0
Saturday 8 January 2011 - 18:34

"Bizi həbslərlə qorxuda bilməzlər!" (Müsahibə)

Story Code : 49688
"Bizi həbslərlə qorxuda bilməzlər!" (Müsahibə)
"Bizi həbslərlə qorxuda bilməzlər!" (Müsahibə)
Müsahibəni diqqətinizə çatdırırıq:

Hacı hazırda hicabla bağlı məsələlər nə yerdədir? Hansı işlər görülür?

- Hicabın qadağasına son qoymaq üçün hazırda işlər gedir. Bu istiqamətdə mühüm addımlar atılıb. Bununla bağlı etirazlar edilib, imzalar toplanır, müraciətlər olub. Lakin buna baxmayaraq təəssüflər olsun ki, hicab qadağası aradan qaldırılmayıb. Yəhudilərə isə görürük, Azərbaycanda xüsusi imtiyazlar verirlər. Bu imtiyazlar onların məktəblərində açıq-aşkar görünür. Biz buna etiraz edirik, ayrıseçkiliyə son qoyulmasını tələb edirik. Gələn həftənin çərşənbə günü çox sayda dindar QMİ sədrinə müraciət etmək üçün günorta namazında orada olacaqlar. Namazdan sonra isə hicab qadağasının aradan qaldırılması üçün şeyxə müraciət ediləcək.

Bildiyiniz kimi, Azərbaycan İslam Partiyasının sədri dünən həbs edilmişdir. Bununla bağlı nə deyə bilərsiniz?

- Hacı Mövsüm qardaşımızı bir partiya sədrindən öncə biz əziz ruhani alim kimi tanıyırq. Onun hicabla bağlı məntiqli addımları bəzilərini narahat edir. Lakin biz bir daha deyirik, bu həbsləri pisləyirik və ona qarşı təzyiqlər olacağı təqdirdə biz oturmayacağıq. İstər ruhanilər, istərsə də dindarlar onu müdafiə edəcəklər. Onu tək bilməsinlər!

Hicab qadağasına dünyanın bir çox yerində etirazlar edildi. Türkiyə, Kanada, İraq, Rusiya, Ukrayna və İran İslam Respublikası kimi. Azərbaycandan bir qrup dindar İranda yaşayan İslam alimləri və məracei təqlid müctehidləri olan Ayətullah Həmədani və Ayətullah Şiraziyə hicab qadağası ilə bağlı sual ünvanladılar və onlar da şəri məsələni açıqladılar. Lakin təəssüflər olsun ki, bəziləri alimlərin bu açıqlamalarını hədəfə aldılar. Bəziləri təhqirlər də etdilər. Buna münasibətinizi bilmək istərdik.

- Məntiqsiz şəxslər adətən təhqirlərə əl atırlar. Biz onları həqarət əhli kimi tanıyırıq. Onlar yaxşı bilirlər ki, tarixlər boyu bizim məracei təqlid müctehidlərimiz adətən bütün müsəlmanlar üçün fətva veriblər, indi də belədir. Bizim alimlərimiz Nəcəfdən, Qumdan həmişə müsəlmanların səsinə səs veriblər. Bunun əleyhinə çıxanlar xaricdən idarə olunurlar.

Sizin bu yaxınlarda xarici səfərləriniz oldu. Orada yaşayan istər soydaşlarımız, istərsə də ictimai-siyasi xadimlərlə görüşdünüz. Bu haqda nə deyə bilərsiniz?

- Məscidlərin sökülməsi, hicab qadağasından əvvəl möminlər bu dərəcədə ictimai və siyasi addımlar atmırdılar. Lakin bu qadağaları ortaya atanlar indi İslamçıları siyasi-ictimai səhnəyə çağırırlar. Müsəlmanlar artıq əvvəlki illərdən daha çox fəaldırlar. Türkiyə və Rusiyada müsəlmanların bu məsələni ciddi izləməsi və xaricdən dəstək verməsinin şahidi olduq. Onlar bizə bildirirdilər ki, biz də sonuna qədər hicabı müdafiə edənlərləyik.

Bəzi məmurlar hicab qadağası məsələsində geri addım atmayacaqlarını bildirirlər. Siz bu şəxslərə nə deyərdiniz?

- Onlar prezident deyəndən sonra bu sözlərini unudacaqlar. Ancaq son olaraq bunu demək istəyirəm ki, biz hicab qadağasını qəbul etməyəcəyik. Biz hicab məsələsində geri addım atmayacağıq. Belə düşünməsinlər ki, bizi həbslərlə və ya şəhid etməklə qorxudacaqlar. Bizlər hicab qadağasının ləğv edilməsinə kimi haqqımızı tələb edəcəyik.
Source : İslam-Azeri
Comment