0
Saturday 7 September 2013 - 17:42

Suriyaya qarşı müharibə tərəfdarları cəbhəsi çökür

Story Code : 299266
Suriyaya qarşı müharibə tərəfdarları cəbhəsi çökür
Bu gün məntəqə dövlətləri və siyasi partiyalar iki qrupa bölünüb, - Suriyaya qarşı müharibəni dəstəkləyənlər və ona qarşı çıxanlar. Bir tərəfdə İran, Rusiya və onlarla müttəfiq ölkələr, digər tərəfdə isə Səudiyyə Ərəbistanı, Türkiyə və Suriya əleyhinə olan müttəfiqləri dayanıb.

Son iki həftə ərzində bu iki qrupun bəyanatlarına nəzər saldıqda görürük ki, böhranın şiddətləndiyi bir zamanda müharibə tərəfdarları cəbhəsində ciddi ixtilaflar yaranıb, əksinə müharibəyə qarşı olan cəbhədə birlik daha da möhkəmlənib.

Müqavimət cərəyanları Tehranla bir olduqlarını və Amerikanın istənilən addımı qarşısında Suriyanı dəstəkləyəcəklərini açıqlayıblar. Onlar son həftələrdəki bütün bəynatlarında bildiriblər ki, Suriyaya hücum bütün məntəqənin müharibə alovunda yanmasına səbəb olacaq.

Əsas anti-İsrail qüvvələrdən hesab edilən “HƏMAS” ABŞ-ın təhdidləri gündəmdə olan bir vaxt Dəməşqlə keçmişdə yaşanmış problemlərinə baxmayaraq bildirdi ki, bütün İslam ümməti ayağa qalxmalıdır və Suriyanı ABŞ-ın hücumlarından qorumalıdır.

“Fələstinin Azadlığı Üçün Xalq Cəbhəsi” təşkilatı da Suriyaya hücumu Müqavimət əsaslarına yönəlmiş birbaşa hücum kimi dəyərləndirdi. Təşkilatın rəhbəri Əhməd Cəbrayıl təkidlə vurğulayıb ki, Suriyaya hücum həyata keçirilərsə, təcavüzkarların həssas nöqtələrdəki mərkəzlərinə zərbələr endirəcəyik.

Qəzzada yerləşən “Fələstin İslami Cihad” təşkilatı da yaydığı bəyanatda ABŞ-ın Suriya əleyhinə artan təhdidlərini məhkum edib və bildirib: “Fələstin xalqı qardaş Suriya xalqının yanında olacaq və biz bu ölkənin daxili işlərinə hər hansı bir xarici müdaxiləyə qarşıyıq.”

“Əl-Əqsa Şəhidləri batalyonu” (“Fəth” hərəkatının qanadlarından biri) da bildirib ki, ABŞ-ın Suriyaya hücum planı əslində İsrailin təhlükəsizliyinin təmini üçündür və bu hücum bütün məntəqədə müharibəyə səbəb ola bilər.

Livan Müqavimətinin rəhbərləri – Livan parlamentinin üzvlərindən biri deyib: “Biz Livanda Suriyaya hücumdan amanda deyilik. Bunun üçün Müqavimət hadisələri kənardan izləməyəcək.

“Müqavimətə vəfadarlıq bloku”nun bəyanatında deyilir: “ABŞ-ın Suriyaya hər hansı hərbi müdaxiləsi təşkilatlandırılmış terrorizmdir və beynəlxalq müstəvidə, məntəqədə sülhün, təhlükəsizliyin açıq şəkildə hədələnməsidir.”

İraqdakı müqavimət qrupları da ABŞ-la müharibədə Suriya dövlətinin yanında olmağa hazır olduqlarını bildiriblər.

Amma qarşı tərəfdə Səudiyyə Ərəbistanı öz dostlarını Suriya əleyhinə səfərbər etmək üçün bütün gücü ilə çalışsa da buna nail olmadı. Ekspertlər düşünür ki, Türkiyə-Ərəbistan cəbhəsində olan dövlətlərin Suriya ilə müharibədə iştirak etməyə meylləri yoxdur.

Hətta Səudiyyə Ərəbistanı tərəfindən hər cür maliyyə dəstəyi alan yeni Misir hakimiyyəti belə Suriyaya hərbi müdaxiləni rədd etdi və bildirdi ki, bu hücum baş verərsə ona qatılmayacaqlar. Misir xarici işlər naziri Nəbil Fəhmi ABŞ-ın təhididləri zirvə həddinə çatdığı bir zaman uyğun açıqlama ilə çıxış etdi və ölkəsinin Suriyaya qarşı müharibədə iştirak etməyəcəyini açıq şəkildə dilə gətirdi.

İordaniya da rəsmi Riyazla sıx siyasi həmkarlığının olmasına baxmayaraq elan etdi ki, Dəməşqə qarşı müharibə birliyinə qoşulmağa hazır deyil. Bu ölkə rəsmiləri İordaniyanın Suriyaya hücum üçün bazaya çevrilməyəcəyini söylədilər. Səudiyyə Ərəbistanı isə bu ölkəni razı salmaq üçün 3 milyard dollarlıq kredit təklif edib və sabiq borclardan 16 milyard dolların silinəcəyini bildirib.

Məntəqənin digər ölkələri də Suriyaya hücum planının önündə gedən Türkiyə və Səudiyyə Ərəbistanı ilə yoldaşlıqdan boyun qaçırıb. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveyt kimi ölkələr sadəcə dildə Suriyanı məhkum etməklə kifayətləniblər. Əlcəzair, Tunis, Mərakeş isə bitərəf olduqlarını dilə gətiriblər. Beləliklə hazırda məntəqədə Suriyaya qarşı əməliyyatlara qoşulmağa hazır olan ölkələr arasında yalnız İsrail, Səudiyyə Ərəbistanı və Türkiyənin adını görmək mümkündür.

Bəlkə də elə bu amil səbəb oldu ki, ABŞ prezidenti Barak Obama Suriyaya hücum qərarını konqresin öhdəsinə qoysun. Çünki mövcud hadisələr göstərir ki, Suriyaya qarşı müharibə tərəfdarları cəbhəsi günü-gündən zəifləyir və birlik aradan qalxıb. Bu şəraitdə isə Suriyaya qarşı hücumun necə nəticələnə biləcəyi ilə bağlı ciddi şübhələr ortaya çıxır!
Comment