bu şeytandır. Allah onu mənim 40 illik ibadətimdən sonra həbs edib bu bankanın içinə salır. Kişi gedəndən sonra arvad təəccüb edir. Deyir yox ki, yox, açıb bu bankanın içinə baxmalıyam. Açan kimi şeytan çıxır bankadan. Arvada çox təşəkkür edir. Arvad görür ki, heç də yaxşı iş etməyib. Deyir sən kimsən və bu bankanın içində nə edirdin? Şeytan deyir ərin 40 il ibadət elədi, Allah məni onun məhbusu edib bu bankanın içinə saldı. Arvad işləri korladığı anlayır və istəyir ki, şeytanı bir yolla aldadıb yenidən bankanın içinə salsın. Deyir yox mən inanmıram. Sən böyüklükdə vücud bu balaca bankaya girə bilər? Şeytan deyir bəli girə bilər. Arvad o qədər danışır ki, şeytan bezir. Deyir dayan girim bu bakanın içinə və sübut edim ki, bunun içinə yerləşirəm. Şeytan bankanın içinə girən kimi arvad bankanın qapağını bağlayıb deyir ki, ərimin 40 ilə bacardığı işi mən bir anın içində bacardım. Şeytan da bankadan Allaha münacat edib deyir ki, ilahi bu cür arvadlar varkən məni niyə xəlq etmisən?

Əstəğfirullah!

Zimbabvenin lideri devrilib. Görəsən doğrudanmı devrilib. Dəxli olan da olmayan da sevinir. Lap tutaq ki, zimbabvelilər sevinir, bayram edir, qurbanlar kəsir, bəs görəsən məsələn Milli Şuranın sədri Cəmil Həsənli niyə sevinir? Çünki o inanır ki, dünyada nə qədər diktator az olsa dünya o qədər xoşbəxt yaşayar. Bəs görəsən həqiqətdə Muqaben diktator idi?
Hakimiyyətdəki ilinə baxanda görürsən ki, insafən bir diktator üçün 37 il nədir ki? Bir insanın diktator olması üçün 37 il kifayətdirmi? Yox a kişi! Məsələn Cəmil Həsənlinin bəyənmədiyi və diktator hesab etdiyi İlham Əliyevin hakimiyyətini Heydər Əliyevin müstəqillik zamanındakı on illik və sovet zamanındakı hakimiyyətini üst-üstə gəlsək təqribən qırx ildən çox edir. Ola bilər Zahid Oruc düşüncəsində olan insanlar desin ki, İlham Əliyev cəmisi 14 ildir prezidentdir. Olsun, amma Cəmil Həsənlinin bu məqamda cavabı gecikməz. O da qayıdıb deyər ki, İlham Əliyev Heydər Əliyevin siyasi kursunun davamçısıdır. Elə iki nəfər olsalar da mahiyyət etibarilə bir nəfərdir. Cəmil Həsənli Heydər Əliyev zamanında belə şeylərə etiqadlı deyildisə də ki, xalqın gözü o vaxtdan tərəzi idi.
Amma mən bilirəm Cəmil Həsənli niyə sevinir. Ümumi olaraq qeyd etdik. Amma bu ümumi qeyd təkcə Cəmil Həsənliyə aid deyil. Elə bütün diktaturadan əziyyət çəkənlərə aiddir. Amma Cəmil Həsənlini narahat edən arvad məsələsidir. Axı, onun rəqibi olan İlham Əliyev də öz həyat yoldaşını hakimiyyətə gətirib. Özündən sonra ölkənin birinci postunu ona həvalə edib. Amma zimbabvelilər diktator xanımının yüksək kürsü tutmasına dözə bilmədilər, amma Azərbaycan xalqı dözür. Heydər Əliyev demişkən, Azərbaycan xalqı dözümlü xalqdır.
Muqabenin diktator olub – olmaması məsələsinə qayıdıram. Hər dəfə susmaq, yaxud yaltaqlıq etmək üçün parlamentdə kürsü alan insanlar Azərbaycanı müqayisə edərkən Amerika ilə müqayisə etməyə çalışırlar. Deyirsən ay kişi, Azərbaycan diktatorluqda, geriləmədə hətta Zimbabveni də vurub keçib. Deyirlər bu erməni təxribatıdır. Amma görünür Muqaben baba (elə babam yaşdadır) sübut etdi ki, erməni təxribatı deyil.
Muqaben haqqında deyirlər diktatordur. Amma görəsən hansı diktator istefa verib gedir. Məsələn, son dövrün diktatorları olan Rza şah güya xaricdə "şellənmək" üçün ökədən çıxdı. O çıxan çıxdı. Bir daha geri dönmədi. Səddam, Qəzzafi, Hüsnü Mübarək kimi diktatorların hansı birisi öz könül xoşluğu ilə istefa verib. Doğrudur, Muqaben xalqın qara qaşına gözünə aşiq olub istefa verməyib. Burada əsas üç məsələ unudulmamalıdır. Arvad məsələsindən əlavə.
Biri xalq amilidir. Xalq dözmədi. Amma Azərbaycan xalqı dözümlü xalqdır. İkincisi ordudur. Ordu gərək siyasətə qarışmasın. Lazım gələndə Mursinin qulağından tutub bayıra atan kimi ölkə başçısının qulağından tutub atsın onu bayıra. Üşüncüsü isə partiyadır. Muqabeni istefa verməyə partiyadaşları vadar edib. Deyiblər biz kişiyik, arvadlar qoy gedib evdə xəmir yoğurmaqla məşğul olsunlar. Arvadı gətirib kişilərə ağa eləmək nə olan şeydir?
Əlbəttə, bu sözlər bizə aid deyil ha. Zimbabvedə ola bilər arvadın evdən çölə çıxmasına pis baxsınlar. Amma Azərbaycanda vəziyyət tamam başqadır. O qədimdə ki, arvad evdən çölə çıxa bilməzdi. Çadraya bürünüb iffətinə sahib olardı. İndi isə arvad çölə də çıxır, lap yeri gələndə vəzifəyə də gəlir. Xüsusən də evdə söz sahibi, yəni evin ağası arvad olandan sonra dövlətin ağası da onun əlində oyuncaq olur.
Lətifə də olsa maraqlı və ibrətamiz lətifədir. Deyir bir gün qüdrətli hökmdarların birinin arvadı ondan soruşur ki, sən güclüsən, yoxsa mən? Kişi deyir arvad, məzələnmə, əlbəttə mən güclüyəm. O boyda qüdrətli imperiyanı barmağımda fırladıram. Sən get xəmirini yoğur. Arvadın nə dediyi isə artıq sizə məlum oldu. Day yazmıram. Yaxşı, məlum olmayanlar üçün yazım ki, bilsinlər. Arvad da şaha deyir ki, yox, mən səndən güclüyəm. Çünki bütün imperiyanı barmağına dolayan sən olsan da, səni də mən barmağıma dolamışam. Bəli, burada deyirlər ki, arvadın yıxa bilmədiyi ev yoxdur. Yazıq qoca diktator 37 il idi ki, kef edirdi. Arvadı onun qılığına girən kimi hər şey çıxdı əldən. Hər şey əldən çıxanda isə yuxarıdakı lətifədəki kimi zirək arvad olmalıdır ki, bankadan çıxan şeytana bankaya salmağı bacardığı kimi əldən çıxan səltənəti də qaytarıb yerinə qoysun. Ona görə də belə hallarda arvaddan ehtiyat eləmək lazımdır. Bu arvaddı ha, kişi kimi mübarizə apara bilmir.
Source : Nur.az.com
Comment