0
Thursday 17 January 2013 - 23:39

Mövsüm Səmədovu istədiyi həkim müayinə edəcək

Story Code : 232198
Mövsüm Səmədovu istədiyi həkim müayinə edəcək
Mövsüm Səmədovu istədiyi həkim müayinə edəcək
İslaminsesi.az xəbər portalının verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovu kənardan gətirilən həkim müayinə edəcək. O, hazırda Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsindədir.

Vəkil Anar Qasımlı deyib ki, yanvarın 17-də müalicə müəssisəsinin rəhbərliyi kənardan mütəxəssis gətirilməsinə razılığı bildirən sənədi ona təqdim edib. Anar Qasımlı həkimin adını və hansı tibb müəssisəsindən çağırılacağını açıqlamayıb. O qeyd edib ki, kənardan dəvət edilən həkim Mövsüm Səmədovun ayaqlarında damar genişlənməsi xəstəliyinin müayinəsini aparacaq və o, İslam Partiyası sədrinin özünün arzuladığı həkimdir.

Anar Qasımlı hüquqlarını müdafiə etdiyi şəxslə bağlı dəqiq diaqnozların qoyulmadığını, müayinələrin davam etdiyini söyləyib: “Bu gün də o, müayinədən keçib. Mənə bildirdilər ki, bugünkü müayinənin cavabı sabah bilinəcək. Güman edirik ki, sabah dəvət olunan həkim Mövsüm bəyin damar xəstəliyi üzrə digər yoxlamalar da aparacaq və bundan sonra komissiya birgə nəticəyə gələcək ki, cərrahi əməliyyata ehtiyac var, ya yox”.

AİP sədri saxlandığı 11 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə yanvarın 8-də köçürülüb. O, sağ ayağında damarların genişlənməsindən, ürək ağrılarından, qaraciyər və böyrəklərindəki problemlərdən şikayətçidir.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Source : İslaminsesi
Comment