0
Thursday 1 November 2012 - 11:58

İran səfiri: “Azərbaycan və İran bir xalqın iki dövlətidir”

Story Code : 208200
İran səfiri: “Azərbaycan və İran bir xalqın iki dövlətidir”
İran İslam Respublikasının (İİR) Azərbaycandakı yeni səfiri Möhsün Pakayin AzNews.az-a müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik.

-Azərbaycanda özünüzü necə hiss edirsiz?

-Mən Azərbaycanda olduğum üçün qəti darıxmıram və özümü doğma vətənimdəki kimi hiss edirəm. Bura mənə çox doğma görünür. Müsəlman Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir. Əminəm ki, Azərbaycan xalqı İranın dostudur. Fəxrlə deyə bilərəm ki, Azərbaycan və İran bir xalqın iki dövlətidir.

-İran-Azərbaycan münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirirsiz?

-İran və Azərbaycan münasibətlərində gərginlik ola bilməz və bunu yaratmaq belə, mümkün deyil. Hazırda Azərbaycan və İran arasında həll olunmamış məsələ yoxdur. Təbii olaraq bəzən iki ölkə arasında bəzi məsələlərdə hər hansı fikir ayrılığı ola bilər, amma bu, bizim dostluq münasibətlərimizə əsla təsir edə bilməz. Çox təəssüf ki, bəziləri bunu iki ölkə arasında guya, gərginliyin olması kimi qiymətləndirirlər. Mən bir daha bəyan edirəm ki, müəyyən narazılıqlar istənilən ölkələr, hətta ailə üzvləri arasında da ola bilir və buna qeyri-adi yanaşmaq düzgün deyil. Mən İran-Azərbaycan münasibətlərinin gələcəyini çox uğurlu və aydın görürəm. İnanmıram ki, gələcəkdə də iki ölkə arasında hər hansı ciddi problem olsun. Azərbaycan və İranın dövlət başçılarının iradəsi iki ölkə arasında mövcud olan münasibətlərin qarantıdır. Xüsusilə də Azərbaycan və İran prezidentlərinin dostluğu iki ölkə münasibətlərinin inkişafına güclü təsir göstərir.

-İran Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə hansı töhfələrini verə bilər?

-İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib və bundan sonra da belə olacaq. Biz çox istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə sülh yolu ilə həll olunsun. Hesab edirik ki, Azərbaycan əraziləri dərhal işğaldan azad olunmalıdır. İran öz növbəsində bu istiqamətdə səylərini davam etdirir. Amma bilirsiz ki, bu münaqişəni İran təkbaşına həll edə bilməz. İndi ATƏT-in Minsk qrupu bu münaqişənin həlli istiqamətində müvafiq işlər aparır. Biz hesab edirik ki, Minsk qrupuna üzv dövlətlərin bu məsələ ilə bağlı mövqeyi İran üçün də məqbuldur. Biz Minsk qrupunun daha da fəal olmasını və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyirik.

-İran-Azərbaycan sərhəd bölgəsində yeni gömrük keçid məntəqəsinin açılması işi nə yerdədir?

-Belə bir planımız var ki, İran Astarasında olan dəniz limanı ilə Bakı dəniz limanı arasında əlaqələr yaradılsın. Ümid edirik ki, 2013-cü ildə Astara və Bakı dəniz limanları arasında marşrut açılacaq. Buna görə də həmin ərazilərdə yeni gömrük keçid məntəqələrinin açılmasına da ehtiyac olacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür.

-Bəs Bakı-Rəşt dəmiryolu layihəsi ilə bağlı işlər nə yerdədir?

-Hər iki tərəf Bakı-Rəşt dəmiryolunun çəkilməsi işinə yaxından çalışır. Bilirsiz ki, bu layihənin həyata keçirilməsinin 70 faizi İran, 30 faizi isə Azərbaycan hökumətinin üzərinə düşür. Ümid edirik ki, sözügedən dəmiryolunun çəkilməsi ilə bağlı danışıqlar davam edir və ümid edirik ki, layihənin icrasına yaxın vaxtlarda başlanılacaq. /Deyerler/
Comment