0
Monday 29 April 2013 - 15:37

Bakıda daha 6 dindar həbs edilib

Story Code : 259091
Bakıda daha 6 dindar həbs edilib
Bakıda daha 6 dindar həbs edilib
Qəzetimizin ötən sayında Bakıda daha bir dindarın həbs olunması xəbərini yazmışdıq. Xəbərdə qeyd olunurdu ki, Binəqədi rayonu 7-ci mikrorayon sakini Təbriz Cəfərov polis tərəfindən saxlanılıb. Onun harda saxlanıldığı haqda məlumat əldə edə bilməsək də, yaxınları fəal dindarlardan olan T.Cəfərovun “facebook” sosial şəbəkəsində aktiv olub, paylaşmalar etdiyi üçün həbs olunduğunu ehtimal edirdilər.

Ancaq ötən gün həbs olunan dindarların sayının daha çox olması ilə bağlı məlumat aldıq. Əldə etdiyimiz məlumata görə, ötən həftənsonu Binəqədi Rayon 4-cü polis bölməsinin əməkdaşları Təbriz Cəfərovla yanaşı, daha 5 dindarı həbs ediblər. Onlardan üçünə 10 sutka həbs cəzası verilib. 3 nəfərə isə 50 manat cərimə kəsilib. Bu barədə qəzetimizə həbs olunanların yaxınları məlumat verdi.

Yaxınları bildirir ki, saxlanılan dindarlar 8-ci mikrorayon ərazisində yerləşən “Mehdiyyə” adlı hüseyniyyənin (ibadət yeri) dindarları olublar. 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan dindarlardan biri hərbi xidmətdən yeni qayıdıb. Ancaq yaxınları dindarların konkret hansı ittihamla həbs olunduqlarını bilmir. Barəsində 10 sutka həbs cəzası verilən Təbriz Cəfərov, Seyidağa Məcidov və Ramin Nəsibovu polisə müqavimət göstərməkdə ittiham edilir. Cərimələnənlərdən biri isə “Mehdiyyə”yə gələn yaşlı dindar Kərbəlayi Ramiz olub. Polis əvvəlcə evdən onun oğlunu aparıb və atası gəldikdən sonra azad edəcəyini bildirib.

Bizə çatan məlumata görə, polis saxlanılanları bir neçə gün əvvəl şəhərdə yayılan Hacı Taleyə azadlıq şüarları yazılmış vərəqələrlə bağlı sorğu-sual edib. Ancaq saxlanılanların vərəqələrlə əlaqəsi tapılmadığından 3 gənci 10 sutkalıq həbs edib, daha 3 nəfəri isə cərimələyiblər.

Qeyd edək ki, ötən həftə Bakının müxtəlif yerlərində divarlara martın 31-də həbs olunmuş ilahiyyatçı Tale Bağırova azadlıq tələb edən şüarlar yazılmış vərəqələr vurulub, eyni zamanda əhaliyə bu cür vərəqələr paylanılıb. Görünür, polis vərəqələri paylayanları axtarır. Buna görə də ilk növbədə məscid və ibadətxanalarda fəaliyyət göstərən dindarları saxlayıb.

KƏNAN/musavat
Source : Musavat
Comment