0
Monday 11 June 2012 - 08:51

“Ramiz Mehdiyev qəzetin əmlakını talan etdi…”

Story Code : 170144
Azərbaycan - Ramiz Mehdiyev
Azərbaycan - Ramiz Mehdiyev
Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bağı Ağır Cinayətlər məhkəməsində qaldırdığı vəsatətlər:

Həbs olunduğum andan insan ləyaqətini alçaldan rəftara məruz qalmışam. Bununla da AR CPM-nin 13.2.1 maddəsi kobud şəkildə pozulub. Məni həbs edənlər özlərini təqdim etməyiblər və israrlı tələblərimə baxmayaraq, özlərini təqdim etməkdən imtina ediblər. Məni zorla, fiziki güc tətbiq edərək, müsahibə verməyə getdiyim “Kanal 13”ün qarşısından, Ç.Mustafayev küçəsi 89 ünvanından qara rəngli CİP avtomobilinə oturdublar və kanalın məni dəvət edən müxbirinə bu haqda məlumat verən zaman kobudluqla və zorakılıqla telefonumu əlimdən alıblar. Beləliklə məni həbs edənlər günün-günorta çağı məni oğurlayıblar. Avtomobildə ləyaqəti alçaldan söyüşlər söyüb, mənə qarşı fiziki güc tətbiq ediblər. Mənə, “eto tvoyo naçalo kontsa” – “bu sənin sonunun başlanğıcıdır” deyiblər və ABŞ-nin Azərbaycandakı səfirliyinin qarşısından keçəndə, “Mehdidir buradakı dostun? Biz sənə səfirə müraciət etməyin, ABŞ-dan pul istəməyin nə demək olduğunu göstərəcəyik!” deməklə həbsimin ilk andan etibarən siyasi məna daşıdığını bəyan ediblər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetinin əmlakını talan etdirəndən sonra mən ABŞ-nın prezidenti Barak Obamaya məktubla müraciət etmiş, Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbərliyinin sifarişli və özündən asılı olan məhkəmələrə kəsdirdiyi cərimələri ödəmək üçün ondan 19.000 AZN borc pul istəmişdim. ABŞ səfirliyi 2011-ci il oktyabr ayının 25-də bu müraciətlə bağlı məni qəbul etmiş, öz növbəmdə ABŞ-dan pul istəmədiyimi, sadəcə azad sözü və müstəqil mətbuatı boğan Ramiz Mehdiyev guruhuna qarşı bu addımı atdığımı diqqətə çatdırmaq üçün bir aksiya olaraq keçirdiyimi və müraciəti dünya ictimaiyyətinin diqqətini əlb etmək üçün etdiyimi bildirmişdim. Görünür bu addımım çox təsirli olub ki, məni oğurlayan hakimiyyət qoluzorlusu belə bu haqda danışmaqla məsələnin nə qədər ciddi olduğunu və məni əslində kimin, niyə həbs etdirdiyini özü də bilmədən faş edib. Məni oğurlayan və ləyaqətsiz davranışa məruz qoyan qoluzorlu qoçular hələ də cəzalandırılmayıb.
Tutulduqdan dərhal sonra ailəmə, ohumlarıma, yaşadığım və işlədiyim yerə nə telefonla, nə də digər vasitələrlə xəbər vermək imkanı yaradılmayıb. Bununla da AR CPM-nin 91.5.6. maddəsi pozulub. Bu haqda müstəntiqə dəfələrlə xatırlatmış, qznunun əmredici tələbləri haqda ona xəbərdarlıq və xahiş etmişəm. Amma qanuni haqlarım pozulub və mənə heç bir imkan yaradılmayıb.
Vəkilimlə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq haqqım dəfələrlə və dəfələrlə CPM-nin 91.5.8 maddəsi pozulub.Bütün görüşlərimiz razılığımız olmadan video və audio lentə alınıb. Danışıqlarımız dinlənilib. Həm vəkilim və həm də mən əsassız yoxlamalara məruz qalmışıq. Nə xəbərdarlıqlarımız, nə də digər tələblərimiz diqqətə alınmayıb. Bu haqda həm müstəntiqə, həm də prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermişik, amma heç bir tədbir görülməyib.
İstintaq yekunlaşanda zəruri sənədlərin və cinayət işində yer alan digər materialların sürətlərini çıxarmaq imkanlarım tanınmayıb. Bununla da CPM-nin 91.5.22 maddəsi pozulub. İndiyə qədər bir çox sənədlər var ki. Onların sürəti hələ də mənə təqdim olunmayıb və bu mənə müdafiəmi istədiyim kimi qurmağa imkan vermir.
Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində, hansı nəticənin əldə edilməli olduğu və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün olmadığını izah etmədən (CPM-nin 446.2.7) və bu tədbirlərin həyata keçirilməsində hansı nəticələrin əldə edilməsinin güman edildiyi və həmin nəticənin hansı üsulla rəsmiləşdiriləcəyi hesablanmadan (CPM 446.2.9.) bu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsaslaşdırılmadan (CPM 446.2.6) evimdə, işimdə və avtomobilimdə axtarışlar aparılıb və mənim ictimaiyyət arasında nüfuzdan salmağa çalışılıb. Evimdəki axtarışda mənim nümayəndələrim iştirak etməyib və ümumiyyətlə axtarışlar barəsində mənə heç bir məlumat verilməyib. İstintaq materialarından və ittiham aktından görünür ki. Bu cür axtarışlara heç bir ehtiyac olmayıbmış.
Məni həbs edənlər dərhal əl telefonlarımı aldılar və mesaj qutusundakı mesajları oxumağa başladılar. Onlara qanunsuz hərəkət etdiklərini xatırlatdım, onlar məhəl qoymadılar. Məni müstəntiqin otağına gətirəndə telefonlarım məni həbs edən və özünü terrorçu kimi aparan əməkdaşın əlində idi. Müstəntiqə bu haqda dedim, o, məni həbs edənləri tanımadığını söylədi. Mən israr etdim və hər görüşümüzdə bu haqda müstəntiqə dedim. Müstəntiq onlara heç nə deyə, “onlardan heç nə ala bilmərəm” deyib durdu. Mən, “onlar”ın həqiqətən kim olduqlarını öyrənə bilmədim. Bu haqda şikayət etdik. Səthi bir araşdırma apardılar və günahkarları cəzalandırmadılar. “Biz ora hər şeyi yaza və o telefonlardan hər kəsə istədiyimiz mesajları göndərə bilərik” deyirdilər mənə. Təsadüfi deyil ki, 15 dekabr 2011-ci ilə qədər telefonlarım işlədi. Mənim əvəzimdən mesajları aldılar, mesajlar yazdılar və … telefonlarım hələ də girovluqdadır . Müstəntiq qanunu pozub və şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına (CM 199.2) yol verib. İstintaqa lazım olduğunu bəhanə gətirib “Azercell” dən 01.01.2011-10.10.2011 arası bütün telefonuma gələn və gedən mesaj mətinlərini alması, lüzumsuz məlumat toplamaqdan başqa bir şey deyil və həm istintaq, həm də Azercell buna görə məsuliyyət daşıyır. Qanunun tələblərinə görə lazım olan araşdırmalardan sonra işə aid olmayan əldə edilmiş məlumatlar dərhal ləğv olunmalı ikən (299.5) onlar ləğv olunmayıb.
Müstəntiq üzəduranların hamısına Korrupsiyaya qarşı Mübarizə İdarəsində ərizə yazdırıb və bu ərizələrin hamısı eyni şriftlərlə, eyni həcmdə, eyni ifadələrlə yazılıb. Müstəntiq işi obyektiv, tam və hərtərəfli aparmaqdansa, özünü onların vəkili kimi aparıb. İşə qərəzli yanaşıb və istintaqın gedişində dəfələrlə bunu etiraf edib. Cinayət işi ilə tanışlıq mərhələsində isə müstəntiq hamıya ərizə yazdırmaı faktını etiraf edib və “kömək etməli idim” deyə açıqlama verib. Əleyhimə olan bütün ifadələri zor və hədə-qorxu tətbiq etməklə alıb. Müstəntiq adıkeçən üzəduranların heç birini mənimlə üzləşdirməyə gətirməyib. Yalnız qorxudularaq üzümə durmağa məcbur edilən həmkəndlimi üzləşdirmək üçün BİT-ə gətirib ki, onunla da istədiyini əldə edə bilmədiyini görüb, prosesi yarımçıq saxlayıb. Müstəntiqin planları o qədər bərbad olub ki, hətta bu üzləşdirmə haqqında ittiham aktında yazmağı belə “unudub”. Ondan sonra müstəntiq Ramil Usubovun yaxını və qorxudularaq üzümə durdurulan vətəndaşdan başqa heç kimi mənim yanıma gətirməyib. Bu da onun nə qədər qərəzli, qondarma cinayət işinin isə nə qədər siyasi çalarlı olduğunu göstərir. Adamları 5-7 il bundan əvvəl tamamilə unutduqları və əsla şikayət etmək düşüncəsində olmadıqları işlər üçün narahat ediblər, onları qorxudublar, bu işin “yuxarı” ların nəzarətində olduğunu deyərək. Onların iradələrini zorlayıblar. Telefonlarımda adı və nömrəsi olan bir çox iş adamlarını bu yolla qorxudaraq, bu yolla rüşvət alıblar. Bəzi dövlət məmurlarından da eyni qaydada küllı miqdarda pul alıblar. Korrupsiyaya qarşı Mübarizə apardığını iddia edən bir qurumun istintaqı və müstəntiqi bu yolla mənə qarşı “cinayət işi” düzüb-qoşublar. Bundn başqa, tamamilə başqa ittihamlarla, tamamilə başqa əməllərlə həbs olunmuş adamlardan, jurnalistlərdən yalan ifadələr almağa cəhd ediblər.
Müstəntiq səlahiyyəti olmadığı halda vergi yoxlaması təyin edib və sonra bunun tamamilə yanlış olduğunun vıə sırf öz günahları olduğunu özü də dəfələrlə etiraf edib. Vergi Departamentininişçilərinə “beş gün vaxt qoyan” və mütləq məbləği 3 min manatdan yuxarı “müəyyənləşdirmək” tapşırığı verən müstəntiq bunu qanunda nəzərdə tutulan “xeyli miqdar” üçün edib. Müstəntiq mənə daha bir qondarma ittiham elan etmək, ona tapşırılan siyasi sifarişi nəyin bahasına olursa-olsun həyata keçirmək üçün Vergilər Nazirliyinin əməkdaşına mənə elan olunacaq cərimənin məbləğini şişirtməyi tapşırır ə nə qədər dəhşətli olsa da vergilərin əməkdaşı da bu siyasi sifarişi qəbul edib. Şişirdib, şişirdib, şişirdib, “xeyli miqdarda vergidənyayınma”nı 7300 manata çatdırıblar. Amma ekspert bütün sifarişlərin olmasına baxmayaraq bu məbləği 4 min manatadək endiri və sübut olunacaq ki, bizim “vergidənyayınmamız” cəmi olsa-olsa bir neçə yüz manatdan o tərəfə keçmir.
Saxta yolla əldə olunan sübutlar (125.2.1) hədə-qorxu. Aldatma, qeyri-insani (125.2.2) yolla əldə edilən CD-ni müstəntiq sübut kimi qəbul edib və bu istiqamətdə aparılan istintaq hərəkətləri kobud qanunpozuntuları ilə müşayiət olunub (125.2.7).
Heç bir hüquqi qüvvəsi olmayan və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilməi mümkün olmayan sübutları (125.3) qanun qadağan edir. Müstəntiq burada da qanunun tələblərini kobud sürətdə pozaraq, saxtalaşdırılmış və qeyri-qanuni yolla əldə olunmuş sübutları qeyri-qanuni olaraq qəbul edib.
Müstəntiq heç bir sübutu, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməyərək (145.1) qanunu və vicdanını unudaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasını təmin etməyib (145.2)
Saxta sübutlar başdan-ayağa şübhəli və müəmmalı olduqları halda onların heç birini müstəntiq təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyib (145.3).
Müstəntiq sübutların lüzumsuz toplanılmasına yol verib (146.3.1) və ibtidai araşdırmanın heç bir əsas olmadan uzadılmasına, yəni süründürməçiliyə yol verib (146.3.2). Əslində obyektiv. Tam və hərtərəfli araşdırmanın olacağı halda bütünlüklə ilk 3 aylıq müddətində istintaq yekunlaşmalı idi. Müstəntiq qəsdən, süründürməçiliklə dekabr ayında görüləcək işi, uzadaraq mart-aprel aylarında görüb və heç nəyin ondan asılı olmadığını dəfələrlə etiraf edib.
Heç bir kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz (34.1). Məhkəmədə xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi, eyni əməlin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir (34.2). Şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının cinayət işi başlamasının rədd edilməsi və ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda, cinayət işi üzrə icraata xitam verilməlidir (39.1: 39.1.6). Həm Akif Məmmədov, həm də üzümə durdulan Aydın Heydərovla anoloji hallar mövcuddur və hər iki şəxlə möhkəm çəkişməmiz olub. Hər iki şəxs şikayət etdikləri tarixdə məni xüsusi ittiham qaydasında məhkəməyə verib və hər iki şəxs xüsusi ittiham qaydasında iddialarından imtina ediblər. Sabir Tanrıverdiyevə gəlincə o, hazırda Gəncənin icra başçısı olan Elmar Vəliyevin adından şahidlik edir ki, bu da qanunda “yalançı şahidlik” hesab olunur. CPM-nin 126.3 maddəsinə görə, özgənin sözlərindən verilən məlumatlar sübut kimi istifadə edilə bilməz və hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa. Həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır cəza təyin edilməsi yolverilməzdir (34.3). Göründüyü kimi, Sabir Tarverdiyev təkcə yalançı şahid kimi qəbul edilməmiş, həm də qüvvəyə minmiş bir hökmün yenidən qaldırılmasını istəmişdir və müstəntiq qanunun tələblərini kobud sürətdə pozub. Müstəntiq hətta onu da nəzərə almayıb ki, məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur (141.1; 141.1.3.) O, başqa məsələdir ki. Sabir Tarverdiyevin KQMİ-nə, müstəntiqin otağına gələnə və otaqdan düşüb avtomobilinə minənə qədər 13 min AZN xərcləyib. Maraqlıdır, bu korrupsiya faktı hesab edilmirmi? Mən bu haqda müstəntiqə sual verəndə və korrupsiya ilə məşğul olub, rüşvət aldıqlarını bildirəndə, müstəntiq heyrətləndi, əvvəlcə “Sən bunu haradan bilirsən?” dedi və sonra səmimi şəkildə bütün müqəddəslərinə and içdi ki, Sabirin pullarından ona bir manat da olsun çatmayıb. Mən bu səmimi anda inandım.
Yalnız o ifadələr sübut oluna bilər ki, onların bu hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qoruyan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun (126.2). Eyni zamanda şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən, verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz (126.3). qanunun bu açıq müddəasına baxmayaraq, müstəntiq deputat Gülər Əhmədovanın oğlunu, işçisini və rəfiqələrini şahid qismində tanıyıb və onların saxta ifadələri ilə məni “cinayət”də ittiham edib, “cinayət”imi sübut etməyə çalışıb. Gör istintaq və məni şərləyənlər nə günə qalıblar ki, evlərindəki “gül bala”larını ifadə verməyə məcbur ediblər. Sübutları yoxdur axı! Halbuki yalnız o şəxslər, yalnız vəfat etmiş əxsin sözlərindən alınmış məlumatlardan, o da məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi istifadə ola bilər ki, (126.3) şikayətçi Gülər Əhmədova ölməyib, hələ həyatdadır.
Cinayət işinin materialarından, ölkə mətbuatındakı açıqlamalarından görünür ki, deputat Gülər Əhmədova siyasi hakimiyyətin, konkret olaraq Prezident Administrasiyasının (PA) məni susdurmaq üçün istifadə etdiyi alətdir. PA və onun səlahiyyətləri 15 ilin deputatını 10 il tarixi olan bir gündəlik qəzetin baş redaktorunun şərlənməsinə və Azərbaycan ictimai rəyinin formalaşmasına təsir göstərmək gücü olan önəmli tənqidçi bir gündəlik qəzetin susdurulmasında və fəaliyyətinin dayandırılmasında istifadə edib. Özünü hər zaman hakim YAP-ın əsgəri hesab edən deputat bu dəfə də əsgərliyindən qalmayıb. Cinayət işinin materialları hətta saxta sübutlar belə onu sübut edir ki. Gülər Əhmədova mənim jurnalist fəaliyyətimə mane olmaq üçün ondan redaksiyaya daxil olan məlumatları dərc etməmək üçün mənə dəfələrlə və israrla rüşvət təklif edib. Ancaq mən bu çirkin təklifi qəbul etməmiş, ondan qaçmış, onun israrlı görüşmək təkliflərini rədd etmiş, təkidlə etdiyi uzun-uzadı telefon zənglərini götürməmişəm. Açıq-aydın görünən odur ki, Gülər Əhmədova “Xural” da dərc olunan hansısa adını çəkmədiyi yazılardan narazı qalıb və ona görə də “qəzəblənərək” məni şərləməyə və siyasi sifarişi yerinə yetirməyə qərar verib. Əvvəlcə hansısa rüsvayeici məlumatlarla ona hədə-qorxu gəldiyimi iddia edən deputat sonra “əlində məni rüsvayedici məlumatlar olsaydı, onu mütləq dərc edərdi” qənaətinə gəlir. Müstəntiq işi ciddi, hərtərəfli, obyektiv və tam araşdırsaydı, qanunun və vicdanın tələblərinə əməl etsəydi, o zaman iş rədd edilməli, uzaqbaşı CM-nin 147, 148-ci maddələrinə tövsif olunardı və Nərimanov rayon məhkəməsinə göndərilərdi. Qanun bunu tələb edirdi. Yox, əgər deputat həqiqətən şantaj olunduğunu iddia etməyə davam edərdisə, o zaman əlindəki şantaj materialları ilə iş 156-cı maddəyə tövsif olunmalı və yenə də Nərimanov rayon məhkəməsinə göndərilməli idi. Çünki qanun belə tələb edir. Əks təqdirdə qanunsuzluq hakim olar ki, bu da Konstitusion nizamın pozulmasına və şərlənmənin hüquqi mahiyyət qazanmasına gətirib çıxara bilər.
Müstəntiq obyektiv yanaşacağı təqdirdə, yaxud məhkəmə ədalətli keçiriləcəyi təqdirdə açılan cinayət işində əsl cinayətin deputat tərəfindən törədildiyini görməmək mümkün deyil. Deputat mənim jurnalistlik fəaliyyətimə mane olmaq istəmiş, peşə fəaliyyətimi əngəlləmiş, zor tətbiq etmək hədə-qorxusu ilə haqqında məlumat yaymaqdan imtina etməyə vadar etmək təşəbbüsü göstərmiş (163) eyni əməlləri öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir (163.2). Bundan başqa deputat G.Əhmədova xidməti vəzifənin icrası ilə əlaqədar şəxsən mənim üçün, şəxsən özü maddi nemət təklif etmiş, mənə onun haqqında yazmayacağım halda imtiyaz və güzəştlər təklif etmiş, pul vəd etmiş, CM-nin 312-ci maddənin nəzərdə tutduğu “rüşvətvermə” cinayətini törətmişdir. Bundan başqa G.Əhmədova öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə birbaşa özü şəxsən maddi nemətin, imtiyazın və güzəştin təklif edilməsini həyata keçirmiş, onun haqında yazmamaq üçün vəd vermiş və CM-nin 312.1.2-ci maddəsində (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstər (nüfuz alveri))nəzərdə tutulan cinayəti törətmişdir. Deputat G.Əhmədova bütün qanunları pozaraq özü haqqında hər hansı tənqidi informasiyaya dözümsüz yanaşmış, məndən 1998-ci ildə rəsmən ləğv olunan senzuranın bərpasını tələb etmiş, KİV haqqında qanunu pozmuş, cinayət törətmişdir. C.Əhmədova bununla kifayətlənməmiş, ibtidai istintaqda bilə-bilə yalan ifadə vermiş (297.2), 297-i maddədə nəzərdə tutulan cinayəti törətmişdir (Bilə-bilə yalan ifadə vermə, yalan vəd vermə və yanlış tərcümə etmə). Yəni ortaya belə bir mənzərə çıxır. Müstəntiq işi dərhal rədd etməli, G.Əhmədovanın əsassız ərizəsini bir kənara qoyub, maddələri düzgün tövsif etməli idi. Hazırda isə, məhkəmə CPM-nin 46-cı maddəsinin tələblərinə uyğun olaraq (Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri) davranmalıdır. Məhkəmə iclasına sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna, prokurorun diqqətini cəlb etdikdə prokurur bununla bağlı dərhal cinayət işi başlamalıdır. Bu halda prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərsə, məhkəmə iclasına sədrlik edən həmin qərarın qanunsuz və əsassız olması qənaətinə gəldikdə, yuxarı prokurordan zəruri tədbirlərin görülməsini tələb edə bilər (46.4). Beləliklə, deputat G.Əhmədovaya CM-nin 163 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma), 312 (Rüşvətvemə, (aktiv rüşvətxorluq)), 312.1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsirgöstərmə (nüfuz alveri)) və 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) maddələrilə cinayət işi qaldırılmalıdır. Prokurorluq toxunuzmaqlıq hüququndan istifadə edən şəxsin cinayət təqibi zərurəti yarandıqda onun toxunuzmaqlıq hüququndan məhrum edilməsinə razılıq verilməsi barədə Milli Məclis qarşısında vəsatət vermək üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etməli (84.5.10), Gülər Əhmədovanın deputat toxunulmazlığı qaldırılmalı və o, cinayət məsuliyyətinə cəlb edilməlidir.
CPM-nin 148-i maddəsi “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması” hallarını tənzimləyir. Maddənin tələblərinə görə, şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən məlumatlar olduqda o, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər (148.3):
Hadisə yerindən qaçıb, gizlənməyən, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə (148.3.1);
Daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda (148.3.2);
Şəxsiyyəti müəyyən edilmədikdə (148.3.3).

Göstərilən halların heç birinin mənimlə heç bir əlaqəsi və bağlılığı yoxdur. Mən 10 ildir fəaliyyət göstərən və Azərbaycan ictimai fikrinə önəmli dərəcədə təsir göstərən həftəlik, son bir ayda isə gündəlik tənqidçi qəzetin – “Xural”ın baş redaktoru olmuşam. Bu 10 ilə 35 məhkəmə prosesindən keçmişəm və heç birindən nəinki qaçıb gizlənmək, heç narahatçılıq da keçirməmişəm. Haqqımda açılan və təxminən 5 il davam edən cinayət işləri olub ki, nə istintaqa, nə də istintaqı aparan orqana problem yaratmamışam. Bunlara baxmayaraq, müstəntiq haqqımda həbs olunmağım üçün vəsatətlə çıxış edib və məni qanunsuz olaraq həbs ediblər. 150-ci maddəyə görə, (İttiham elan etmək üçün şəxsin tutulması) cinayət işi üzrə toplanmış sübutlar şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini ehtimal etməyə əsas verdikdə, bu şəxs başqa ərazidə yaşadıqda, yaxud onun yeri məlum olmadıqda, müstəntiq və ya prokuror həmin şəxsin tutulması barədə qərar çıxara bilər (150.1). Məni həbs edəndə özlərini təqdim etməyən və kobudluq göstərən KQMİ əməkdaşları, hüquqi ünvanda olduğum yerdə məni axtardıqlarını və guya məni orada tapmadıqlarını dedilər. Amma ibtidai araşdırma dövründə bu faktı təsdiq edəcək heç bir sübut görmədim və cinayət işində bu sübutlar yoxdur. Məni guya ki, yaşadığım yer məlum olmadığı üçün həbs ediblər. Amma CPM-nin 7-ci maddəsinə görə, bu Məcəllənin məqsədləri üçün “yaşayış yeri” anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili də əhatə edir (7.0.34). Deməli, hətta hüquqi ünvanımla yaşadığım yer arasında fərq olsa belə, mənim yaşayış yeri kimi xidməti kabinetim və avtomobilim də mövcud olduğu üçün, istintaqda da bu, məlum olduğu üçün, mənim haqqımda həbs qətiimkan tədbiri qanunsuz və əsassız olub. Ən azından mənim xidməti kabinetimi məni şərləyən deputat G. Əhmədova yaxşı tanıyırdı, ondan yerimi öyrənmək olardı. Avtomobilimi isə dövlət orqanlarının əlində bir neçə dəqiqəlik məsələdir ki, dərhal harada olduğumu müəyyənləşdirsin. Başqa bir məqam, yaşadığım yeri müəyyənləşdirə bilməyən istintaq, mənim həbsimdən 1 saat keçməmiş, yaşadığım ünvanda dəmir darvazanı sındırıb, evdə anlaqsız halda olan xəstə qayınatama təsir göstərərək, evimi talan etmişlər. Axtarış zamanı evdə ailəmdən heç kim iştirak etməmiş, heç kim yaxına buraxılmamışdı. Görəsən, müstəntiq cəmi bir saat ərzində yaşadığım ünvanı çox asanlıqla tapacaqdısa, bunu əvvəlcə niyə etmirdi. O bu cəsarəti və bu qədər qanunsuzluq etmək iradəsini haradan əldə edib və nə səbəbə mənə qarşı bu dərəcə qərəzli, qeyri-obyektiv və vicdansız davranışlar sərgiləyib? 115-ci maddədə göstərilən qətimkan tədbirlərinin tətbiqi əsaslarını nəzərə almayan müstəntiq təqsirləndirilən şəxsin şəxsiyətini, yaşayışını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsindəki şəxslərin və daimi yaşayış yerinin olmasını da nəzərə almayıb (155.2.2).

CPM-nin 160-cı maddəsi “himayə və əmlaka nəzarət etmə huququ” nu tənzimləyir. Valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması və habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş, yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (160.1). Məni həbs ediblər. Redaksiyamın zəruri texniki vasitələrini və avadanlıqlarını müsadirə ediblər və bu qanunsuz olub, bütöv bir kollektivi, təxminən 20 nəfəri işsiz qoyublar. Qəzetin fəaliyyətini repressiv və amansız inzibati metodlarla dayandırıblar. Mənimlə birlikdə işləyən həyat yoldaşım işsiz qalıb. Himayəmdə iki azyaşlı uşaq var. Eyni zamanda himayəmdə həbs olunmağımdan təxminən 1 ay əvvəl insult keçirən və danışıq qabiliyyətini itirən 74 yaşlı qayınatam var – müstəntiq nə hikmətdirsə, qanunun açıq və əmredici tərəflərini unudub, vicdansızlıq edib və onu yerinə yetirməyib. O nəinki qanuna əməl etməyib, əksinə bütün vasitələrdən istifadə edərək, məni şərləyən və şərləyəcək adam – şahid ovuna çıxıb. Mənim ailəm və övladlarım isə mənəvi və maddi problemlərə məruz qalıblar. Dövlət vətəndaşlarına beləmi sahib çıxır? Qanunlara bu qədər təhqiramiz yanaşmaq bizi və Azərbaycanı haraya aparır. Güman ki, müstəntiqə elə gəlib ki, necə olsa da Azərbaycanda Allah yoxdur… Rahatçılıqdır… Bundan başqa himayəmdə olan 74 yaşlı xəstə qayınatam artıq 8 aydır ki, müalicəsiz və köməksiz qalıb. Onun əmək qabiliyyəti yoxdur. KQMİ-nin əməkdaşları insult keçirən bu adamı axtarış zamanı qorxudaraq onun vəziyyətini daha da ağırlaşdırıblar. Qanunun 160.1 maddəsi isə açıq mətnlə əmr edir: “Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin onlara nəzarət və qulluq edilməsinin təklif olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir”. Müstəntiq bunların heç birini etməyib və nəinki xəstə adama kömək edib, əksinə, onun xəstəliyini daha da şiddətləndirərək, vəziyyətini pisləşdirib. Mənim ailəm artıq səkkiz aydır ki, köməksiz, qayınatam isə müalicəsizdir. Haradadır məni küçənin ortasında günün günorta çağı şərləyərək oğurlayan və artıq səkkiaz aydır içəridə günahsız girov saxlayan Azərbaycan dövləti? Mən şüurlu ömrümü buna görəmi bu Vətənə qurban etdim? Məni həbs etmək, qardaşımı və qohumlarımı, anamı işdən çıxarmaq, ailəmi məhrumiyyətlərə düçar etmək kimin beyninin məhsuludur? Bu, nə kişilik deyil, nə nakişilik deyil, bu, bir ailənin soyqırıma məruz qoyulmasıdır. Günahım nədir? Yazı yazmaq, tənqid etmək və müstəqil olmaq?
Evimdə, işimdə və avtomobilimdə lüzumsuz və qanunsuz axtarış aparanlar məni siyasi sifarişlə həbs etdiklərini bir daha təsdiqləyərək mənim evimdən qızıl külçələri, brilliant dolu vedrələrin harada saxlandığını öyrənməyə çalışıblar. Onlar anlaqsız və danışa bilməyən qayınatamdan külçə qızılların və brilliant dolu vedrənin harada olduğunu, silahların harada saxlanıldığını soruşublar. Qayınatam danışıq qabilliyətinin itirsədə, içindəki yumoru və ironiyanı toplayaraq evimi talan edənlərin “külçə qızılların”, “brilliant dolu vedrələrin” və silahların həyətimdəki ağacların dibində olduğunu bildirib və göstərib. KQMİ-nin əməkdaşları sevincək ağaclara cumublar və çox keçməyib ki, qayınatamın ironiyasına tuş gətirdiklərini anlayıblar. Mənim evimi, işimi, xidməti kabinetimi didik-didik axtaranlar nə külçə qızıllar, nə brilliant dolu vedrələr, nə də başqa şeylər tapa bilməyiblər. Amma seyfimdə qalan son 3 yüz dolları oğurlaya biliblər və bu, mənim üçün çox önəmli məbləğdir. Həmin 3 yüz dolların aqibətini müstəntiqdən dəfələrlə soruşmuşam, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora dəfələrlə bu barədə məlumat vermişəm, ancaq qaneedici cavablar ala bilməmişəm. Məhşur kinoda deyildiyi kimi, “sizin qızıl külçələriniz”, “brilliant dolu vedrələriniz” cəhənnəmə, mənim 3 yüz dollarım hara gedib? Müstəntiq ibtidai araşdırmanı doğru və obyektiv aparmaqdansa, mənim son pullarımı da mənimsəyən, oğurlayanları taparaq məsələni həll etməyə cəhd belə göstərməyib.
Hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının qanunlarının tələblərinə tabedirlər (25.1). Hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrə bağlı deyillər (25.2). Hakimlər sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edrlər (25.3). Hakimlər cinayət mühakimə icrasını həyata keçirdərkən, qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər (28.2). Şəxsin cinayət törətməkdə təqsirli olunması dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid, biri digərinnə kifayət qədər uyğun gələn möfəbər sübutların məcmufu ilə təsdiq olunmalıdır (28.5). məhkəmənin ittihamı hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri subuta yetirilən halda çıxarılır (351.2). Və bu qərar yalnız mötəbər mümkün sübutlara əsaslanaraq (351.3.3). Və təqsirləndirən şəxsin təqsililiyinə dair aradan qaldırıla bilməyən şübhələri şəhr edərək (351.3.4) çıxarılmalıdır. Müstəntiqin tərtib etdiyi ittiham aktı büsbütün ehtimallar, fərziyyələr, mülahizələr əsasında qurulub və məhəllə qadınlarının dedi-qodu və qeybət xarakterli söhbətlərindən o tərəfə keçməyib. Belə ittiham aktı ilə məni həbs etmək yox, müstəntiqə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora cinayət işi qaldırmaqla ən azından onları cəzalandırmaq mümkündür. Belə ittiham aktı olmaz və bu mülahizə-şər –böhtan yığınını məhkəmə heç bir əsasla qəbul etməməlidir və edə bilməz. Mən etdiyi qanunsuzluqlar haqqında dəfələrlə müstəntiqdən soruşdum və heç bir sübut olmadığı halda bu qədər mənasız maddələri mənə yükləməyinin səbəbini soruşdum. Müstəntiq bir dəfə konkret və səmimi cavab verdi: “Mən də başa düşürəm. Amma biz tüpürdüyümüzü yalaya bilmərik ki? Get məhkəmədə bəraət al. Onsuz da bu işdə heç nə olmadığını hamı bilir” . Bax belə. Sən demə, bizdə dövləti də nadan adamlar kimi idarə edirlər. Məntiqə baxın: “Biz tüpürdüyümüzü yalaya bilmərik”. Kiminsə yanlış olaraq tüpürdüyünü yalamaması üçün mən bir ömrümü qurbanmı verməliyəm?
Həbs olunduğum andan bütün sferalarda hüquqlarım pozulub. “Xural” qəzeti bağlanandan sonra məni müdafiə təşəbbüslərinin qarşısı alınıb. Ədliyyə Nazirliyi qeyri-qanuni olaraq, bir neçə qəzeti qeydiyyatdan keçirməyib. 2011-ci ilin dekabr ayının 4-də işıq üzü görən və mənim kollektivimin səyi ilə çap olunan “ASİ” qəzeti elə ilk nömrədən qadağan edilib. Bu Azərbaycan hakimiyyətinin senzuranı bərpa etmək təşəbbüsündən başqa bir şey deyil. Ədliyyə Nazirliyi siyasətə qarışıb, senzuranı xortladıb və təqsirsizlik prezumpsiyasını pozaraq mənim və qəzet haqqında ittihamedici bəyanatla çıxış edib. Baş Prokurorluq da eyni hərəkətləri təkrar edib. Ramiz Mehdiyevin adı isə ümumiyyətlə, Ədliyyə Nazirliyinin açdığı cinayət işindən çıxarılıb. Təbii ki, acizlərin adlarını çəkməkdən qorxduğu PA rəhbərini müstəntiq çağıra, işə daxil edə və dindirə bilməzdi. Dəfələrlə dedim, əlini boğazına ataraq xahiş etdi ki, “bu işi Sən məhkəmədə qaldır” dedi. Mən bütün ifadələrimdə həbsimin siyasi motiv daşıdığını, azad mətbuata və müstəqil mediaya təzyiq olduğunu, həbsimin sifarişçisinin birbaşa Ramiz Mehdiyev, icraçı və təşkilatçının isə PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov olduğunu vurğulamışam. Bu məqamların çoxu ifadələrimdə yoxdur. Bu qeyri-qanuni istintaqın heç bir sənədini imzalamadığım üçün ifadələri saxtalaşdırmaq müstəntiqə elə də çətin olmayıb. O əmindir ki, onu heç kim cəzalandırmayacaq. Elə düşünür. Gördüyü işin sifariş olduğunu özündən yaxşı bilən də yoxdur. Arxayınçılığının səbəbi budur.

GÖSTƏRİLƏNLƏRİ NƏZƏRƏ ALARAQ XAHİŞ EDİRƏM:

Akif Məmmədovun, Aydın Heydərovun və Sabir Tarverdiyevin şikayəti əsassız hesab edilsin. Adı çəkilən şəxslərə və onların yalançı şahidlərinə AR CM-nin 297-ci maddəsilə (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və yanlış tərcümə etmə) cinayət təqibi başlasın. Eyni zamanda adı çəkilən şəxslərin arxasında dayanan və onları bu işə cəlb edən təşkilatçılar cəzalandırılsın.
G.Əhmədovanın yalançı və saxta şahidləri, onların ifadələri əsassız hesab edilsin, bu yalançı və saxta şahidlər 297-ci maddəilə cinayət məsuliyyətinə cəlb edilsin.
G.Əhmədovanın əsassız şikayəti üzrə mənə elan edilmiş maddə öz təyinatı üzrə 147 və 148-ci maddələrə tövsif olunsun və rayon məhkəməsinə göndərilsin.
G.Əhmədovaya AR CM-nin 163 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmaq), 312 (rüşvətvermə (aktiv rüşvətxorluq)), 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) və 297 (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və yanlış tərcümə etmə) maddələrilə cinayət təqibi başlansın və prokuror Baş prokurora deputatın toxunulmazlığının Milli Məclis qarşısınd qaldırmaq üçün təqdimat versin.
CPM-nin 160-cı maddəinə əsasən, ailəmin təminatının həbs olunduğum andan dövlət büdcəsinə alınmasına, himayəmdə olan xəstə qaynatamın daim həkim nəzarətinə götürülməsinə qərar verilsin.
Əsassız və lüzumsuz “sübutlar”, o cümlədən “Azercell”dən qeyri-qanuni alınmış mesajlar dərhal ləğv edilsin.
Müstəntiq və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxarılsın və onların cəzalandırılması təmin olunsun.

Əvəz Zeynallının Bakı Ağır Cinayətlər məhkəməsində çıxışı
/HaqqYolu/
XuralTAC
Comment