0
Sunday 9 January 2011 - 15:34

Geri qalan şagird prezident olur...

Story Code : 49813
Geri qalan şagird prezident olur...
Geri qalan şagird prezident olur...
Elşən Həsənov: “İlham Əliyev sinif yoldaşlarının heç birini yaddan çıxarmır, amma mən nə qədər məktub yazsam da gedib çatmır”
Xəbər verdiyimiz kimi, Səbayel rayonundakı 6 saylı orta məktəb Yeni il ərəfəsində sökülüb yenidən tikilir. Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyev də bu məktəbdə oxuyub. Bu səbəbdən də həmin məktəblə bağlı söküntü prosesi medianın diqqətindədir. Biz də zaman ayıraraq ölkənin birinci şəxsinə bir zamanlar təhsil ocağı kimi qucaq açmış məktəbə baş çəkdik.
Lakin bizimlə birlikdə bələdçimiz də vardı. Vaxtı ilə İlham Əliyevlə bir sinifdə oxumuş Elşən Həsənovla birlikdə 6 nömrəli məktəbin tikinti yerinə getdik. E.Həsənov həm İlham Əliyev haqqında, həm də məktəblə bağlı xatirələrini bizimlə bölüşdü.
Elşən bəy vaxtilə oxuduğu məktəbin söküldüyünü görüb təəssüf hissi keçirdi. Onun fikrincə, əvvəlki məktəbin yerində nə qədər gözəl məktəb tikilsə də köhnənin yerini verməyəcək: “Başa düşə bilmirəm ki, bu məktəbin sökülməsinə nə ehtiyac var idi. Şəxsən mənim xoşuma gəlmədi. Köhnə üslubda tikilmiş böyük sinifləri vardı. Çox gözəl idman zalı vardı. Mən özüm də vaxtilə bu həyətdə yaşamışam. Həyətimizin demək olar ki, yarısından çoxu məktəbə qatılıb. Bundan sonra 100 il qalsa da bu məktəbə heç nə olmazdı. 6 nömrəli məktəb Azərbaycanda ən gözəl təhsil verən məktəb olub. İndi burada müasir formada məktəb tikiləcək. Amma heç vaxt əvvəlki kimi gözəl təhsil verə bilməyəcəklər”.
Sonra ona suallarımızı ünvanladıq:
- Elşən bəy, siz yaxşı oxuyan şagird olmusunuzmu?
- Yox, oxumaqla aram olmayıb.
- Bəs İlham Əliyev necə, dərslərini yaxşı oxuyurdumu?
- Qiymətlərinə baxanda əlaçı idi. Amma oxumaqla heç arası yox idi. Ancaq müəllimlər həmişə ona əla qiymət yazırdılar. Riyaziyyat müəlliməmiz var idi, çox sərt müəllimə idi. Bir dəfə nə qədər üstünə düşdülər, ona qiymət yazmadı. Dedi nə vaxt dərsi öyrənər, onda qiymətini alar. Axırda məcbur qalıb müəlliməni başqa sinfə keçirdilər. Sinif rəhbərimiz Taisiya Pavlovna rus dili müəlliməsi idi. İlham Əliyev hara gedirdisə, onun dalınca gəzirdi.
- Bəs məktəbə kim gətirib-aparırdı onu?
- Mühafizəçi ilə gəlib-gedirdi. Bizim məktəbdə demək olar ki, hamısı imkanlı uşaqlar idi. Hamısı da sürücü ilə gəlib-gedirdilər. Amma İlham Əliyevi gətirən sürücü dərsin axırına kimi məktəbin həyətində onu gözləyirdi.
- Heç elə olubmu ki, məktəbin bufetində oturasınız, hesabı da İlham Əliyev ödəyə?
- Yox. O, heç vaxt hesab vermirdi ki... Nə istəyirdisə, onu da götürürdü. Amma ürəyi açıq uşaq olub. O vaxtı banan olmurdu, İlham Əliyev gətirib bizə banan paylayırdı. Sonra bahalı konfetlər paylayırdı. Komplekssiz uşaq olub. Heç kəslə də işi olmazdı.
- Məktəb vaxtı İlham Əliyevin sevdiyi qız var idimi?
- O, məktəbdə heç vaxt tək qalmırdı ki, sevdiyi qız da olsun. Həmişə yanında kimsə olurdu. Heç vaxt onu qızlarla söhbət edəndə də görməmişəm.
- İlham Əliyev sinifdə ən çox kimlərlə dostluq edirdi?
- Məktəb direktorunun oğlu idi, sonra indiki Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov, Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin rəisi Emil Şəkiniski... Bu üçü ilə bərk dostluq edirdi.
- Özünüz dediyiniz kimi, məktəbdə ona xüsusi diqqət olub. Belə vəziyyət uşaqlar arasında qibtə yaradırdımı?
- Əlbəttə. Onunla işimiz yox idi. Müəllimlərə gülürdük ki, belə də yaltaqlıq olarmı. Direktor onu görəndə vəzifəsini unudurdu.
- Ümumilikdə İlham Əliyev şagirdlər tərəfindən sevilən uşaq olubmu?
- O, ümumiyyətlə ziyansız uşaq olub. Məsələn, mən biri ilə dalaşırdım, digəri ilə dost olurdum. Amma o, elə deyildi, heç kəslə işi olmazdı. Çox sakit uşaq idi. Məktəbin yanında “yevreyski dvor” adlanan yer var idi. Sinif uşaqları həmişə yığışıb orada gizlin siqaret çəkirdik. Amma o, heç vaxt ora yaxınlaşmırdı. Ancaq Nazim Ələkbərov bizimlə birlikdə olurdu. O da yaxşı uşaq idi.
- O vaxtlar heç ağlınıza gəlirdimi ki, İlham Əliyev gələcəkdə prezident olsun?
- Yox, bu, heç kəsin ağlına gələ bilməzdi.
- Valideyn iclasına İlham Əliyevin də valideynləri gəlirdimi?
- Onun valideynləri heç vaxt məktəbə gəlməyib. Heydər Əliyevin bacısı düz məktəbin yanındakı binada yaşayırdı. Bir dəfə yadımdadır ki, bacımla birlikdə babamgildən evə gəlirdik. Bir də gördük bizim qollarımızı burub saxladılar ki, siz burda nə gəzirsiniz. Bizim də heç nədən xəbərimiz yox idi. Bütün hər yer mühafizəçi ilə dolu idi. İndi görün o, məktəbə gəlsəydi, nə olardı.
- İlham Əliyevin bacısı Sevil Əliyeva da sizin məktəbdə oxuyurdumu?
- Sevil xanım bizdən üç sinif yuxarı oxuyurdu. Çox yaxşı qız idi. Məktəbdə hamı ona hörmətlə yanaşardı. Həm də bu hörmət onun özünə görə idi. Yəni ona olan bu hörmət valideynlərinə görə deyildi. O, İlham kimi sakit uşaq olmayıb. Həm də çox yaxşı oxuyurdu. Müəllimlərin hamısı fəallığına görə onu bəyənirdilər. İlham Əliyev dərs bitən kimi maşına oturub gedirdi. Amma Sevil xanım ürəyi nə vaxt istəsə onda da çıxırdı.
- Məktəbi bitirəndən sonra İlham Əliyevlə heç görüşmüsünüzmü?
- Yox. Məktub yazmışam, heç o da gedib çatmadı. Yazmışdım ki, mənim işə düzəlməyimə köməklik etsin.
- Düşünürsünüz ki, məktubunuz ona çatsaydı, sizi işlə təmin edəcəkdi?
- Əlbəttə. Yüz faiz əminəm. O, sinif yoldaşlarının heç birini yaddan çıxarmır. Hansı müraciət edibsə, hamısına kömək edib. O vaxtlar, atası sağ olanda İlham Əliyevin İçərişəhərdə ofisi vardı. Hansı sinif yoldaşı yanına getmişdisə, hamısını da işlə təmin etmişdi. Hətta məktəb vaxtı sevmədiyi uşaqlara da yardım etmişdi. Amma mən nə qədər məktub yazıramsa, gedib çatmır.
- Sizcə, məktəbin yenidən tikilməsi onun istəyi ilə olub?
- Qətiyyən belə fikirləşmirəm. Məncə, o, heç vaxt istəməzdi ki, bu məktəb sökülsün. Adicə bu məktəbin yanından keçəndə xoş xatirələr yadıma düşürdü. Amma indi təzə məktəbi görəndə nə düşünəcəyəm? Heç nə. Axı mən bu təzə məktəbdə oxumamışam. Hətta bu tikintini görüb pis oldum. O da yəqin ki, bu hissləri keçirəcək. Nə qədər olmasa da uşaqlığı burada keçib axı.
- Heç bu vaxta kimi prezidentin sinif yoldaşı olmağınızdan istifadə etmisinizmi?
- Hərdən olur yolda polis saxlayır. Prezidentin sinif yoldaşı olduğumu deyən kimi buraxırlar.
***
Nəzərə çatdıraq ki, 6 saylı məktəb artıq iki dəfə əsaslı təmir olunmuş və yenidən qurulmuşdu. Sonuncu dəfə iki il əvvəl bu məqsədlə milyonlarla vəsait xərclənmişdi. Hətta məktəbin açılışına İlham Əliyev də gəlmişdi.

Zülfiyyə SAKİTQIZI

Comment