0
Monday 11 October 2010 - 07:01

Azərbaycan ilə İran arasında hərbi və təhlükəsizlik münasibətləri

Story Code : 39864
Azərbaycan ilə İran arasında hərbi və təhlükəsizlik münasibətləri
Azərbaycan ilə İran arasında hərbi və təhlükəsizlik münasibətləri
Trend-in Fars redaksiyasının İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əhməd Vəhidi ilə oktyabrın 11-də Azərbaycana səfəri öncəsi müsahibəsi
- Azərbaycan və İran arasında hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın səviyyəsini necə dəyərləndirirsiniz? İki ölkə arasında bu əməkdaşlığın gələcək perspektivini necə görürsünüz?
- İran və Azərbaycan arasında tarixi, mədəni və dini baxımdan çox yaxın bağlılıq var və bu, iki ölkə arasında bütün sahələrdə əlaqələrin yaxşı səviyyədə olmasına zəmin yaradır. Əlaqələr hərbi və təhlükəsizlik sahəsində də yüksək səviyyədədir. İki ölkə rəhbərlərinin münasibətlərin inkişaf etdirilməsində iradəsi əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini göstərir.
- Azərbaycan və İran indiyədək təhlükəsizlik sahəsində üç əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu müqavilələr hansı səviyyədə icra olunub və iki ölkə arasında hansı nailiyyətlərə səbəb olub? Sizin Azərbaycana səfəriniz zamanı nə kimi məsələlər müzakirə olunacaq və yeni müqavilələr imzalanacaqmı?
- Əldə olunmuş razılaşmalar icra olunub və hər iki tərəf razı qalıb. Bu müqavilələrin iki ölkə üçün müsbət nəticələri olub. Bu müqavilələr regionda sülh və sabitliyin yaranmasında böyük rol oynaya bilər. Azərbaycana səfər zamanı dost və qardaş ölkə olan Azərbaycanın siyasi və hərbi rəsmiləri ilə müzakirələrimiz olacaq. Ümid edirəm ki, bu səfər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsini sürətləndirəcək.

- Rusiya S-300 zenit-raket müdafiə komplekslərinin İrana təhvil verilməsindən imtina edib. İran elan edib ki, S-300 müdafiə kompleksinə oxşar sistemi özü istehsal edə bilər. Bu sahədə hansısa işlər görmüsünüzmü və ya hansı nailiyyətlər əldə etmisiniz?
- S-300 zenit-raket müdafiə kompleksləri haqqında Rusiya ilə imzalanmış müqavilə beynəlxalq öhdəliklər və qanunlarla heç bir ziddiyyət təşkil etmir. Bu məsələ iki ölkə arasında imzalanmış müqavilənin mətnində açıq şəkildə qeyd olunub. Digər tərəfdən, Rusiya S-300 müdafiə sistemini BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsindən iki il əvvəl İrana təhvil verməli idi. Eləcə də BMT TŞ-nin sonuncu qətnaməsində də zenit-raket kompleksləri ilə bağlı heç bir qeyd yoxdur. İnanırıq ki, region ölkələri tərəfindən öhdəliklərin yerinə yetirilməsi müştərək mənafe və hədəflərə çatmağa, möhkəm təhlükəsizlik bağlılığı yaratmağa və qarşılıqlı inamı gücləndirməyə zəmin yaradacaq. Biz heç vaxt istəmərik ki, bu kimi hərəkətlər İran xalqının tarixi yaddaşında qara bir ləkə kimi qalsın.
Əvvəlcə də bildirmişəm ki, İran İslam Respublikası Müdafiə Nazirliyinin təcrübəli mütəxəssisləri uzaqməsafəli zenit-raket müdafiə sisteminin istehsalı üzərində işləyirlər. Bundan əvvəl də sübuta yetirilib ki, müdafiə sahəsində İranlı mütəxəssislər müstəqil işləmək bacarığına malikdirlər.
- Sizin Xəzər dənizinin hərbiləşdirilməsi və bu dənizin təhlükəsizliyinin təmin olunmasına münasibətiniz necədir?
- İran İslam Respublikası Xəzər dənizini sülh və dostluq dənizi bilir. Bu həqiqətin başa düşülməsi və bu fikrin inkişaf etdirilməsi region ölkələrinin mənafeyinin daha çox təmin edilməsinə, daimi sülhün yaranmasına və hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə səbəb ola bilər.
Bunu Xəzəryanı ölkələrin imzaladığı birgə müqavilələr çərçivəsində, ədalət prinsipi ilə razılaşma və regionda baş verən əhəmiyyətli mövzularla bağlı qarşılıqlı əməkdaşlıqla etmək olar. Təbii ki, bütün bu sadalananların baş verməsi Xəzər regionunda hərbiləşmənin qarşısını alan ən əsas amillərdən biri olacaq və Xəzərdə sabitliyə səbəb olacaq.
- Bəzi Qərb KİV-ləri İranın hərbi nailiyyətlərini Yaxın Şərqdə təhlükə amili və silahlanma yarışı kimi qələmə verirlər. Bu barədə nə deyə bilərsiniz?

- Qərb ölkələri çalışırlar ki, sabiliyin pozulması bəhanəsi ilə regionda özlərinin "xaos yaradan" imiclərini digər ölkələrə ötürsünlər. Regionda "İran qorxusu", "Şiə qorxusu" və "İslam qorxusu" adı ilə islamofobiya siyasətini yürüdürlər. Bu kimi fikirlərin səslənməsini də bu siyasətin davamı kimi dəyərləndirmək olar. Müdafiə sənayesi texnologiyalarının istehsalında İran İslam Respublikasının müdafiə doktrinası "aktiv qabaqlama" və "yeni və fəal müdafiə" əsasındadır. Bu baxımdan biz öz müdafə gücümüzün islam dünyası ilə birlikdə və regionda davamlı sülh və əsaslı sabitliyin xidmətində olduğunu bilirik. İran İnqilabından sonra 32 illik təcrübə göstərib ki, bizim ölkə regionda heç bir ölkə üçün rəqib və təhlükə deyil.
Qərb ölkələrinin təbliğat xarakterli siyasəti ABŞ və İsrailin "vahimə yaratmaq" strategiyasına uyğun həyata keçirilir. Hegemon ölkələr və onların siyasətini yayımlayan KİV-lər region ölkələri və xalqlarının təbii sərvətlərini öz mənafeləri uğrunda qarət etmək məqsədi ilə bu strategiyanı icra edirlər. Onlar çalışırlar ki, "İran qorxusu" "layihə"sini icra etməklə özlərinin regionda silahlanma yarışı və iştiraklarına bəraət qazandırsınlar. Onlar region xalqlarının sərvət və sərmayəsi ilə öz silah istehsalı zavodlarını və şirkətlərini iflasa uğramaqdan qoruyurlar. Həmin ölkələr regionun müsəlman ölkələri arasında ixtilaf yaratmaqla, islam dünyası üçün əsas təhlükə olan "sionist rejimi" təhlükəsinin ciddiliyini kölgədə qoymaq istəyirlər. Buna görə də region ölkələri ayıq olmalı və Qərb ölkələrinin apardığı piarlara aldanmamalıdırlar.
- ABŞ və Səudiyyə Ərəbistanı arasında 60 milyard dollar məbləgində hərbi müqavilənin imzalanması müzakirə olunub. Bundan başqa, Fars körfəzi ölkələrinin bir çoxu irihəcmli hərbi müqavilələr imzalayıb və Qərb ölkələrinə öz ərazilərində hərbi bazanın yerləşdirilməsi üçün icazə veriblər. Sizcə, bu məsələ İran üçün təhlükəli hesab oluna bilərmi və bu problemin həlli yolu nədədir?
- Biz heç bir zaman Fars körfəzi ölkələrini özümüz üçün təhlükə hesab etməmişik və etməyəcəyik. Burada əhəmiyyətli məsələ ondadır ki, ABŞ region ölkələri ilə irihəcmli hərbi müqavilələr imzalamasına baxmayaraq, heç bir zaman islam ölkələrinin "sionist rejimi" qarşısında bərabər qüvvə olmasına icazə verməyəcək. Digər tərəfdən, ABŞ çalışır ki, hərbi asılılıq yaratmaqla region ölkələrinin hərbi gücünü öz əlində saxlasın. ABŞ həmişə çalışır ki, Fələstin "işğalçıları"nın hərbi gücünü ərəb və digər müsəlman ölkələrindən daha yüksək səviyyədə saxlasın. ABŞ bu silahlanma yarışından öz mənafeyi üçün maksimum istifadə edir. Bunu da yadda saxlamalıyıq ki, ABŞ-da keçiriləcək gələcək seçkilərdə qələbə qazanmaq üçün indiki hakimiyyət Birləşmiş Ştatlarda güc və sərvət sahiblərinin dəstəyini qazanmalı və ölkə daxilində özünün hər şeyə müvəffəq olduğuna dair imic yaratmalıdır. Bu cür təbliğat xarakterli mübahisələr yaratmaq isə bu hədəfə çatmaqda onlara kömək edir.

Fikrimizcə, region ölkələri öz təhlükəsizliklərini təmin etməyi bacarırlar. Lakin bu sabitliyi yaratmaq militarizmin genişləndirilməsi ilə deyil, sabitlik yaradan və hərtərəfli konstruktiv öhdəliklərlə təmin olunur. Sabitlik və sülhün təmin olunması üçün ən yaxşı təcrübə region ölkələrinin "təhlükəsizlik inteqrasiyası" və "iqtisadı əməkdaşlıq"larını artırmasıdır. Biz region ölkələrini özümüzə rəqib bilmirik, onları vahid toplum hesab edirik.
Comment