0
Monday 13 September 2010 - 10:45

Elmar “İfadə azadlığı”na layiq görüldü

Story Code : 36940
Elmar “İfadə azadlığı”na layiq görüldü
Elmar “İfadə azadlığı”na layiq görüldü
Konfransda media nümayəndələri, partiya sədrləri, xarici təşkilatların nümayəndələri iştirak edirdilər. Tədbirə hökumət nümayəndələri dəvət olunsalar da onların yerləri boş qalmışdı. Yalnız millət vəkili Gültəkin Hacıbəyli forumda göründü… və göründüyü kimi də tezliklə görünməz oldu.
Öncə Arif Əliyev qonaqlara forum haqqında məlumat verərək tədbiri açıq elan etdi.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı cəmiyyət üçün söz və ifadə azadlığının önəmindən danışdı. Foruma dəvət olunanlardan bəzilərinin gəlmədiyinə təssüfləndiyini bildirdi.
Daha sonra bir sıra beynəlxalq jurnalist təşkilatlarının rəhbərləri forum iştirakçılarına video-təbriklərini çatdırdılar.
Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı son illərdə jurnalistlərə qarşı təzyiqlərin, məhkəmə çəkişmələrinin statistikasıyla tədbir iştirakçılarını tanış etdi. O vurğuladı ki, 2010-cu il də belə təzyiqlərdən və məhkəmələrdən heç də kasad olmayıb. Məsələn, son 6 ay ərzində jurnalistlər peşə borclarını yerinə yetirərkən 57 dəfə fiziki təzyiqlərlə üzləşiblər. Son aylarda müxalifətin siyasi aktivliyinin yüksəlməsi nəticəsində jurnalistlərə qarşı təzyiqlər də artıb. Rəşid Hacılı xüsusən də Naxçıvan bölgəsində jurnalistlərin fəaliyyətinin çox çətin olduğunu forum iştirakçılarının diqqətinə çatdırdı.
Hüquqşünas Erkin Qədirli isə dedi ki, medianın zəifliyi cəmiyyətdə bir çox sahələrə təsir edir. Məsələn, parlament seçkilərinə 2 aydan az vaxt qalsa da seçki ab-havası duyulmur.
AXCP sədri Əli Kərimli isə Azərbaycanda söz və fikir azadlığının pozulmasını birbaşa mövcud hakimiyyətlə əlaqələndirdi: “Bu hakimiyyət 2005-ci il seçkilərindən sonra məqsədyönlü şəkildə Azərbaycanda müstəqil medianı məhv etmək, söz azadlığını, toplaşmaq azadlığını boğmaqla məşğuldur”. Ancaq Əli Kərimli eyni zamanda bu məsələyə optimist yanaşdığını, yeni alternativ medianın – Internetin qarşısında bu hakimiyyətin aciz duruma düşdüyünü qeyd etdi.
Daha sonra konfransda media ekspertləri Zeynal Məmmədli, Qulu Məhərrəmli, “Turan” agentliyinin rəhbəri Mehman Əliyev, “Artikl-19″ təşkilatının rəhbəri Adnes Kolomart, ”Sərhədsiz Reportyorlar” təşkilatının yeni media departamentinin rəhbəri Lusi Morion və başqaları çıxış etdilər.
Forumda çıxış edən Zərdüşt Əlizadə bildirdi ki, 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynov “Ifadə azadlığı” mükafatına layiq görülüb. Onun sözlərinə görə, 1000 ABŞ dolları həcmində pul mükafatı mərhum jurnalistin Norveçdə yaşayan həyat yoldaşı Ruşaniyyə Hüseynovaya göndəriləcək.
Tədbirin sonunda forum iştirakçıları 15 təklifdən ibarət sənəd qəbul etdilər. Təkliflərdə böhtana və təhqirə görə cinayət məsuliyyətinin aradan qaldırılması tövsiyə olunur, jurnalist Eynulla Fətullayevin və bloqçular Adnan Hacızadə ilə Emin Millinin azadlığa buraxılması istənilir. Azərbaycan prezidenti Ilham Əliyevə müraciətdə də həbsdə olan bu şəxslərin azadlığa buraxılması xahiş edilir.
Forumun yekunlarına həsr olunmuş mətbuat konfransında beynəlxalq media və insan hüquqları qurumlarının nümayəndələri Azərbaycanda olduqları üç gündə hökumət nümayəndələri və media təşkilatları ilə keçirdikləri görüşlərdən danışdılar. Missiya nümayəndələri Azərbaycanda söz azadlığına təzyiqlərin olduğunu dedilər və bildirdilər ki, mövcud vəziyyət jurnalistləri daxili senzuraya vadar edir. Onlar Azərbaycanda internet mediasının problemlərinə toxunaraq dövlətin internetin həm sürətinə, həm də qiymətinə yenidən baxmalı olduğunu vurğuladılar.
/Elmin – Azpress/
Comment