0
Monday 3 September 2012 - 01:22

Cəlilabad polisi kimi qoruyur?

Story Code : 192223
Cəlilabad polisi kimi qoruyur?
Cəlilabad polisi kimi qoruyur?
Cəlilabad rayonunun Qarazəncir kənd sakini Taleh Əliyev ünvanladığı məktubda yazır: “20 iyul 2012-ci ildə Bakı-Astara magistral yolunun Cəlilabad rayonu Qara Zəncir kəndindən keçən hissəsində VAZ 2007 markalı minik maşını qızım Əliyeva Elnarəni yol kənarında vuraraq ona ağır xəsarət yetirmişdir. Belə ki, həyat yoldaşım uşağın əlindən tutaraq səkinin qırağı ilə gedirmiş. Lerik rayonundan olan sürücü VAZ 2007 minik maşını ilə, şahidlərin dediyinə görə saatda 120-130 kilometr sürətlə gələrək (halbuku həmin ərazidə sürət 50 km-dən yuxarı deyil) həyat yoldaşımı qıçından vurmuş, 9 yaşlı qızımı isə maşının altında 30-35 m sürümüşdür”.

Məktubda daha sonra deyilir: “Zədələri ağır olduğu üçün qızımı Bakıya, “Semaşko” adlanan xəstəxanaya apardıq. Həkimlər bildirdilər ki, qızımın çanaq sümüyü 2 yerdən ovulub. Ona kəllə-beyin silkələnməsi, kəllə sümüyünün sınığı diaqnozu qoyulub və onun 3 dişi qırılıb. Həmçinin, sifətində və bədənin müxtəlif yerlərində çoxsaylı sıyrıqlar və digər xəsarətlər var.

Uşağı 26 gün xəstəxanada yatırtmalı olduq. Mənəvi-psixoloji sarsıntılar bir yana, külli miqdarda maddi ziyana düşdük. Xərclər hədsiz çox olduğundan uşağın müalicəsi bitməmiş evə gətirdik. Hazırda qızım gah evdə, gah poliklinikada müalicə alır, onun şikəst olacağı ehtimalı böyükdür və qarşıda bizi ağır cərrahiyyə əməliyyatı gözləyir.

Mən də sürücüyəm. Hadisədir də, hamının başına gələ bilər. Maraqlısı isə odur ki, hadisədən bir aydan artıq vaxt keçsə də, hadisəni araşdıran Bəyəmir adlı müstəntiq bizdən bir dəfə də izahat almayıb. Uşağımı maşını ilə vuran sürücünün adını, soyadını belə mənə bildirmirlər. Bircə onu bilirəm ki, sürücü Lerikdən, elə həmin müstəntiqlə qonşu kənddəndir.

Sürücünün adamları cəmi bir dəfə Bakıya xəstəxanaya gəlib dedilər ki, min dollar verək, uşağı təcili xəstəxanadan çıxart, qoy sənədlərdə ağır zədə kimi yazılmasın, işi qurtara bilək. Həm də dedilər ki, işi müstəntiqlə də 3 min manata danışmışıq, razılaşmışıq ki, uşaq 21 gündən tez çıxsa, o, işi həmin məbləğə həll edəcək.

Mən təəccüblə dedim ki, uşağım ağır vəziyyətdədir, şikəst olub, onu bu tezliklə xəstəxanadan çıxarmaq ağır fəsadlar törədər. Həm də uşağımın bədbəxtliyi üzərində müstəntiqin alver etməsi məni hiddətləndirdi. Axı insanların taleyi ilə, xüsusən onlara baş vermiş faciə ilə bu cür oynamaq olmaz.

Mən sürücünün adamlarına kəskin cavab verib onlardan ayrıldım. Bu adamlar sonra bircə dəfə də olsun, gəlib xəstəyə baş çəkmədilər.

Mən dövlət və hüquq mühafizə orqanlarından xahiş edirəm ki, işi aparan müstəntiqin əməllərinə hüquqi qiymət verilsin. İnsan şikəst olub, ailə psixoloji zərbəyə məruz qalıb, müstəntiq isə öz alverinin hayındadır. Xahiş edirəm ki, aydınlaşdırasınız, onun marağı nədir ki, işi bu qədər uzadaraq “öldürür”? Nəyə görə cinayəti törədən adamın adını mənə bu vaxta qədər demirlər? Nəyə görə bizdən izahat alınmır? Məndə olan məlumata görə, sürücünün sənədi olmadığı üçün onu başqa bir sənədi olan adamla dəyişməyə cəhd etmişlər. Həyat yoldaşım həmin adamı görüb, onsuz da məhkəmədə tanıyacağıq.

Şahidlərin dediyinə görə, hətta hadisə yerinə gələn müstəntiq uşağı vuran sürücü ilə öpüşərək görüşmüşdür, onların arasında onsuz da əvvəlcədən isti münasibətlər var imiş.

Mən yuxarı təşkilatlara da müraciət etmişəm ki, bu iş həmin müstəntiqdən alınsın. Çünki o heç vaxt bu işə ədalətlə baxmayacaq”. /DİA/
Comment