0
Thursday 14 February 2013 - 23:34

Ac xalqın tox prezidenti

Story Code : 239694
Ac xalqın tox prezidenti
Dövlət rəsmilərinin, xüsusilə də prezidentlərin gəliri hər zaman əhalidə maraq doğurur. Bu günlərdə keçirdiyi müşavirədə harınlamış məmurları sadəliyə çağıran Ilham Əliyevin rəsmi qazancı vətəndaşlar üçün də maraqlıdır. Təbii ki, bu tip məlumatlar bütün dünyada ictimaiyyət üçün açıqdır və Azərbaycan da istisna deyil. Diqqət çəkən məqam odur ki, prezident bir neçə dəfə öz əmək haqqını azaltsa da, hələ də dünyanın ən çox maaş alan dövlət başçılarından biridir.
Dövlət (və ya hökumət) başçılarının yüksək əmək haqqı alması təbiidir. Ancaq onların əsas vəzifəsi ilk növbədə cavabdeh olduqları xalqın rifahının qayğısına qalmaqdır. Dünyanın hər yerində ölkə başçısının maaşı ölkənin inkişafının və rifahının barometri sayılır. Bir çox inkişaf etmiş ölkələrin dövlət və hökumət başçılarından çox əmək haqqı alan Ilham Əliyev bu işin öhdəsindən gəlirmi?
Ilk növbədə onu qeyd edək ki, ölkədəki orta aylıq əmək haqqı və həyat səviyyəsi ilə müqayisə etsək, Əliyev xalqı ilə müqayisədə dünyanın ən varlı prezidentidir.
Məsələn, Azərbaycan prezidentinin maaşı 15 min manatdır (təxminən 19 min dollar). Bu da illik 180 min manat, təxminən 230 min dollar deməkdir. Dövlət başçısının aylıq maaşı ibtidai sinif müəlliminin məvacibindən təxminən 50 dəfə çoxdur. Azərbaycanda müəllimlərin orta aylıq əmək haqqı 283, həkimlərin isə 164 manatdır. Əliyevin maaşı orta aylıq əmək haqqından isə təxminən 55 dəfə çoxdur. Azərbaycanda orta aylıq əmək haqqı təxminən 325 manatdır. Adambaşına düşən ÜDM isə 7500 dollardır.

İlham Əliyev avropalı həmkarlarını da qabaqlayır

Ildə 400 min dollar məvacib alan ABŞ prezidenti Barak Obamanın maaşı ölkədə ibtidai sinif müəllimin maaşından 8 dəfə çoxdur. Amerikada orta məktəb müəllimlərinin illik əmək haqqı 45-60 min dollardı. Bu ölkədə minimum əmək haqqı isə 2 min dollardan çoxdu. ABŞ-da adambaşına düşən ÜDM 47 min dollardır.
Avropanın aparıcı dövlətlərindən olan Fransanın prezidenti Fransua Olandın maaşı 162 min avrodur. Bu da təxmini 204 min dollar edir. Bu göstəriciyə görə Oland Əliyevdən xeyli geridə qalır. Bu ölkədə adambaşına düşən ÜDM isə 34 min dollardır.
Dünyanın və Avropanın ən inkişaf etmiş ölkələrindən olan Almaniyanın kansleri Angela Merkelin illik əmək haqqı 270 min dollardı. Bu ölkədə minimum əmək haqqı 3 min avro, adambaşına düşən ÜDM isə 35500 dollardır.
Yaponiyanın baş nazirinin məvacibi də təxminən o qədərdir. Bu ölkədə minimum əmək haqqı 2500 dollar, orta məktəb müəlliminin maaşı isə 4 min dollar təşkil edir. Adambaşına düşən ÜDM isə 34600 dollardır.
Böyük Britaniyanın baş nazirinin illik əmək haqqı 221 min dollardır. Göründüyü kimi, bu da Əliyevin əmək haqqından azdır. Qeyd edək ki, Avropanın digər ölkələri kimi Britaniyada da 3 min avrodan aşağı əmək haqqı alan yoxdur. Adambaşına düşən ÜDM 35 min dollardır.
Türkiyə prezidenti Abdulla Gül ildə 138 min dollar (ayda 11500 dollar), baş nazir Rəcəb Tayyib Ərdoğan isə 72 min dollar (ayda 6 min dollar) əmək haqqı alır. Müqayisə üçün deyək ki, bu ölkədə həkimlər 900 dollardan 2500 dollara qədər əmək haqqı alır. Bəzi əyalətlərdə isə, məsələn, Şərqi Anadoluda bu məbləğ 10 min dollara çatır. Adambaşına düşən ÜDM isə 13500 dollardır.
Litva prezidentinin illik əmək haqqı 96 min dollardır. Dövlət başçısı Azərbaycan prezidentindən xeyli az əmək haqqı alsa da, əhalisi ölkəmizlə müqayisədə xeyli varlıdı. Litvada adambaşına düşən ÜDM 18800 dollardır.

MDB-nin ən varlı prezidenti İlham Əliyevdi

Rusiya prezidenti ildə 112 min dollar əmək haqqı alır. Bu ölkədə adambaşına düşən ÜDM 21 min dollardı. Orta məktəb müəllimlərinin minimum əmək haqqı 600-1000 dollar, uşaq üçün müavinət 400 dollardan artıqdır. Həkimlərin maaşı isə təxminən 800 dollardı.
Ermənistan prezidenti ən az məvacib alan dövlət başçılarındandır. Sərkisyan ayda 1200 dollar maaş alır. Bu da ildə 14400 dollar edir.
Gürcüstan prezidenti Mixail Saakaşvili Ilham Əliyevdən təxminən 8 dəfə az maaş alır. Saakaşvilinin aylıq məvacibi 2400 dollardı. Bu da ildə 28800 dollar deməkdir. Adambaşına düşən ÜDM 5 min dollardır. Bu göstəriciyi görə Azərbaycanla fərq az olsa da, dövlət başçılarının əmək haqqı müqayisəolunmaz dərəcədə fərqlidir.
Əmək haqqı az olan dövlət başçılarından biri də Belarus prezidentidir. Lukaşenko ayda cəmi 2300, ildə 27600 dollar əmək haqqı alır. Bu ölkədə adambaşına düşən ÜDM 13 min dollardır.
Ukrayna prezidenti Yanukoviç ayda 6500 dollar, ildə 78 min dollar məvacib alır. Bu ölkədə adambaşına düşən ÜDM 7600 dollardı.
Ümumiyyətlə, Ilham Əliyev keçmiş SSRİ məkanında ən çox məvacib alan prezidentdir.

Başçısı çox məvacib alan ölkələrdə həyat səviyyəsi Azərbaycandan xeyli yüksəkdir

Dünyanın ən çox qazanan lideri isə Sinqapurun baş naziridir. Bu vəzifəni tutan şəxsin illik qazancı 2,47 milyon dollardır. Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Bu ölkədə adambaşına düşən ÜDM 52 min dollardı.
Dünyanın ən kasıb prezidenti isə Uruqvayın dövlət başçısı Xose Alberto Munika Kordanodur. 12 min 500 dollar əmək haqqı alan prezident özü üçün cəmi 1250 dollar saxlayır. Qalan vəsaiti isə xeyriyyə işlərinə xərcləyir. Prezidenti kasıb olsa da, Uruqvayda adambaşına düşən ÜDM Azərbaycandan təxminən iki dəfə yüksək, 14400 dollardır.
ABŞ prezidentinin, Avropanın aparıcı ölkələrinin dövlət və hökumət başçılarının, yaxud Sinqapurun baş nazirinin yüksək əmək haqqı alması tamamilə normaldı. Bu ölkələrdə həkim və müəllimlərin əmək haqqı bir neçə min dollardı. Korrupsiya və rüşvət yox səviyyəsindədir. Ümumiyyətlə, dövlət başçıları Ilham Əliyevdən çox məvacib alan ölkələrdə həyat səviyyəsi Azərbaycandan xeyli yüksəkdir. Araşdırmamız da göstərdi ki, hətta bəzi ölkələrdə dövlət başçıları Azərbaycan prezidentindən kasıb olsa da, əhalisi əhalimizdən xeyli varlıdır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan bir çox beynəlxalq hesabatlarda korrupsiya və rüşvətin səviyyəsinə görə acınacaqlı yer tutur.
Yuxarıda sadalanan ölkələrdən isə yalnız Ermənistanda həyat səviyyəsinin Azərbaycandan aşağı olduğunu demək olar. Ancaq bəzi sahələrə nəzər salanda, düşmən ölkədə vəziyyətin xeyli yaxşı olduğunu görmək olur. Bir neçə dəfə apardığımız araşdırmalar da bunu deməyə əsas verir.
“Azadlıq”ın daimi oxucuları müəllimlərin, həkimləri əmək haqqı, yaşayış minimumu, orta aylıq əmək haqqı, həmçinin uşaqlara verilən müavinət və pensiyalarla bağlı apardığımız araşdırmalarla tanışdır. Məsələn, xatırlıdıq ki, ölkədə orta aylıq əmək haqqı üç yüz manatdan bir qədər artıq olsa da, əksər sahələrdə çalışanlar, xüsusilə də müəllim və həkimlər bundan xeyli az maaş alır. Uşaq pulu və təqaüdlərdən isə danışmağa dəyməz. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan heç bir göstəriciyinə görə nəinki inkişaf etmiş ölkələrdən, heç MDB ölkələrindən də öndə deyil. Əksinə, neft ölkəsi üçün biabırçı durumda olan Azərbaycana rəhbərlik edən şəxsin dünyanın ən çox məvacib alan prezidentləri ilə bir sırada durması heç bir məntiqə sığmır.
Comment