0
Wednesday 5 December 2012 - 00:34

İctimai Palatanın 10 dekabır aksiyasına güclü hazırlıq gedir

Story Code : 218016
İctimai Palatanın 10 dekabır aksiyasına güclü hazırlıq gedir
İctimai Palatanın 10 dekabır aksiyasına güclü hazırlıq gedir
Bundan əvvəlki aksiyalarda iştirak edən və həbs olunan gənclər, o cümlədən aparıcı müxalifət partiyaları da 10 dekabr aksiyasına hazırlaşır.

Müsavat Partiyası Mitinq Komitəsinin üzvü Mustafa Hacıbəyli bildirdi ki, 10 dekabr aksiyasına ciddi hazırlıq gedir: “10 dekabr dünyada insan haqlarının müdafiəsi günüdür. O gün bir çox ölkələrdə adətən insan haqlarının müdafiəsinə həsr olunan tədbirlər keçirilir. İlk dəfə olaraq Azərbaycanda insan haqları günündə belə bir aksiya keçiriləcək. Bu təşəbbüs Müsavat rəhbərliyindən gəlib. Onu İP Koordinasiya Şurası da dəstəkləyib. İP-ə daxil olan qurumlar bu aksiyaya dəstə verəcəklərini bildirib. Müsavat Partiyasında aksiya ilə bağlı mitinq komitəsi yaradılıb. Bakıdakı rayon təşkilatlarının şura yığıncaqları keçirilib, plakatlar hazırlanıb. Plakatlarda ”Parlament buraxılsın!", “Sərbəst toplaşmaq azadlığına qadağalar ləğv edilsin!” tələbləri ilə yanaşı, insan haqlarının müdafiəsi ilə bağlı tələblər əks olunub. Bəzi orijinal, sürpriz təkliflər də var. O təkliflərdən dekabrın 10-da istifadə ediləcək".

M.Hacıbəyli dedi ki, aksiyaya qatılan qüvvələrin hərəkəti koordinasiya olunacaq, flaş-mobların keçirilməsi təklifləri də var: “Bu təkliflər aktualdır. Etirazın formalarının dəyişdirilməsi ilə bağlı çoxsaylı təkliflər var, onların üzərində iş gedir. Dekabrın 10-da bəzi orijinal təkliflər reallaşdırılacaq. Onları qabaqcadan açıqlamaq istəmirəm”.

“Son vaxtlar keçirilən etiraz aksiyalarında saxlanılan, həbs edilən, cərimələnən şəxslərin siyahılarına baxanda belə məlum olur ki, aksiyalara demək olar ki, eyni adamlar çıxır. İP üzvlərinin əksəriyyəti, o cümlədən kənardan heç kim aksiyalara qoşulmur. Bu vəziyyətin dəyişməsi, prosesə yeni şəxslərin də qatılması üçün iş aparılırmı” sualına cavab verən M.Hacıbəyli belə dedi: “Bu sual daha çox kənarda qalan insanlara ünvanlanmalıdır. Onlardan soruşmaq lazımdır ki, niyə aktiv mübarizədə iştirak eləmirsiniz. Məncə, növbəti aksiyalar daha mütəşəkkil olmalıdır. Onunla bağlı ümumxalq mitinqinin keçirilməsi və bu mitinqə bir neçə ay güclü hazırlaşmaq təklifini irəli sürmüşəm. Mitinqlərin daha kütləvi olmasına nail olmaq vacibdir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirdi ki, 10 dekabr aksiyası İP tərəfindən təyin olunub, ona görə də təşkilati işlərin birgə həyata keçirilməsi nəzərdə tutulub: “Həm AXCP, həm Müsavat bu tədbirin yüksək səviyyədə keçirilməsinə dəstək verəcək. 10 dekabr aksiyası mitinq olmadığı üçün genişmiqyaslı xüsusi səfərbərliyə ehtiyac yoxdur. Aksiyaya hazırlıq prosesində təkcə partiya üzvlərinin yox, partiyalardan kənarda olan, lakin demokratikləşmədə maraqlı olan insanların iştirakına çalışırıq”.

F.Qəhrəmanlı da aksiyalara hər dəfə eyni simaların qatılması haqda danışdı: “Həmişə eyni adamların saxlanması, həbs olunması onunla bağlıdır ki, aksiyalara hakimiyyət razılıq vermədiyi üçün razılaşdırılmamış aksiyalar keçirilir və fədakar insanlar bu tədbirlərə öndə çıxır. Kim həbsi, polis zorakılığına məruz qalmağı psixoloji baxımdan gözə alırsa, o da aksiyalara çıxır. Bununla belə, aksiyalarda getdikcə yeni insanlar da iştirak edir. Sadəcə, fədakarlar öndə olduğu üçün polis onları yaxalayır. Biz açıq bəyan edirik ki, kim dəyişiklik istəyirsə, özü aktiv mübarizəyə qoşulmalıdır. İnsanlar bilməlidir ki, mübarizə aparmadan həyatlarında dəyişiklik mümkün deyil”.
Source : Musavat
Related Stories
Comment