0
Friday 23 November 2012 - 20:40

İmam Hüseyn (ə) qiyamı siyasi sosiologiya aspektindən

Story Code : 214646
İmam Hüseyn (ə) qiyamı siyasi sosiologiya aspektindən
Sosiologiya keçmişdə, hazırda və gələcəkdə baş vermiş və ya verəcək ictimai təbəddülatlara kənardan baxışdır. Siyasi sosiologiya güclər səviyyəsinə də nəzər salır. İqtidar və xalq quruluşları arasında münasibətlərin elmi formullar əsasında araşdırılması siyasi sosiologiyanın işidir.

Bu məqalədə İmam Hüseyn (ə) qiyamı ilə bağlı üç sual xülasə şəkildə cavablandırılır. Birinci sual budur ki, hansı hadisə Kərbəla qiyamına səbəb oldu? İkincisi, İmam Hüseyn (ə) hansı ideyalarla cəmiyyətə müraciət etdi? Üçüncü İmam Hüseyn (ə) qiyamı hansı prinsiplərlə zaman və məkanla məhdudlaşmadı? Bu üç sualı siyasi sosiologiya baxımından araşdıracağıq:

1. Cəmiyyətin hərəkatının təşkilatlanması: Peyğəmbərin (s) vəfatından çox keçməmişdi ki, ərəb cəmiyyəti yenidən cahil həyatına qayıtdı. Həzrət Peyğəmbər (s) qəbilə münasibətləri, müharibə qəniməti, xürafat, cahiliyyət əvəzinə təqva və dini etiqad ideyalarını gətirmişdi. Bu ideyalar cahil ərəbləri yeni mədəniyyət mərhələsinə keçirdi. Peyğəmbər (s) ərəblərə müşavirə, şura, beyət, düşüncə həssaslıq kimi dəyərləri töhfə verdi.

Peyğəmbərin (s) vəfatından sonra onun yaratdığı hərəkat formal xarakter aldı. Həyat tərzi dəyişdi, qəbilə imtiyazları gücləndi. Yenidən maddi sərvətlərin və qənimətin bölüşdürülməsindən dolayı qarşıdurmalar yarandı. Peyğəmbərin (s) səhabələri vəzifə üstündə çəkişməyə getdilər. Cəmiyyət Peyğəmbərin (s) ideyalarını alt-üst etdi.

Bu proses Raşidin xəlifələrinə qədər aram sürətdə idi. Həzrət Əli (ə) azadlıq və İslami düşüncə prinsiplərini cəmiyyətə qaytarmaq üçün çox çalışdı. Amma İslam təlimlərini transformasiya etmiş səhabələr qarşısında uğur qazana bilmədi. Bərabərlik, beytül-malın ədalətlə bölünməsi, vəzifəyə təqva əsasında təyinat bir arzu olaraq qaldı.

Həzrət Əlidən (ə) sonra cəmiyyətin dəyişməsi prosesi sürətləndi. Müaviyə və oğlu Yezidin hakimiyyətə gəlişi ilə səltənət, dəbdəbə, kübarlıq geri qayıtdı.

2. Cəmiyyətin oyanışında problemlər: Cəmiyyət alət rolu dayışan insan toplumuna çevrildi. Peyğəmbərin (s) gətirdiyi kəramət və düşüncədən əsər-əlamət qalmadı. İmam Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra sükut yolunu seçmişdisə də Bəni-Üməyyənin hakimiyyətə gəlişi, Müaviyənin ölümü, Yezidin taxta çıxması vəziyyəti dəyişdi. Artıq riyakarlıq da yox idi. Peyğəmbərin (s) bütün prinsipləri xalqa qarşı yönəldilmişdi. Özünü Allahın xəlifəsi sayan Bəni-Üməyyə padşahları cəmiyyəti dəyişir, hər işə müdaxilə edirdilər. Vergilər artırılır, qulam və kəniz olaraq kişilər və qadınlar istismar edilir, qüdrət və şəhvət amala çevrilirdi. Xalq açıq-aşkar təhqir edilirdi. Xalq imam Hüseynə (ə) sığınmaq istəsə də Bəni-Üməyyədən qorxurdu.

Nəhayət İmam Hüseynə (ə) məktub yazdılar ki, səni rəhbərimiz sayırıq. Bəni-Üməyyə bütün yolları bağladı, bu hərəkatın fəallarını həbs edib qətlə yetirdi. İmam Hüseyndən (ə) Yezidə beyət etməsi tələb olundu. Şübhəsiz İmam Hüseyn (ə) belə bir həqarəti qəbul edə biməzdi. O əqidəsinə sadiq qalaraq zülm və küfrə qarşı çıxdı. Onun məqsədi cəmiyyəti oyatmaq idi. İmam (ə) müsəlmanları ayağa qaldırmaq, onların azadlığını geri qaytarmaq istəyirdi.

3. Bəni-Üməyyə ideologiyasının süqutu: İmam Hüseyn (ə) zahiri baxımdan məğlub oldu. Onun ətrafının mövcud sistemlə mübarizə aparmaq gücü yox idi. Amma İmam (ə) iki yadigar qoydu. O zamandan 21-ci əsrədək dünyanın bütün azadlıqsevər insanları üçün İmam Hüseyn (ə) ideala çevrildi. İmam Hüseyn (ə) öz dövrünün insanlarına müraciət etmişdi: “Dininiz yoxdursa, azadlığınız olsun.” İmamın (ə) bu çağırışı bütün dövrlər üçün mənəviyyat insanlarına xəbərdarlıq idi.

Digər tərəfdən İmam Hüseyn (ə) öz dövründəki insanları oyatdı onlara göstərdi ki, azadlıqlarını itirdikləri zaman iqtidar onlardan sui-istifadə edəcək. İmam Hüseyn (ə) Bəni-Üməyyə ideologiyasına təslim olmadı. O öz çağırışı ilə bütün yer üzünün azadlıq hərəkatlarına təsir göstərdi.
Comment