0
Friday 10 May 2013 - 19:27

Hicab məhbusundan məktub var

Story Code : 262595
Hicab məhbusundan məktub var
Hicab məhbusundan məktub var
Hicab məhbusu İslamazeri.az-a məktub ünvanlayıb

Məktubu olduğu kimi təqdim edirik

Rəhman və Rəhimli Allahın adı ilə.

“Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
Yer öz yükünü çıxardıb atacağı zaman;
İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -
Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -
Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).”

Zəlzələ surəsindəki bu ayələri oxuduğum zaman qeyri-ixtiyari gözümdən yaş gəlirdi. Biraz dərindən düşündükdə qiyamət səhnəsini özümə məxsus gözümdə canlandırdığım halda, uşaq öz ata-anasını itirmiş kimi ağlamağa başladım. Bir anda həyatda etdiyim günahlar, haqqsız yerə saldığım dava-dalaşlar, özümü sevməyim, başqalarını alçatmaqlığım, təkəbbür və ücb etməyim, başqaların eyblərini toplumun içində açıb deməyim, kimlərinsə mənliyini aşağılamağım, bir daha ələ düşməyəcək qəniməti, yəni ömrü boşu-boşuna, həva-nəfsə xərcləmək kimi şeyləri düşündüyüm üçün halım dəyişmiş durumda bu yazını yazıb bütün insanlardan halallıq almaq istəyirəm. Əlində heç bir sərmayəsi olmayan miskin, fəqir, zəlil, bədbəxt, aqibətinin nə cür olmasını bilməyən, indiki halında savabı heç olmayan, günah çirkabında boğulan, müşrük və münafiqcəsinə bu yaşacan ibadət etmiş, Allah rəsuluna və pak məsumlara yaraşmayan tərzdə ömür sürmüş, qəlbində Allah sevgisindən savayı bütün eşqləri cəm etmiş, bir müşrük. Öz əməlinin cəzasına görə Allahdan qorxmayan. Allahdan başqa bütün acizlərin xofundan qorxan, bədbəxt bir insan kimi, öz bağışlanmağını dilənçi bir insan kimi bu məktubu oxuyanlardan istəyirəm. Hətta minnət olaraqda səmimi qəlbdən qəbul edirəm. Allah gədasını öz ismi-əzəminə xatir bağışlayın. Öz qürurunu, vüqarını, dik başlığı, söz götürməməzliyini, ayağının altına qoyub bu cür israrla bağışlanmaq və halallıq istəməyin nəfsə nə qədər çətin olduğunu yəqin hamı bilir. Kimdəsə bu hal varsa öz nəfsinə görə hər bir şeyə qadir olanlar məni lap yaxşı anlayar.

Özümü bu gün, “Yəni nəfsimi ayaq altına atıb, bağışlamaq dilənçisi olduğum gün” ağır bir yükü çiynindən yerə qoyan bir insan kimi hiss edirəm. Bu hissi hamıya diləyirəm. Bu anda “təvəssül” duasını oxuyub, hamıya Allahdan rəhmət və bağışlanmaq arzu edirəm. Allah şahiddir ki, kimlər gəldi zehnimə dua etdim. Dostlar sözünü də münafiq kimi yox, bir Allah bəndəsi kimi söylədim. Hz.Əlinin (ə) “Kişiliyiniz yoxdursa heç olmasa dininiz olsun” sözünü nümunə götürüb sizlərə söylədim.

Allaha həmd səna olsun ki, öz nəfsani hisslərimdən əl çəkib və bu yükü öz qəlbimdə daşımıram. Hamıya bunu arzu edirəm. Bu addım çətin olsa da, gözəl abu-havada yaşayıram. Bu fikirlərin məndə formalaşmasına görə Allahın yaxşı mənada qəzabu-qədərinə şükür edirəm. Təkbaşına öz-özlüyümdə qalmağı mənə nemət verdi yaradan. Böyük neməti olan zindanı mənə nəfsimdən paklanmaq üçün zəxirə fərman verdi. Bu yolun necə gözəl olmasını bizlərə həqiqi mənada aşılayan qardaşlarımın önündə şirkə varmayaraq təzim edirəm.
Başımın tacı olan Hacı Abgül qardaşımın, Hacı Möhsümün, Hacı Zülfüqarın, Hacı Talenin, Şeyx Sadiqin və adlarını sadalamadığım digər mübariz ruhani və qardaşlarımın qarşısında təzim edirəm. Qardaşım Abgüldən ayrı düşdüyüm üçün isə üzülürəm. Təcridxana qardaşımla yazışma vaxtı bir söz yazmışdı. Onu oxuduğum an anlamamışdım hacının nə demək istədiyini. Bu gün bir daha oxudum və nə demək istədiyini anladım. Özü də yəqinliklə anladım. Hacı yazmışdı: “Allah yoxsa nəfs! Nur yoxsa zülmət!” İndi isə ona səslənə bilmirəm ki, ey hacı Abgül Allahı seçirəm! Səslənə bilmirəm ki, qardaşım nəfsimi qoydum kənara. Ona deyə bilmirəm ki, zülmətdən nura yetişmək üçün məni dua etsin. Bu yazışma son məktub idi.

Qəsəbəmizdə baş verən bəzi xoşa gəlməz halların, heç bir dəlilə sübuta əsaslanmayan dedi-qoduların, haqqında məktublaşdığımız anların son naməsi idi. Öz nəfsindən keçmiş halda yazmışdı bu məktubu. Buna görədə qəti bir işarə ilə, nida ilə yazmışdı: Allah! Yoxsa Nəfs! Zülmət! Yoxsa Nur! Bu mübariz bir insanın öz mənəvi saflığını, öz nəfsini ayaq altına atmasının göstəricisidir.

Dahi bir övliyanın öz nəfsindən aldığı ismarıcı qeyd etmək yerinə düşər: “Sən bilmirsənki sən məhv etməyincə əl çəkmərəm.”

İnsan özünü daima Allahın hüzurunda hiss etsə nəfsin və şeytanın əsarətindən xilas olar və bu azadlıqla onun qəlbindəki və ruhundakı müxtəlif xəstəlikləri müalicə olunar.

İmam Əli (ə) buyurur: “Allahı yad etmək şeytanın qovulmasına səbəb olur. Allahı yad etmək ruhun xəstəliklərinin dərmanıdır. Hər kəs Sübhan Allahı yad etsə, Allah da onun qəlbini dirildər. Fikir və düşüncəsini aydınlaşdırar. Ey o kəs ki, adın dərman, zikrin şəfadır.”

Hamıya bu cür yaşam tərzi və o zikri, şəfanı arzu edirəm. Sonda yenə Hacı Abgülün sözü və mən naqis bəndənin duaları ilə bitirirəm. O, bu sözlərlə dilinin və əməllərinin eyniliyini açıq şəkildə həyatında nümayiş etdirdi.

Hacı Abgül deyirdi: “Bütün qorxu bütləri bizim üçün gərək sınsın! “İzalyatorlar”, bölmələr, sutkalıqlar, “qoratdel”, “bandotdel”, MTN və həbslər gərək bizim üçün adiləşsin”.

Bütün dediklərini əməlinlə təsdiqlədin, hacı. Son arzu duan qalıb. Şəhid olmaq, aqibəti xeyirlilərdən olmaq, nicat tapmaq. Elə yaşayaq ki, ölüm yaxınlaşanda Əba Əbdillah (ə), İmam Zaman (ə.f), Həzrəti Əli (ə) və məsumlar bizi qarşılasın. Bunlar idi istəyim. İnanıram ki, bunlar da sənə şəksiz olacaq.

İlahi, bizi dustaq, hicabı azad qərar ver! İlahi, hicabı azad qərar ver ki, balaca fatimələrin, zeynəblərin, xədicələrin, rüqəyyaların, məryəmlərin gözü yaşlı qalmasın! İlahi, bizi ölümün üzünə gülənlərdən, mübariz ruhanilərin şagirdi, Əba Əbdillah məktəbinin məzunu, şəhid qərar ver! İlahi, bizi son görüşün üçün tərbiyələndir! Öz görüşünə hazırla, Vəliyyi Əsrin xidməti üçün hazırla! Amin!”

Ağadadaşov Tərlan
Kürdəxanı İstintaq Təcridxanası
Source : Islamazeri
Comment