0
Thursday 31 January 2013 - 13:28

Ölkə qaynayır. Rayonlardan həyəcanlı xəbərlər gəlir

Story Code : 236185
Ölkə qaynayır. Rayonlardan həyəcanlı xəbərlər gəlir
İsmayıllı rayonunun İvanovka kəndinin sakinlərinin yerli icra hakimiyyətinin özbaşınalığına qarşı etiraza qalxması barədə xəbərin Rusiya mətbuatında geniş işıqlandırılması İsmayıllı hadisələrindən xarici qüvvələrin istifadə edə biləcəyi barədə narahatçılıqlara yol açıb. Əslində Azərbaycan hakimiyyəti 23 yanvar İsmayıllı üsyanından nəticə çıxarıb yerli əhaliyə illərdir divan tutan, onların haqqını tapdayıb sonda da üzünə söyənləri cəzalandırmaqdansa üsyançılara qarşı sərt davranma metodunu seçməklə xarici qüvvələrin ölkə boyu rahat çalışmasına şərait yaradır.

Hüquq-mühafizə orqanları İsmayıllıda xalqı söyən nazir oğlunu döyənləri həbs etdiyi halda bu olayların baş verməsində səbəbkar olan şəxslərin adını gizlətməyə çalışır. İstintaq obyektiv aparılsaydı, o halda heç İvanovka sakinlərinin də “Bolşoy Kavkaz” saytı və ona istinadən çoxsaylı digər Rusiya KİV-inin istinad etdiyi narazılıqları məsələsi gündəmə gəlməzdi.

Düzdür, İvanovka sakinləri də vəziyyətdən narazıdır. Bu kəndin 200-dək sakini hələ ötən ilin mayında Prezident Administrasiyası qarşısında aksiya da keçirmişdi. Ancaq faktdır ki, İvanovkadakı ağır durum heç də Gədəbəy, Astara, yaxud Qusar kəndlərindən fərqlənmir. Bu iqtidarın bir müsbət cəhəti var ki, ölkədə milli ayrı-seçkiliyə yol vermədən bütün sadə vətəndaşların haqlarını pozur. Bu mənada hansısa etnik qrupların milli ayrı-seçkilikdən giley etməsinə əsas yoxdur. Əksinə, əhalinin mütləq əksəriyyətini təşkil edən türklər bir çox hallarda daha çox əzilir.

“Çıraq” hotelinin inzibatçısı günahını etiraf edib

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) müvəqqəti saxlanma təcridxanasında monitorinq aparıb. E.Behbudov APA-ya deyib ki, orada saxlanan 12 nəfərlə görüşüb: “İsmayıllıdakı insident zamanı saxlanılan ”Çıraq" hotelinin inzibatçısı, Bakı sakini Emin Şəmdinov, onun tanışı Elməddin Məmmədov və 10 İsmayıllı sakini ilə görüşdüm. Şəmdinov və Məmmədov xuliqanlıqda ittiham olunur. Şəmdinov dedi ki, özünü təqsirli bilir, həqiqətən hadisə vaxtı sərxoş olub. Məmmədov isə özünü təqsirli bilmir. Dedi Şəmdinova hücumu görüb, ona köməyə gedib. İsmayıllı sakinləri isə özlərini təqsirli bilmir. Onların bədəninə baxış keçirdik. Hər hansı döyülmə faktına rast gəlmədik".

Ombudsmanın nümayəndələri də İsmayıllı məhbusları ilə görüşüb. Məlum olub ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 10 nəfərlə bağlı CM-in 186.2.1, 233 və 315.2-ci maddələri üzrə, 2-si ilə bağlı isə 221.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilənlərin hər biri dövlət hesabına vəkillə təmin edilib. Müvəkkilin Baş Prokurorluğa müraciəti nəticəsində təqsirləndirilən şəxslərin öz seçdikləri vəkillə görüşməsi və onların müvəqqəti saxlanılma yerindən istintaq təcridxanasına köçürülməsinin təmin olunması üzrə tədbirlər görülüb.

Daha dəbdəbəli hotel?

İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun səbəb olduğu xalq üsyanı nəticəsində yandırılan “Çıraq” hotelinin yerində daha dəbdəbəli hotel tikiləcək. Bu barədə Qəbələ-İsmayıllı bölgəsindəki hotel biznesində işləyən mənbə “Yeni Müsavat”a bildirib. Həmin mənbənin “Çıraq” hotelinin administrasiyası ilə təmasları olduğu üçün onun verdiyi informasiya şübhə doğurmur.

Xəbər verildiyi kimi, yanvarın 29-da İsmayıllıya gedən insan haqları fəalları və jurnalistlər “Çıraq” hotelinin qalıqlarının buldozerlərlə söküldüyünü müşahidə edib. Bildirilir ki, yanğın zamanı hotel binası tam yararsız vəziyyətə düşməyib və prinsipcə onu bərpa etmək mümkün idi. Lakin hotelin sahibi olan nazir oğlu, yaxud İsmayıllının de-fakto sahibi olan F.Ələkbərov və qardaşı, icra başçısı Nizami Ələkbərov (“Çıraq” hotelinin F.Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsusluğu artıq rəsmi sənədlərlə təsdiqlənib-red.) binanın tam sökülməsini tapşırıblar. Söküntüdə işləyən fəhlələr də binanın tam sökülməsi tapşırığını aldıqlarını təsdiqləyiblər. Mənbənin bildirdiyinə görə, tezliklə onun yerində daha iri və beşulduzlu hotel binası inşa etməyə başlayacaqlar. Belə görünür ki, Ələkbərovlar bununla İsmayıllı əhalisinə göz dağı verməyə hazırlaşır.

Digər məlumat isə belədir ki, İsmayıllıda baş verənlərə görə Ələkbərovların cəzalandırılması ehtimalı da yoxdur. Hakimiyyət xalq etirazları qarşısında “bir addım da geri çəkilmədiyini” sübut etmək üçün rayonun icra başçısını işdən azad etmək niyyətində deyil. Elə Ələkbərovların yandırılan hotelin yerində daha möhtəşəmini tikmək qərarı da bu arxayınlıqdan xəbər verir. Yeri gəlmişkən, icra başçısı N.Ələkbərov İsmayıllıda bir qrup sakin qarşısında “tezliklə hər şey əvvəlkindən də yaxşı olacaq” deyib...

Zaqatalada “kompensasiya üsyanı”

Yanvarın 30-da Zaqatalanın Gözbarax, Muxax və Tala kənd sakinləri etiraz aksiyası keçirməyə cəhd edib. Dünən səhər saatlarında 150-yə yaxın insan Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) binasının önünə gedərək hökumətin vəd etdiyi kompensasiyaların ödənilməsini tələb edib. Etirazlara səbəb zəlzələ nəticəsində ziyan çəkmiş kənd sakinlərinə verilən kompensasiyanın azlığıdır.

Bu rayonda 2012-ci ilin may ayında 6 bal gücündə zəlzələ baş verib, nəticədə 1000-ə yaxın evə ziyan dəyib. Son günlər bir sıra kəndlərdə yerli hakimiyyətə problemlərin nəhayət həll edilməsi tələbi ilə qrup şəklində müraciətlər edilib və dövlət yardımının ədalətsiz paylanmasından narazılıq ifadə olunub. Dünən isə zərərçəkmiş kəndlərin nümayəndələri RİH başçısının yanına gedərək şikayətlərinə nəhayət ki, reaksiya verilməsini tələb edib. Zaqataladakı mənbələrdən “Turan”a verilən məlumata görə, dünən saat 16-da vəziyyət sakit olub və insanlar hakimiyyətin cavabını gözləyib.

Zəlzələdən sonra hökumət və prezident İlham Əliyev 2012-ci ilin sonlarına qədər bütün vətəndaşlara dəyən ziyanı ödəməyi vəd edib. İyunda 3500-ə yaxın ev, 35 məktəb tikintisi və minlərlə evin təmiri üçün 320 milyon manat ayrılıb. Lakin bu vədlər yerinə yetirilməyib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 7-də guya 2984 ev və 22 məktəb tikildiyini bəyan edib. Lakin qeyri-rəsmi məlumata görə, 600-700-dən çox ev tikilməyib, amma zəlzələ zonası üçün ayrılmış demək olar ki, bütün vəsait artıq xərclənib.

Rayondan AzNews.az-a verilən məlumata görə, aksiyanın keçirilməsindən xəbər tutan rayonun icra başçısı Mübariz Əhmədzadə, polis rəisi Arif Babayev hadisə yerinə gedib. İcra başçısı kənd sakinləri ilə söhbətində kompensasiyanın azlığını etiraf edib və bu məsələnin tezliklə həll olunacağını deyib.

Göyçayda xalq ayılıb, başçı narahatdır

Digər rayonlarda da gərginlik yaşanır, həyəcan dolu xəbərlər gəlir. Müsavatın Göyçay rayon təşkilatının sədri Namiq Hacıbəyli deyir ki, hələlik rayonda sakitlik olsa da İsmayıllı üsyanından sonra yerli rəhbərlik açıq-aydın narahatdır: “İcra başçısı Mənsur Məmmədov bizi söhbətə dəvət etdi. Bir qrup təşkilat üzvü ilə birgə onunla görüşdük. Ona dedik ki, Müsavat seçkilərə hazırlaşır, başqa niyyəti yoxdur, camaatı da üsyana çağırmayıb. Sadəcə, camaatın məmur özbaşınalığı, rüşvətxorluq, qaz, işıq problemlərindən narazılığı var, bunlar da insanları qıcıqlandırır. Dedik, bu halları aradan qaldırın, etiraz da olmasın”.

N.Hacıbəylinin sözlərinə görə, İsmayıllı hadisələri Göyçay və digər qonşu rayonların əhalisi arasında böyük əks-səda yaradıb: “Əvvəl belə olaylara biganəlik var idi. İndi artıq xalq ayılıb, aktivlik hiss olunur. İcra başçısı bizim təklifimiz əsasında söz verdi ki, İctimai Palatanın digər nümayəndələrini də görüşə dəvət edəcək. Görünən budur ki, yerli rəhbərlik vəziyyətdən çox narahatdır. Bir neçə gün əvvəl icra başçısı idarə müdirlərini yığaraq vəziyyəti müzakirə edib. Başçı məmurlara tapşırıb ki, camaatı incitməyin, nə şikayəti var, dinləyin, problemini həll edin. Güman edirik ki, bu tapşırıq Prezident Administrasiyasından verilib”.

Balakəndə Rusiya təhlükəsi var

Müsavatın Balakən rayon təşkilatının sədri Akif Məmmədli isə daha çox rayonda şimaldan təhlükənin olduğunu söylədi: “Rusiya təhlükəsi həmişə gözlənilir. Rusiyanın bölgədə fəallaşması açıq hiss olunur. Dezinformasiya ilə dolu ədəbiyyatın yayılması da bunun tərkib hissəsidir. Bu mənada yerli hakimiyyət orqanlarının məsələyə ciddi diqqət yetirməsinə zərurət var”.

Biləsuvarda gərginlik

Yanvarın 30-da günorta saatlarında Biləsuvar RİH-in binası qarşısında etiraz aksiyası keçirilib. Bu barədə elitar.az-a etirazçılar məlumat verib. Aksiyanı rayonun Bəydilli kəndinin N.Məmmədov küçəsində yaşayan bir qrup sakin keçirib.

Sakinlərin verdiyi məlumata görə, aksiyada 30-dan çox qadın iştirak edib. Onlar kəndə qaz verilməməsinə etiraz ediblər: “Bir müddət öncə kəndə qaz kəmərləri çəkdilər. Bu qışı xoşbəxt keçirəcəyimizə ümid edirdik. Lakin qaz kəmərləri çəkilsə də borular sadəcə görüntü rolunu oynadı. Kəndə qaz vermədilər. Biz də icra hakimiyyətindən kəndə qaz verilməsini tələb etdik. Biz icra başçısı Mahir Quliyevdən tələblərimizə baxılmasını və kəndə qaz verilməsini istəyirik”.

Sakinlərə məsələnin araşdırılaraq onlara cavab veriləcəyini bildiriblər. Aksiya zamanı saxlanılan olmayıb. Biləsuvar RİH məsələyə münasibət bildirməyib.

Müsavatın Biləsuvar rayon təşkilatının sədri Yusif Mehdixanlı dedi ki, rayonda bütün bölgələrə xas gərginlik var: “Xüsusilə ötən həftə Biləsuvarda İsa bəyin səfəri ilə bağlı gərginlik var idi. Biz başqanı Şorsuludan Cəlilabada qədər müşayiət etdik. Özü də başçının müavininə xəbərdarlıq etmişdik ki, bir şey olsa, onda icra hakimiyyətinin qarşısına gələcəyik. Hazırda isə əhalidə narazılıq kütləvi şəkildədir. Ancaq hələ ki bu etirazlar çayxanalarda ifadə olunur. Yerli hakimiyyət dərhal yığıncaqlar keçirdi, görüş adı ilə kəndlərə adamlar göndərdi".

Ekspert: “Nə qədər ki bu yol gedilir, üsyanlar davam edəcək...”

Bir sözlə, əyalətdən gələn xəbərlər onu deməyə əsas verir ki, ölkə barıt çəlləyini xatırladır. Səbəb və proqnozlar nədir?

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, son dövrlər Rusiyadan Azərbaycana qarşı sərt siyasi xətt yeridilir: “İsmayıllıda olanları heç bir halda Rusiya ilə əlaqələndirməzdim, bu, tamamilə başqa şeydir. O ki qaldı burda baş verənlərdən sui-istifadə edərək Rusiya mətbuatının malakan icmasının kompakt yaşadığı İvanovka ilə bağlı təxribatçı yazılarına, bu, Rusiyanın Azərbaycan siyasətinin tərkib hissəsidir. Bu siyasətdə son ayda baş verənləri nəzərdən keçirsək, görərik ki, burda artıq ciddi fəaliyyət nəzərə çarpır. Bu sistemli fəaliyyətin bir istiqaməti Qarabağ münaqişəsi üzərində, digər istiqamət Azərbaycanın ətrafında yerləşən bölgələr üzərində, üçüncü istiqamət isə Azərbaycanın daxilində qurulub. Bunların ideoloji, mətbuat, informasiya dəstəyi Rusiya mətbuatı tərəfindən həyata keçirilir. Rusiya Azərbaycana ciddi təzyiq siyasətinə başlayıb”.

Ancaq ekspert bu fikirdədir ki, ayrı-ayrı bölgələrdə əhalinin üsyana qalxması Rusiya faktoru ilə bağlı deyil, bu, Azərbaycan hakimiyyətinin apardığı siyasətin məntiqi nəticəsidir: “Rusiyanın isə belə üsyanlardan yararlanmaq imkanları yetərincədir. Moskva bundan istifadə edə bilər, bu təhlükə realdır. Amma nə qədər ki, hakimiyyət öz xalqına qarşı münasibətini dəyişməyib, dəyişmək istəmir, yaxşı nəsə gözləməyə dəyməz. Hakimiyyət məmurları əhaliyə təhqiramiz münasibətə görə niyə cəzalandırmaq istəmir, bu, anlaşılan deyil. Üsyana səbəb olmuş şəxsin adının aradan çıxarılması, onun adına təsis olunmuş şirkətin sənədlərinin saytlardan götürülməsi, adının istintaqdan çıxarılması, bütün hadisələrin günahkarı kimi az qala iki siyasətçinin adının hallandırılması - Tofiq Yaqublu ilə İlqar Məmmədovu nəzərdə tuturam - göstərir ki, hakimiyyət bu yolla da getməkdə israrlıdır. Nə qədər ki bu yol gedilir, üsyanlar davam edəcək, onların intensivliyi, coğrafiyası, effekti də artacaq”. /Deyerler/
Comment