0
Saturday 3 March 2012 - 12:46

“Nyu-York Times” qəzeti Quba üsyanından yazıb

Story Code : 142532
“Nyu-York Times” -  Quba
“Nyu-York Times” - Quba
“Nyu-York Times” qəzeti dünənki sayında bu hadisələrə dair geniş məqalə dərc edib. Qəzetin Moskva bürosunun hazırladığı materialda deyilir ki, Azərbaycan liderləri misli görünməmiş xalq etirazlarından sonra güzəştə gedir.

Bildirilir ki, ölkənin şimalındakı Quba rayonunda baş vermiş misli görünməmiş etirazlar zamanı qəzəblənmiş kütlə əyalət qubernatorunun evinin qarşısında toplaşaraq onun istefasını tələb edib. Daha sonra onun evi yandırılıb. Mərkəzi hakimiyyət qubernatoru azad etməklə etirazları sakitləşdirməyə çalışıb. “Azərbaycanlılar cümə günü səhər saatlarında Quba küçələrinə çıxdı, günün sonunda qubernator azad edildi” deyə, məqalədə bildirilir.
“Nyu-York Times” qeyd edir ki, küçə etirazları digər keçmiş sovet respublikalarında olduğu kimi Azərbaycanda da yaxından müşahidə edilir. Çünki Yaxın Şərq ölkələrini bürüyən etirazların keçmiş sovet respublikalarına da yayılacağı ilə bağlı narahatlıqlar var. Qəzet problemin “qubernator” kimi təqdim etdiyi yerli icra hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışında qubalıları “satqın” adlandırmasından qaynaqlandığını xatırladır. “Azərbaycandakı siyasi müşahidəçilər isə qeyd edirlər ki, bu təhqir korrupsiyadan, yerli məmurların özbaşınalıqlarından boğaza yığılan yerli sakinlər üçün daha çox qəzəblərini ifadə etmək üçün bəhanə rolunu oynayıb. Azərbaycanda küçə etirazları digər keçmiş sovet respublikalarında olduğu kimi yaxından izlənir. Narahatlıqlar var ki, Yaxın Şərqin avtoritar ölkələrini bürüyən inqilablar bura da yayıla bilər. Azərbaycan Xəzərdən əsas neft hasilatçısıdır, Birləşmiş Ştatlarla yaxşı münasibətləri var və Əfqanıstana daşınan hərbi yüklərin daşınmasında tranzit rolunu oynayır. Bakıdan telefonla hadisələrə şərh verən politoloq Rasim Musabəyov hesab edir ki, Quba hadisələrinin ölkəyə yayılması ehtimalı yoxdur. Çünki etirazçılar yerli qubernatorun istefasını tələb ediblər və prezident İlham Əliyevə qarşı deyildilər”.
Qəzet qeyd edir ki, ölkə istənilən xalq etirazlarından narahatlıq keçirir. Polis hətta kiçik nümayişləri də dağıdır və ölkədə sonuncu dəfə irimiqyaslı etiraz aksiyaları 2003-cü ilin oktyabrında İlham Əliyevin hakimiyyətə gəlişi zamanı və ondan sonrakı parlament seçkilərində qeydə alınmışdı. “Bu dəfə problemin qarşısını almaq üçün çevik davranan mərkəzi hakimiyyət günün sonunda Həbibovu azad edib, saxlanılan nümayişçilər isə buraxılıb. İnternetdə yayılan videokadrlarda minlərlə insanın qubernatorun alovlar içərisində olan malikanəsinin qarşısına toplaşdığı görünür. Quba Rusiyanın Dağıstan vilayəti ilə sərhəddir. Dağıstanı radikal islamçı yaraqlıların dəstələri başına götürüb. Hakimiyyət etirazları yatırmaq üçün zirehli texnikanı və Daxili Qoşun hissələrini rayona yeridib. Günün sonunda isə kütlənin dağıldığı xəbər verilirdi. Ötən ilin dekabrında etirazlar və iğtişaşlar Qazaxıstanın qərbindəki Janaozen şəhərini bürüyüb. Hakimiyyət bu etirazları yatırmaq üçün silah işlədib və onlarla etirazçı öldürülüb. Orada da etirazçılar yerli hakimiyyət orqanlarının binasına od vurmuşdular” deyə, məqalədə xatırladılır.
Hadisələrlə bağlı “Röyter” agentliyinin xəbərində isə deyilir ki, etirazlarda on minə qədər insan iştirak edib. Agentlik bu hadisələrin Bakıda keçiriləcək “Eurovision” mahnı yarışması ərəfəsində baş verdiyini, Azərbaycan hökumətinin insan haqlarının pozulmasına görə tez-tez beynəlxalq insan haqları təşkilatları tərəfindən tənqid olunduğunu xatırladır. Bildirilir ki, ölkədə sərbəst toplaşmaq azadlıqları faktiki olaraq qadağan edilib. /Deyerler/
Comment