0
Wednesday 30 September 2009 - 20:19

ATƏT-IN LAÇIN DƏHLIZINDƏKI IŞLƏRI MDB SAMMITINƏ QƏDƏR BITƏCƏK

Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib
Story Code : 12425
ATƏT-IN LAÇIN DƏHLIZINDƏKI IŞLƏRI MDB SAMMITINƏ QƏDƏR BITƏCƏK
Bunu Ankarada mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əvvəlki illərdə müşahidə olunmayan önəmli inkişaf var. Nazir Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşünün də bu istiqamətdə irəliyə doğru addım olacağını söyləyib.

Oktyabrın 14-də Türkiyə və Ermənistan milli futbol komandalarının matçından əvvəl iki ölkə sərhədlərinin bir günlük simvolik açılmasının mümkünlüyü barədə sualı cavablandıran Əhməd Davudoğlu bəyan edib ki, hər hansı müvəqqəti qərarın qəbulu planlaşdırılmır və sərhədin açılması məsələsi paraflanmış protokollarda əksini tapıb.
Nazirə ötən şənbə günü Türkiyə çempionatı çərçivəsində keçirilən "Bursaspor" - "Diyarbəkirspor" qarşılaşmasında baş verən gərginliyin eyni şəhərdə oynanacaq Türkiyə-Ermənistan matçında da təkrarlanması ehtimalı, eləcə də Azərbaycan prezidenti İlham Əliyevin bu matça dəvət edilib-edilməyəcəyi haqda da sual ünvanlanıb. Əhməd Davudoğlu futbol qarşılaşmalarının idmanın ruhuna uyğun olaraq dostluq, qardaşlıq və centlmenlik çərçivəsində baş tutduğunu vurğulayaraq narahatlıq duymadıqlarını qeyd edib. Azərbaycan prezidentinin dəvət olunmasına gəlincə, türkiyəli nazir bunun ikitərəfli matç olduğuna diqqət çəkib: "Amma qonaq kimi matça gəlmək istəyənlər olarsa, bundan şərəf və məmnuniyyət duyarıq".

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ATƏT missiyasının Laçın dəhlizində apardığı texniki işlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tərkib hissəsi olduğunu bildirmişdi. Missiya Laçın dəhlizində ölçmə işləri aparır və səfərin nəticəsi haqqında hesabat hazırlayaraq ATƏT-in Minsk Qrupuna təqdim edəcək.
Source : Faktxeber.com
Comment