0
Saturday 22 January 2011 - 07:57

"İMANSIZ İNSAN, HEÇ İNSAN DEYİL"

Story Code : 51466
"İMANSIZ İNSAN, HEÇ İNSAN DEYİL"
"İMANSIZ İNSAN, HEÇ İNSAN DEYİL"
Son günlər ölkədə hicab qadağası ilə bağlı müzakirələr davam edir. Məsələnin həllinə ziyalılarımızın mövqeyi birmənalı deyil. Xalq artisti, professor, dövlət mükafatları laureatı, bəstəkar Xəyyam Mirzəzadə mövzu ilə bağlı fikirlərini bölüşür.

- Son zamanlar hicabla bağlı başlanan diskussiyalara necə baxırsınız?
- Şəxsən mən belə hesab edirəm ki, hicab bağlamaq hər kəsin öz işidir. Hicabı bağlamaqda da, onu bağlamamaqda da bir azadlıq olmalıdır. Mənə elə gəlir ki, bu problemi siyasiləşdirməyin heç bir mənası yoxdur. Hadisələrin bu şəkildə inkişafı bizi yaxşı yerə aparıb çıxarmayacaq.
Mənə elə gəlir ki, hicabla bağlı məsələni məqsədli şəkildə şişirdən insanlar var. Məncə, bu məsələni problem səviyyəsinə qaldırmaq istəyində olan bəzi adamlar başqa planlar fikirləşirlər. Hicab məsələsi ölkədə problem ola bilməz, ən azı ona görə ki, ölkəmiz müsəlman ölkəsidir.
Dinə inanmaq və ya inanmaq hər kəsin öz haqqı, öz vicdanı məsələsidir. Heç kim başqasını inanma və ya inancsızlığa vadar edə bilməz. Hicabı da geyinmək və geyinməmək məsələsində məcburiyyət ola bilməz. Buna görə də “milçəkdən fil düzəltməyin” nə mənası var?

- Bir məsələ də var hicabın geyilməsi qanunla qadağan olunmayıb...
- Əgər bu geyim qanunla qadağan olunsaydı, onda vətəndaşlar qanuna tabe olmaq məcburiyyətində olardı. Hicab geyinməklə bağlı qadağa isə Konstitusiyada və qanunvericilikdə nəzərdə tutulmayıbsa, buna qarşı çıxmağın mənası yoxdur.

- 50 ildir ki, Bakı Musiqi Akademiyasında dərs deyirsiniz. Pedaqoq kimi sizin düşüncələrinizi bilmək maraqlı olardı. Hicab məsələsinin təhsilin keyfiyyətinə hər hansı bir təsiri ola bilərmi?
- Hicab fəlsəfə deyil axı. Hicab geyən qadının dünyagörüşünə və biliklərinin səviyyəsinə bunun heç bir təsiri yoxdur. Hicab dini dünyagörüşü seçən qadın üçün getdiyi yolu müəyyənləşdirən amildir. Birinin uzun və ya qısa paltar geyinməsi də həmin qadının öz azadlığıdır. Hər kəsin vicdan azadlığına hörmətlə yanaşmaq lazımdır. Olmayan problemi şişirdib dağlara çıxarmaq lazım deyil.

- Bu yaxınlarda bu problemlə bağlı münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qeyd elədi ki, hicab geyinmək Allahın əmridir. Sizin bu açıqlamaya münasibətiniz necədir?
- Bir qadının hicab geyinməsi özünə həyatda yer tapıbsa, onun qarşısını inzibati metodlarla almaq lazım deyil və mümkün də deyil. 1400 il bəşəriyyətin dünyagörüşünə hakim olan İslam düşüncəsini insanların qəlbindən çıxarmaq da heç kimə qismət olmayacaq. Çünki bu dinin daşıyıcıları və təəssübkeşləri var. Bu düşüncə artıq bizim həyatımızda özünə yer tutub. İslam dini həyatımızın bir qoludur, bu qolu qırmaq da olmaz.

- Siz bu məsələdən çıxış yolunu nədə görürsünüz?
- Biz məsələyə qadağalar nöqteyi-nəzərindən baxmamalıyıq. Hicab məsələsini hər kəsin öz seçiminə buraxmaq lazımdır. Dünyada da dini baxımdan hər kəsin seçim imkanları var, kimisi xristiandır, kimisi də buddist və s. Ona görə də insanların seçim azadlığı arasında ayrı-seçkilik salmağa ehtiyac yoxdur.
Həyatın ləzzəti də ondandır ki, insanlar müxtəlif düşüncə tərzinə sahibdirlər. Ona görə də dini, irqi, milli ayrı-seçkilik yaradıb insanları bu problemlərlə məşğul etmək olmaz. Dinin də ən müsbət cəhəti onun ali mədəniyyət daşıyıcısı olmasındadır. Din dünyagörüş, insanlar arasındakı münasibət deməkdir. İnsanları dinə ona görə dəvət edirlər ki, onlar bir-birini sevsinlər. Dində olan sevgi başqa heç nədə yoxdur. Mən hesab edirəm ki, imansız insan heç insan deyil.
Source : qafqazinfo
Comment