0
Tuesday 26 March 2013 - 15:44

Generallar ölən əsgərlərin valideynlərini necə susdurur?

Story Code : 249190
Generallar ölən əsgərlərin valideynlərini necə susdurur?
 Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 24-də saat 21:25-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib. Matros Hümbətov aldığı güllə yarasından həlak olub. Hadisə ilə əlaqədar araşdırma aparılır.
***
“Generallar ölən əsgərin ailəsinə təzyiq edərək onu susdurdular. Əsgərin ailə üzvlərinin vaxtilə söylədiyi iddia ilə bağlı başladılan istintaq isə naməlum səbəblərdən dayandırıldı”.

Bunu isə “Yeni Müsavat” qəzetinə martın 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxdakı hərbi hissəsində ölən əsgər Elvin Niftizadənin bibisi oğlu, sabiq vicdan məhbusu Ülvi Quliyev deyib.

Ü.Quliyevin sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanları və DSX tərəfdən təzyiqlə üzləşən mərhumun ailəsi bu məsələ ilə bağlı danışmamaq qərarına gəlib: “Nə baş verir bilmirəm. Öldürülən əsgərin valideynləri də danışmamaq qərarına gəlib. Üstəlik, vaxtilə ailənin əsgərin döyülərək öldürülməsi ilə bağlı qaldırdığı məsələ ilə bağlı başladılan istintaq naməlum səbəbdən dayandırılıb. Bizə də heç bir məlumat verilmir”.
***
“Onlar yoxdur” - martın 24-də gecə saatlarında sosial şəbəkələrdə yayılan filmin adı belədir. Filmdə son zamanlar Azərbaycanda çoxalan müəmmalı əsgər ölümlərindən söz açılır. Filmi Youtube-da bir neçə saat ərzində 5 mindən çox insan izləyib.

Filmin ssenaristi Aynur Zərintac “Azadlıq” radiosuna deyib ki, son zamanlar əsgərlərin şübhəli ölümləri vətəndaş kimi onu çox narahat edir: “Son 3 ildə əsgər ölümləri ara vermir. Buna hərə bir cür etirazını bildirir. Biz də film yolunu seçdik. Əsgərlər sıraya düzüləndə adları çəkilincə ”mən" deyirlər. Amma son zamanlar bu qədər əsgər öləndə - tabutlar və əsgər geyimləri evlərə göndəriləndə düşünürsən ki, əsgərlərin adları çəkiləndə boş əsgər çəkmələrini göstərirlər".

Filmin büdcəsinə gəlincə isə A.Zərintac deyir ki, filmi Media Hüquqları Mərkəzi İctimai Birliyinin layihəsi olan FreeSpace.az maliyyələşdirib: “Filmin büdcəsi üçün o qədər də çox pul lazım olmadı - 200 dollar ayrıldı. Ondan cəmi 20 manat xərcləməklə filmi çəkə bildik”.

Fərahim İLQAROĞLU
Source : Birlik
Comment