0
Thursday 22 July 2010 - 07:10

Milli Mətbuat günü

Story Code : 31810
Milli Mətbuat günü
Milli Mətbuat günü
“Azadlığ”ın qəzetinin əməkdaşı Aytən Məmmədova deyir ki , ilk növbədə dövlət strukturları inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi, mətbuatda gedən yazılara həssaslıqla yanaşmalıdırlar:

«Bu gün Azərbaycan mətbuatında bir neçə müstəqil qəzet var. Onlar cinayət işinin başlanmasına səbəb ola biləcək kifayət qədər faktlar aşkarlayıb ortaya çıxarırlar. Məmur özbaşınalığından yetərincə məqalələr dərc edirlər. Amma bunlara heç bir diqqət yetirilmir. Bu da o deməkdir ki, mətbuat bu gün Azərbaycan cəmiyyətinin həyatında rol oynamaq istəsə də, buna nail ola bilmir. Bəziləri bunu mətbuatın zəifliyi kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bu dövlət strukturlarının mətbuata hörmətsizliyinin göstəricisidir».

«Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, eləcə də gənc bloqçular Emin Milli və Adnan Hacızadə fikirlərinə görə həbs edilirlərsə, söz azadlığına basqı nümunəsi olan digər çoxsaylı faktlar varsa, mətbuatın durumunun nə yerdə olduğunu anlamaq çətin deyil.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə deyir ki, mətbuat günü təkcə bayram yox, həm də bir hesabat günüdür. Qənimət Zahid indi Azərbaycan mətbuatında nə qədər adamın mütərəqqi fikirləri daşıdığını, bölüşdüyünü və daha mütərəqqiyə doğru can atdığını bilmir. Və düşünür ki, əslində bu istiqamətdə obyektiv bir hesabat aparılsa, vəziyyət ürəkaçan olmaz.

Baş redaktorun sözlərinə görə, digər tərəfdən Azərbaycan mətbuatını yarandığı dövrlə müqayisə edəndə, indi də ciddi bir dəyişiklik yoxdur. Zərdabinin dövründə də mətbəə kiminsə monopoliyasında idi, indi də. Onda da qəzetlər kəndlərdə əllə paylanırdı, indi də. Və nəhayət, onda da qəzetdəki məqalə əyalətdə hansısa məmurun xoşuna gəlməyəndə onun tirajını müsadirə edirdi, indi də. Halbuki, bu məsələlərdə vəziyyət sovet dövründə indikindən daha yaxşı olub.

Media Hüquqları İnstitutu iyulun 20-də Azərbaycanda medianın hüquqi durumu ilə bağlı yarımillik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, 2010-cu ilin birinci yarısında məmurlar, ictimai fiqurlar tənqidi mövqeyi ilə seçilən qəzetlərə qarşı xüsusi ittiham qaydasında 26 məhkəmə davası açıblar. Tənqidçi media nümayəndələri olan 29 jurnalistə ağır cəza verilməsi tələb edilib. Jurnalistlərə 14 dəfə cinayət cəzası verilib. Ötən 6 ayda əsasən tənqidçi media nümayəndələri ümumilikdə 57 dəfə fiziki basqıya məruz qalıblar.

Hesabatda hazırda üç jurnalistin həbsxanada cəza çəkməsi də xatırladılır.
Comment