0
Wednesday 21 November 2012 - 09:18

İran Astara limanını istismara verir

Story Code : 213872
İran Astara limanını istismara verir
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Gilan vilayətinin Gəmiçilik İdarəsinin rəhbəri Fərhad Müntəsər Kuhsari açıqlama verib. Onun sözlərinə görə, limanın tikintisinə 400 milyard rial (təxminən 32,5 mln dollar) sərmayə qoyulub: “Vəsaitin çox hissəsi özəl şirkətlərin, bir hissəsi isə İran Gəmiçilik İdarəsi tərəfindən qoyulub”. F. Kuhsari bildirib ki, Astara limanı bir ildə 3,5 milyon ton həcmində yükləmə və boşaltma potensialına malik olacaq: “Ancaq ilkin mərhələdə bir ildə 600 ton yükün boşaldılıb-yüklənməsi mümkün olacaq.
Qeyd edək ki, 2009-cu ildə İran Gəmiçilik İdarəsi və İranın KAVEH şirkəti Astara şəhərində (Azərbaycanla sərhəddə) Xəzər dənizində yeni liman tikintisi üzrə müqavilə imzalayıblar. Müqavilənin müddəti 40 ildir. Limanın tikintisinin 5-6 ilə başa çatdırılması planlaşdırılır. KAVEH şirkəti bu limanı ticarət limanına çevirmək məqsədilə 40 il müddətinə icarəyə götürüb. Limanın müdafiəsi üçün 30 metrlik beton dalğaqıran, dörd yanalma körpüsü tikilir. Üç yanalma körpüsü malların, biri isə neft və neft məhsullarının boşaldılıb-yüklənməsi üçün istifadə olunacaq. Müəssisənin gücün ümumi həcmindən 2 milyon tonu neft və neft məhsullarının, 1,5 milyon tonu isə quru yüklərin payına düşəcək. Limanın ümumi ərazisi 55 hektar olacaq. Liman ərazisində üç rezervuar tikiləcək və dibi 5,5 metr dərinləşdiriləcək. Hazırda İranın Xəzər dənizində üç limanı var - Ənzəli, Nouşəhr və Əmirabad (Neka limanı ilə birləşdirilib).
Əmirabad limanı İranın Mazandaran vilayətinin şərqində - Behşəhr şəhərində yerləşir və 1997-ci ildən etibarən azad iqtisadi zonadır. Limanın tikintisi 1996-cı ildə başlayıb. Ərazisi 1000 hektardır və 2000 hektara qədər artırıla bilər. Bu limanın tikintisinin son mərhələsinin başa çatmasından sonra, onda 34 yanalma körpüsü olacaq. Hazırda liman 5 milyon tona yaxın yük qəbul edə bilər. Gələcəkdə bu rəqəm 10 milyon tona qədər artırılacaq. Liman şimal-cənub marşrutu üzrə yüklərin nəqli çərçivəsində İran üçün böyük əhəmiyyət daşıyır.
Ənzəli limanı İranın Gilan vilayətində yerləşir. 34 hektar ərazisi var. Limanda 10 yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Daha üç yanalma körpüsü neft və neft məhsulları üçün tikiləcək. 2002-ci ildən etibarən, bu liman azad iqtisadi zonadır. Liman digər Xəzəryanı dövlətlərin limanlarına ən yaxınıdır. O da həmçinin şimal-cənub marşrutu üzrə yüklərin nəqlində istifadə olunur.
Nouşəhr limanının tikintisi 1930-cu ildə başlayıb və 1939-cu ildə sona çatıb. Bu liman da İranın Mazandaran vilayətində yerləşir. Limanda neft məhsulları üçün 4, quru yüklər üçün 1 yanalma körpüsü var. Limanın gücü ildə 5,1 milyon ton maye və eyni həcmdə quru yüklərin doldurulub-boşaldılması qədərdir. /HaqqYolu/
Comment