0
Sunday 10 July 2011 - 09:22

“Biz vilayət övladlarıyıq”

Story Code : 84019
“Biz vilayət övladlarıyıq”
“Biz vilayət övladlarıyıq”
-Salam, Kərbəlayi. Düzü sizin bu söhbətə razılıq verəcəyinizi gözləmirdik. Çalışacağıq ki, suallarımız qısa və konkret olsun. İcazənizlə...
-Bizmillahir-rəhmanir-rəhim. Mən də öz işinizdə davamlı olduğunuza görə təşəkkür edirəm. Hər halda müsahibənin baş tutması sizin zəhmətinizdir. Buyurun.
- Bəzi qüvvələr İranda yaşayan, təhsil alan və işləyən azərbaycanlı dindar ziyalıları, o cümlədən Haqq Yolu Elm və Mədəniyyət İnstitutunu Azərbaycanda baş verən proseslərə müdaxilədə ittiham edirlər...
-Bir zaman İslam dünyası gözünü İraqda Nəcəfi-əşrəfə dikib, bütün suallarına Nəcəf alimlərindən cavab alıb. Hazırda Qum Elm Hövzəsi müsəlman dünyasının ən önəmli elm mərkəzidir. Din alimləri üçün sərhəd yoxdur. Onlar dünyanın bir başında dayanıb o biri başındakı dini cəmiyyəti istiqamətləndirə bilər. Bu bizim məzhəbin imtiyazıdır.
Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun iki mühüm funksiyası var: dini elmlərin Azərbaycan cəmiyyətinə çatdırılması, Qumda təhsil alan 300-dən artıq ruhani-tələbəyə tribuna vermək.
HaqqYolu Azərbaycan xalqının dini suallarını bilavasitə müctehidlərə müraciətlə cavablandıran HaqqYolu.org portalının, İslam mədəniyyətini təbliğ edən “Haqq Yolu” jurnalının təsisçisidir. Portal ayda mindən yuxarı dini sualı cavablandırır.
-Haqq Yolu EMİ Azərbaycandakı hadisələrə yönəli bəyanatlar verir. Buna ehtiyac varmı? Bəziləri bu fikirdədir ki, siz Azərbaycan cəmiyyətini yaxşı tanımırsınız və münasibətləriniz qeyri-dəqiq ola bilər.
-Sualınıza sualla cavab verim: Bir qurum ki, xalqın suallarına müctehidlərdən cavab alır, sizcə öz vəzifələri, addımları barədə alimlərə müraciət etmir? Biz İran dövlətinə yox, Vəliyyi-fəqihə bağlı insanlarıq. Bizim üçün İraq, Livan, İran alimləri arasında Ayətullah Xameneinin rəyi vəzifə yaradır. Hadisələrə münasibətimiz havadan deyil.
Deyirsiniz Azərbaycan cəmiyyətini yaxşı tanımırıq. Əvvəla 300-dən artıq tələbə ilə sıx ünsiyyətdəyik. İkincisi, biz elm və mədəniyyət institutu olaraq Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirik. Üçüncüsü və mühümü, addım atmaq, söz demək üçün tanışlıq bəs etmir, mərcə alimin göstərişinə ehtiyac var. Bu rabitə bizim imtiyazımızdır. Yəni biz alimlərin mövqeyini açıqlayırıq, buna qarşı çıxan alimlərə qarşı çıxır.
-Siz bir zaman Azərbaycanın tanınmış insanları Hacı İlqar, Hacı Şahini hicab qadağasına münasibətdə tənqid etdiniz. İndi isə onlara yaxın mövqe sərgiləyirsiniz?
- Yəqin ki, MRC-nin bəyanatını nəzərdə tutursunuz. Amma bizim də oxşar münasibətimiz olub. Biz sükuta, fəaliyyətsizliyə, gözləmə mövqeyinə qarşıyıq. Bu günə qədər dini kəsimdə hamı ilə dostluq münasibətimiz olub. Tənqid İslam təlimlərinin əsasıdır. Ən yüksək təhsil kursu olan xaric dərslərində tələbə müctehidə irad bildirir, cavab istəyir və cavab alır. Bir zaman adını çəkdiyiniz qardaşlar – təkcə onlar yox, həm də bu gün aktiv aksiya tərəfdarları Aşurada “səssizliyə” imza qoymuşdular. Səbəbi soruşulanda heç bir dəlil göstərmədən dedilər ki, məsləhət belədir. Hacı Mövsüm əzizimiz bu “səssizlik” razılaşmasına müxalif idi. Amma kimsəni ittiham etmədi, xəyanətdə suçlamadı. Belə də olmalı idi. İslam azadələrin dinidir. Fərqli fikirə dözməyənə İslamda yer yoxdur. Bir də insan dəyişkən məxluqdur. Onu birdəfəlik yaxşı, ya birdəfilik pis saymaq olmaz. Çox şahid olmuşuiq ki, dünən faydalı olan dindar bu gün cəmiyyətə qənim kəsilir, ya əksinə, dünənki düşmən bu gün dost olur. Bu həqiqət İslamdan xəbərdar insanları təəccübləndirmir.
-Siz “100 min imza” aksiyasına dəstək verdiniz. Çoxları bunu “Yezidə beyət” adlandırır.
-Çoxları deyəndə neçə min insanı nəzərdə tutursunuz?
-Dəqiq bilmirəm, olsun 200-300 nəfər.
-Bilirsinizmi, “100 min imza” aksiyasında artıq 20 minə yaxın imza toplanıb. İyirmi minlə üç yüzü müqayisə edin. Biz əvvəlcədən hiss etdik ki, arada fitnə ehtimalı var. Ona görə də dini vəzifəmizi öyrəndik. Sonrası, Beynəlxalq Əhlibeyt Cəmiyyətinin sədri Ayətullah Əxtəri bu aksiyaya dəstək verib. Sizcə, Ayətullah Əxtəri müsəlmanın vəzifəsini yaxşı bilir, yoxsa həmin 200-300 nəfər? Bu gün böyük alimlər Azərbaycan Prezidentinə hörmətlə müraciət edirsə, səhvə yol verir? Ayətullah Safi Gülpayiqanidən canıyanan olmuşuq İslama?! Cəfər Sübhaninin prezidentə məktubunu bir oxusunlar.
Bəli, biz vəsifəmizi öyrənib dəstək verdik. Görən bu gün 100 min imza sahibini xəyənətkar adlandıranlar da vəzifələrini öyrəniblərmi? Bu xəyanətkar ittihamının qiyamətdə sorğusu olmayacaq? Baxın vəhabilərə, qarşılarına çıxanı kafir, dinsiz, xəyanətkar adlandırırlar. Bu bizim məktəbin ənənələrinə yad münasibətdir.
-“100 min imza” hicab məhbuslarını kölgədə qoymayacaqmı?
-Biz bu kampaniyanı müqəddimə sayırıq. Siz təhsil nazirliyinin qarşısındakı aksiyalarda hicab məhbuslarını yada salan şüar, plakat görmüsünüz? Mən görməmişəm. Nə üçün insanlara fərq qoyaq? Özün görmədiyin işi başqasından necə tələb edə bilərsən?!
-Qum tələbələrini, Haqq Yolunu ara qarışdırmaqda ittiham edənlər də var.
-Kimlər?
-Məsələn, Facebookda.
-Biz rəsmi qurum olaraq rəsmi bəyanatlara münasibət bildiririk. Ciddi qurumlar öz mövqeyini bəyanatlarda açıqlayır.
-Ola bilməzmi ki, bir şəxsiyyət haqlı olaraq etirazını bildirsin?
-Şəxs şəxsiyyətdən fərqlənir. Məsələn, Hacı Mövsüm şəxsiyyətdir. Onun hər sözünün dəyəri var. Şəxs isə adi insandır və çox söz danışa bilər. Biz hər şəxsin sözünə münasibət açıqlaya bilmərik.
-Bu gün etiraz edənlərə haqq vermirsiniz?
-Etiraza hər zaman qucaq açırıq. Etiraz ittihamdan fərqlənir.
Bununla belə, “100 min imza”ya müxalif olanların öncəki fəaliyyətlərini yüksək dəyərləndirirəm. Hicab aksiyaları İslam tariximizin şanlı səhifələridir. Narahatam ki, bu savab əldən çıxa bilər. İslam tarixində belə nümunələr çoxdur. Böyük qəhrəmanlığa imza atmış adamın müvəffəqiyyətdən başı gicəllənir və özü öz əməllərini yandırmağa başlayır.
-İxtilafları yoluna qoyacaq mexanizm görmürsünüzmü?
-Əlbəttə ki, bu mexanizm var. İxtilafda ilk addım güzəştdir. Güzəşt yoxsa fəallar bir araya gəlib normal müzakirə aparmalıdırlar. Əgər yenə nəticə hasil olmursa, mərcə alim son söz deməlidir. Mən əminəm ki, hər iki tərəf etiqadlı və xətdə olan insanlardan ibarətdir. Biz rəy almışıq ki, “100 min imza” dəstəklənsin. Qarşı tərəf kimdən rəy alıb? O hansı mənbədir ki, hicab istəyirəm deyəni xəyanətkar adlandırır? Ən pisi budur ki, liderlər arasındakı cüzi fərqlər ardıcıllar arasında müharibəyə çevrilir. Ortaya ədəbsiz adamlar düşür, özündən təcrübədə və yaşda böyük dindarlara “ikiüzlü, yalançı, fırıldaqçı” deyir. İslamda bidətin mahiyyəti prinsipləri pozmaq, arxadakı körpüləri uçurmaqdır. Biz bu günə qədər mərhum Hacı Əlikramı lider kimi yad edirik. Hansı ki səliqədə fərqli fikirlərimiz vardı. Həmişə yadda saxlayırdıq ki, bu insan İslam deyib haray çəkəndə biz aşırma şalvarda gəzmişik. Dindar gənclərə tövsiyəm budur ki, əxlaq qaydalarına riayət etsinlər, dinimiz əxlaq dinidir.
-Son sözünüz...
-Allah möminlərə qələbə vəd edib. Qələbə istəyən nəfsini kənara qoyub Allahın qırılmaz ipinə sarılsın. Din alimləri peyğəmbərlərin varisləridir. Mühüm hadisələrdə onların tövsiyəsinə önəm versək müvəffəq olarıq. Ümidsiz də olmayaq. Bu gün ən qatı müxaliflər bircə dəfə bir araya gəlib söhbətləşsələr bütün ixtilaflar aradan qalxar - əlbəttə ki, söhbətləri Allahın razılığı üçün olsa.


Müsahibəni qələmə aldı: A. Arazlı
Hicab.org


Comment