0
Thursday 20 November 2014 - 21:58

“Öz gücümüzə güvənməliyik”

Story Code : 420603
“Öz gücümüzə güvənməliyik”
“Öz gücümüzə güvənməliyik”
“AİP lideri Mövsüm Səmədovun, həmçinin digər inanclı məhbusların azad olunması tələbini qarşımıza bir vəzifə kimi qoymuşuq və bütün hallarda xalqa haqq sözümüzü çatdırmaqda israrlıyıq”

“Ümid edirəm ki, Həsən Ruhaninin səfəri, prezident İlham Əliyevlə səmimilik və mehriban qonşuluq şəraitində keçirilən görüş Azərbaycanda İslamçı məhbusların azadlığa buraxılması baxımından da əhəmiyyətli olacaq və bu, bir çox ailələrə sevinc bəxş edəcəkdir”

Dünya od-alov içindədir. Bir tərəfdə ədalətsiz müharibələr, iğtişaşlar, digər tərəfdə isə İŞİD terror qrupu günahsız insanların başını kəsir, dünyaya meydan oxuyur, İsrail rejiminin Qəzza, Fələstin torpaqlarında bəşəri cinayətləri səngimək bilmir, erməni terrorçu dəstələrin Dağlıq Qarabağda təxribatları davam edir. Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafovla müsahibəmizdə də dünyada gedən proseslər və baş verən hadisələri təhlil etməyə çalışmışıq.

- Hacı, Qarabağ münaqişəsinin həlli baxımından Avropa Birliyi və Avrasiya İttifaqı arasında seçim etməyə dəyərmi?

-Bismillahir Rəhmanir Rəhim. Bir çoxları düşünür ki, Azərbaycan Avrasiya İttifaqına meyllənsə, Qarabağ problemi həllini daha tez tapacaq. Bəzi müşahidəçilər isə, əksinə, fikirləşirlər ki, Avropa Birliyinə inteqrasiya münaqişənin çözümünü tezləşdirəcək. Amma istər Avropa Birliyinin, istərsə də Rusiyanın konfliktlə bağlı mövqeləri göz önündədir.

Mənim subyektiv fikrimə görə, ATƏT-in Minsk qrupundan, ümumiyyətlə bu və digər təşkilatlar və birliklərdən problemin həllini gözləməyə dəyməz. Əlbəttə, bu başqa məsələdir ki, biz Qarabağ həqiqətlərini beynəlxalq aləmə çatdırmaq, münaqişənin ədalətli həllini təmin etmək, dərdimizi bölüşmək üçün həmin birliklərlə, dünya dövlətləri ilə yaxın əlaqələr qurmalıyıq.

İslam Partiyasının lideri mərhum Hacı Əlikram Əliyev və siyasi təşkilatın digər rəhbərləri Quran və Əhli-beytə (ə) istinad edərək, daim bəyan ediblər ki, Qarabağ münaqişəsinin həllində yalnız öz gücümüzə arxalanmalıyıq. Hələ 20 il əvvəl AİP bildirirdi ki, Minsk qrupu Qarabağ münaqişəsini ədalətli həll etmək deyil, regionda maraqlarını həyata keçirmək üçün yaradılıb. O vaxt cəmiyyətdə partiyanın bu mövqeyi yaxşı qarşılanmırdı. İstər Azərbaycan xalqı, istərsə də hakimiyyət Minsk qrupuna böyük ümidlər bəsləyirdi. Lakin zaman keçdikcə onlar da vasitəçi dövlətlərin fəaliyyətsizliyi ilə bağlı həqiqətləri dilə gətirməyə başladılar. İndi Minsk qrupundan Azərbaycanın rəsmi dairələri, siyasi partiyaları, ictimaiyyət nümayəndələri də narazıdır. Çünki artıq başa düşürlər ki, bu qurum yalnız münaqişənin dərinləşməsinə, həllini uzatmağa kömək edir.

Mən həmişə demişəm, yenə də deyirəm, Azərbaycanın dövlət başçısı bütün məsələlərdə öz xalqına, xalq isə prezidentə arxalanmalı, güvənməlidir. Hakimiyyətlə xalqın vəhdəti, hakimiyyətin ciddi siyasi iradəsi kifayətdir ki, düşməni məyus edək. Bu, xülya deyil. Diqqət etsək, görərik ki, hakimiyyətlə xalqın birliyi bir çox ölkələrdə müsbət nəticələr verib. Qurani-Kərimdə buyurulur ki, neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlib. Diqqət edin, 2006-cı ildə 33 günlük müharibədə Livan az qüvvə ilə müasir hərbi potensiala sahib İsrail ordusunu diz çökdürdü. İsrailin Qəzza bölgəsinə yeni hücumu da cəmi 22 gün ərzində işğalçının məğlubiyyəti ilə başa çatdı. Demək istədiyim budur ki, Qarabağ probleminin həllində ilk növbədə öz gücümüzə güvənməliyik. Yəni torpaqlarımızın işğaldan azad olunması üçün xaricdən, başqa ölkələrdən, hansısa beynəlxalq təşkilatdan, birliklərdən dəstək gözləməməliyik.

- Bəs, Qarabağ probleminin həllində qonşu ölkələrin – Rusiya, Türkiyə və İranın vasitəçiliyinə mane olan hansı faktorlardır və bunun perspektivini necə təsəvvür edirsiniz?

– Dediyim kimi, münaqişənin həlli ilə bağlı heç kimdən, heç bir ölkədən dəstək ummamalıyıq. Düzdür, hansısa problemlə əlaqədar qonşu dövlətlərə, dost ölkələrə müraciət etmək qəbahət deyil. Və belə bir məsəl də var ki, “uzaq qohumdan yaxın qonşu yaxşıdır”. Amma atalar onu da yaxşı deyiblər ki, “qonşuya ümid olan şamsız qalar”. Müsəlman qardaş Türkiyə, İran dövlətinin Qarabağ məsələsində niyyətləri səmimi, Azərbaycanın xeyrinə olsa da, torpaqlarımızın düşmən tapdağından azad olunması bizim öz iradəmizdən, öz gücümüzdən asılıdır.

O ki qaldı, qonşu dövlətlərin vasitəçiliyinə mane olan amillərə, xatırladım ki, ermənilər Şuşanı ələ keçirəndən müəyyən müddət sonra məlum oldu ki, şəhərin işğalını İranın Qarabağ məsələsində vasitəçiliyini istəməyən ölkələr təşkil edib. Həmin dövrdə Ali Sovetin sədri və prezident səlahiyyətlərinin icraçısı olan Yaqub Məmmədov dəfələrlə açıqlamalarında bildirib ki, İranın, Türkiyənin vasitəçiliyini istəməyən böyük güc mərkəzləri bu işə mane oldular. O vaxt hətta Azərbaycanla İran arasında Tehranda imzalanan sənədlər də qüvvədən düşdü.

- Azərbaycanın Avropa Birliyinə (AB) meylliliyi Rusiyanı, Avrasiya Birliyi ilə yaxın münasibətlər isə Qərbi qıcıqlandırır. Çıxış yolunu nədə görürsüz?

– Ukraynadakı vəziyyət göz önündədir. Yəni məlum məsələdir ki, Ukrayna hadisələri Kiyev və AB arasında assosiativ saziş imzaladıqdan sonra baş qaldırdı. Bu gün AB Azərbaycandan da assosiativ saziş imzalamağı, Rusiya isə Avrasiya İqtisadi İttifaqına üzv olmağı tələb edir. Belə demək mümkünsə, rəsmi Bakı seçim arasında qalıb. Amma fikrimcə, Azərbaycan dövləti hansısa ittifaqın üzvü olmaq istəyirsə, bu addım digər qurumların, dövlətlərin acığına atılmamalıdır. Əks halda, mənfi nəticələr verə bilər.

Azərbaycan suveren dövlətdir. Onun dünya məkanı ilə əlaqələr qurmasına heç bir beynəlxalq gücün əngəl törətməyə, dilemma qarşısında qoymağa haqqı yoxdur. Ona görə də, Azərbaycan dövləti bütün hallarda müstəqil addımlar atmağa səy göstərməli, eyni zamanda Qarabağ konfliktinin həlli istiqamətində beynəlxalq birliklərin, dövlətlərin gücünü, mövqeyini nəzərə almalıdır.

Yeri gəlmişkən, bir neçə gün əvvəl təmas xəttində hərbçilərimiz tərəfindən erməni vertolyotunun vurulması bizi çox sevindirdi. Heç nədən çəkinmədən düşmən həmləsinə vaxtında cavab vermək doğrudan da təqdirəlayiq haldır.

- Hacı, Avropa ölkələri bir-birinin ardınca Fələstin dövlətini ya tanıyır, ya da tanımağın lazım olduğu barədə bəyanat verirlər. Sizcə, son illər nə dəyişib, Qərbin siyasətimi?

-Dünyaya insanlıq dərsi verən, demokratiyadan dəm vuran Avropa, Qərb dairələri, əslində hər şeyə öz maraqları çərçivəsindən, prizmalarından yanaşırlar. Onları digər xalqların, xüsusən də müsəlmanların taleyi maraqlandırmır. Məgər indiyə qədər Avropa Fələstində, Qəzzada tökülən günahsız insan qanlarını görmürdümü , qocaların, körpələrin fəryadını eşitmirdimi? Görünür ki, bunun arxasında hansısa siyasət dayanır. Ola bilsin, Rusiya ilə münasibətlərin gərginləşməsindən sonra onlara Yaxın Şərqin nefti, qazı lazımdır. Yəni Avropa Fələstin dövlətini tanımağın fonunda enerji təhlükəsizliyini təmin etmək istəyir.

- Maraqlıdır, İsrailin baş naziri Fələstin dövlətinin tanınması ilə bağlı tutduqları mövqeyə görə bəzi Avropa dövlətlərini təhdid edir. Bu nədir, Qərbə meydan oxumaqmı?


– Məlum məsələdir ki, Qərb, Avropa dövlətləri siyasi, iqtisadi, hərbi və sair cəhətdən güclüdülər. Amma buna baxmayaraq, bapbalaca İsrail nəinki həmin dövlətləri təhdid edir, hətta dünyaya meydan oxuyur. Hərçənd yəhudi dövləti separatizm, zülm, fələstinlilərin qanı üzərində qurulub. Mərhum İmam Xomeyni (rə) qəsbkar, uşaq qatili İsrail barədə buyurub ki, hərə bir ovuc su atsa bu rejim qərq olar.

Qondarma İsrail dövlətinin Qərbə, Avropaya hədə-qorxusu həm də bir çox həqiqətləri üzə çıxartdı. Məlum oldu ki, indiyə qədər gücünə görə qürrələnən bu dövlətlər İsraildən asılı vəziyyətdədir və lazım gələndə sionist rejimin tələblərini həyata keçirirlər.

- ABŞ əvvəlki vaxtlardan fərqli olaraq Suriya hadisələrinə biganə kimi görünür. Sizcə, səbəb nədir?


– Bilirsiz, Vaşinqton əvvəlki fəallığını bir az da aqressiv şəkildə İŞİD maskası altında davam etdirir. Heç kəsə sirr deyil ki, Suriya böhranı, İŞİD terror təşkilatı ABŞ-ın, Qərbin, İsrailin birgə layihəsidir. Amerikanın tarixinə nəzər salanlara bəllidir ki, bu ölkənin xarici siyasəti təpədən dırnağa qədər işğalçı planlara söykənir. Xarici siyasi xəttində heç bir müsbət cəhət olmayan Birləşmiş Ştatlar özünü dünyanın sahibi kimi aparır. Amerika hələ heç bir xalqa demokratiya, xoşbəxtlik bəxş etməyib. Ayaq açdığı ölkələr zülmlə, sitəmlə dolub. ABŞ torpaqlarının həqiqi sahibləri hindulardır. Vaxtilə hinduların canı, qanı, torpaqları və əmlakı üzərində bərqərar olan ABŞ-dan başqa nə gözləmək olar?

- Hacı, İran prezidentinin Azərbaycan səfərini necə dəyərləndirirsiz?

– İran və Azərbaycan xalqları müştərək tarixə, dinə, mədəniyyətə, adət-ənənəyə malik olan xalqlardır. O baxımdan dövlət rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında iqtisadi, siyasi, ümumiyyətlə, çoxşaxəli münasibətlərin istiləşməsində mühüm əhəmiyyət kəsb edir. İslam Respublikası dəfələrlə ölkəmizin ərazi bütövlüyü barədə öz dövlətinin münasibətini ortaya qoyub. Və ümid edib ki, Qarabağ münaqişəsi sülh yolu ilə, ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması çərçivəsində həllini tapacaq.

Bildiyiniz kimi, İranın prezidenti Həsən Ruhani ölkəsində Azərbaycana ilk rəsmi səfərinin nəticələri haqqında açıqlama verərək əldə edilən razılaşmaların hər iki dövlət üçün faydalı olacağını bildirib. Bu səfər qardaş müsəlman Azərbaycan-İran əlaqələrinin inkişafına, ikitərəfli inamın, iqtisadi əlaqələrin güclənməsinə yeni zəmin yaradacaq.

Mən səfərlə bağlı xüsusilə bir məsələni də vurğulamaq istərdim. Həsən Ruhani öz nitqində “İran qonşu dövlət kimi beynəlxalq arenada Azərbaycana dəstək göstərəcək və inanırıq ki, Azərbaycan da dünya birliyində qonşu, dost, qardaş kimi İranın yanında olacaq” deyə vurğulayıb. İslam Respublikasının prezidenti çox məntiqli bir fikir də səsləndirdi. O, bildirdi ki, ölkələrimiz arasındakı əməkdaşlıq, dostluq münasibətləri digər dövlətlərin əleyhinə deyil, yalnız iki xalqın mənafeyinə xidmət göstərir. İlham Əliyev də öz növbəsində Qarabağ probeminin həllində İranın dəstəyini yüksək qiymətləndirərək deyib ki, Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək üçün heç bir dövlətə imkan verilməyəcək. İran-Azərbaycan dostluğunun sarsılmaz olduğunu vurğulayan İ.Əliyev həmçinin qeyd edib ki, heç bir kənar qüvvə bizim aramıza girə bilməz.

Mən ümid edirəm ki, Həsən Ruhaninin səfəri, prezident İlham Əliyevlə səmimilik və mehriban qonşuluq şəraitində keçirilən görüş Azərbaycanda İslamçı məhbusların azadlığa buraxılması baxımından da əhəmiyyətli olacaq və bu, bir çox ailələrə sevinc bəxş edəcəkdir.

- Hacı, Bakı şəhər meriyası AİP-in mitinq müraciətinə “yox” cavabı verdi. Məlumatlara əsasən, növbəti mitinq qərarını vermisiz…


– Bəli, partiyanın İdarə Heyətinin toplantısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyytinə yenidən müracəit olunması qərara alındı.

Təəssüf edirik ki, meriyanın İslam Partiyasına mitinq üçün qoyduğu qadağanın “buzu” ərimək bilmir. Bunun əsas səbəblərindən biri də hakimiyyətin İslamçıların, inanclı insanların coşğusundan çəkinməsidir. Biz günahsız həbs olunan AİP lideri Mövsüm Səmədovun, eyni zamanda digər inanclı məhbusların azad olunması tələbini qarşımıza bir vəzifə kimi qoymuşuq. Və bütün hallarda kütləvi aksiyalar keçirməkdə, xalqa haqq sözümüzü çatdırmaqda israrlıyıq./İslaminsesi/
Source : Islaminsesi
Comment