0
Monday 21 June 2010 - 11:40

QARABAĞDA YENİ “VOLSKİ İDARƏÇİLİYİ” BAŞLAYIR

Story Code : 28846
QARABAĞDA YENİ “VOLSKİ İDARƏÇİLİYİ” BAŞLAYIR
Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən Ermənistan və Azərbaycan prezidentləri arasında 6 aya yaxın fasilədən sonra Rusiya prezidentinin vasitəçiliyi ilə iyunun 17-də Sankt-Peterburqda baş tutan danışıqlar haqda maraqlı məlumatlar yayılır. Ermənistan mətbuatı yazır ki, Rusiya bu danışıqlarda Dağlıq Qarabağ ətrafındakı 3 rayonun boşaldılması barədə müzakirələr aparıb. “Qraparak” qəzeti diplomatik mənbələrə istinadən bildirir ki, söhbət Ağdam, Füzuli və Zəngilan rayonlarından gedib.

Plana görə, bu rayonlar boşaldılandan sonra ora Rusiya sülhməramlı qüvvələri yeridilir, sülhməramlılar Dağlıq Qarabağda da mövqe tutur. Boşaldılan rayonlar da daxil olmaqla Qarabağda xüsusi idarəçilik statusu tətbiq olunur. Qəzet yazır ki, söhbət vaxtilə Arkadi Volskinin rəhbərlik etdiyi xüsusi idarəçilikdən gedir.

Qeyd edək ki, Dağlıq Qarabağda xüsusi idarəçilik 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı əsasında tətbiq olunub. Bu idarəçiliyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusu saxlanılmaqla bölgədə hakimiyyət Sov.İKP Mərkəzi Komitəsinin nümayəndəsi A.Volskinin başçılıq etdiyi xüsusi komitəyə verilmişdi.

Erməni qəzeti prezidentlərin bu təklifə necə reaksiya verməsi barədə heç nə yazmır. Xatırladaq ki, bundan əvvəl erməni mediasında 3 rayonun boşaldılmasına dair danışıqların getdiyi barədə məlumatlar yer alıb. Lakin o məlumatların birində Ağdam, Füzuli və Kəlbəcərdən söhbət gedirdi. Ətraf rayonların boşaldılması və qaçqınların ora qayıtması Madrid prinsiplərində yer alır. Lakin məlumat var ki, boşaldılacaq rayonlara nəzarət məsələsində tərəflər arasında ziddiyyət hökm sürür. Boşaldılacaq rayonların Azərbaycanın nəzarətinə verilməsinə İrəvan razı deyil, bu ərazilərdə sülhməramlı adı altında Rusiya qüvvələrinin yerləşdirilməsi də Azərbaycan üçün məqbul deyil. Madrid prinsiplərindəki tövsiyələrdən birinə görə, ətraf rayonların boşaldılması ilə paralel Dağlıq Qarabağa aralıq status da verilməlidir. Bu statusun da detalları danışıqlar predmetidir və Rusiya prezidentinin təşkil etdiyi üçtərəfli danışıqlarda bir neçə dəfə müzakirə olunub. Belə görünür ki, Qarabağda yenidən Volski idarəçiliyinin tətbiqinə dair ideya da bu kontekstdə irəli sürülüb.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutan Qarabağ danışıqlarını başa vurandan sonra elə həmin axşam Bakıya dönüb və forumun ertəsi günə nəzərdə tutulan rəsmi açılışına qatılmayıb. Erməni ekspertləri və mətbuatı hesab edir ki, İlham Əliyev danışıqlarda Rusiyanın mövqeyindən narazı qalaraq Bakıya dönüb. Azərbaycanda isə ümumiyyətlə prezidentlərin son danışıqlarının baş tutması faktı rəsmi Bakının öz mövqeyindən geri çəkilməsi kimi şərh olunur. Azərbaycan rəhbərliyi bəyan edib ki, Ermənistan yenilənmiş Madrid prinsiplərinə dair öz cavabını bildirməsə imitasiya xatirinə danışıqlara gedilməyəcək. Lakin indi İrəvanın cavabının məlum olmadığı bir vaxtda Azərbaycan danışıqlar masası arxasına keçir və prosesi davam etdirməyi qərara alır. Sankt-Peterburq danışıqlarının nəticələri haqda Kremldən yayılan rəsmi açıqlamada deyilirdi ki, tərəflərin mövqeyi arasında yaxınlaşma qeydə alınıb. Lakin tərəflərin nə qədər irəli getməsinə dair konkret bir bəyanat yayılmayıb.

Bəs danışıqların getdiyi ölkənin ekspertləri Sankt-Peterburq görüşü haqda nə fikirdədir?

Moskvalı şərhçi Aleksandr Krılovun ehtimalına görə, irəliləyiş danışıqların özünün baş tutmasıdır, ancaq mahiyyət etibarilə məsələ dalana dirənib: “Real irəliləyiş olsaydı, ortaya qoymağa bir şey olardı. Yoxsa hər dəfə heç bir konkretlik göstərilmədən tərəflərin bir-biri ilə danışması və mövqelərini yaxınlaşdırmasını böyük nailiyyət adlandırmaq elə də böyük nikbinlik doğurmur. Əlbəttə, danışıqlar hərbi ritorikadan yaxşıdır, ancaq mahiyyət etibarilə Qarabağ münaqişəsinin nizamlanması hələ çox uzaqdadır. Prinsipial məsələdə razılıq yoxdur - Ermənistan deyir ki, öncə Qarabağın statusu həll olunmalıdır, sonra qalan şeylər. Azərbaycan isə deyir ki, status sonraya qalsın, əvvəl torpaqların qaytarılması və s. məqamlar həll olunmalıdır” (BBC).

Digər ekspert Aleksandr Skakova görə, Moskva Qarabağda nizamlanmaya nail olaraq diplomatik qələbəyə böyük ehtiyac duyur, ancaq hələlik taktiki baxımdan o status-kvonu saxlamağa çalışır: “Əgər Moskva məsələ ilə məşğul olmasa, Qarabağ ətrafında yeni müharibənin başlanması real olacaq. Bu, Rusiyaya əsla lazım deyil. Odur ki, Moskvanın indi əsas taktiki məqsədi status-kvonu saxlamaqdır. Ancaq perspektivdə o, sözsüz ki, problemin real həllini istəyir, axı əks halda Rusiya əsas vasitəçi kimi çıxış edərək öz imicini bu işə qoymazdı”.

Moskvalı ekspert Vladimir Yevseyevə görə də Rusiya Qarabağ nizamlanmasından böyük diplomatik qələbə əldə etmək istəyir, ancaq o işin çətinliyini görərək sığortalanma variantlarını da saxlayır: “Ermənistanın Türkiyə ilə sərhədinin açılması prosesinin dirəndiyini görən Moskva Qarabağ nizamlanmasını fəallaşdırmaq istəyir. Bu məsələlər istər-istəməz bir-birinə bağlıdır. Moskva həm iqtisadi, həm siyasi baxımdan bu sərhəddin açılmasını istəyir. Qarabağda siyasi nizamlanma da Rusiyaya xeyli diplomatik imic üstünlükləri verə bilər. Ancaq Moskva aydın görür ki, iş çox mürəkkəbdir və ona görə də o işdə Minsk Qrupunu saxlayır. Rusiya faktiki bu qrupu əvəzləyə bilər, ancaq bu qurumu saxlayır ki, iş alınmasa desin ki, mənlik nə var, əsas vasitəçi Minsk Qrupudur. Burada isə Rusiya tək deyil və qrupun başqa üzvləri heç də Moskva qədər fəallıq göstərməyib. Yox, real irəliləyiş olsa, Moskva işdə özünün əsas rol oynamasını elan edəcək”.

Münaqişəyə dərindən bələd olan britaniyalı ekspert Tomas de Vall isə “Kavkazskiy uzel” saytına deyib ki, danışıqlar hazırda dalana dirənib. Onun fikrincə, tərəflər danışıqlar xatirinə danışıqlar aparmaqda maraqlıdır. Ona görə də de Vall Minsk prosesini münaqişənin həllinə yönələn sülh prosesi deyil, böyük ölçüdə “münaqişəni idarə etmə prosesi” sayır: “Bunun sülh prosesinə çevrilməsi üçün təzyiq lazımdır. Belə təzyiq aşağılardan-cəmiyyətdən gələ bilər. Lakin Azərbaycan və Ermənistandakı avtoritar hakimiyyətlər cəmiyyətə azad düşüncə imkanı yaratmır. Bu halda təzyiq dünyanın iri dövlətlərindən gələ bilərdi. Ancaq mən bu münaqişənin beynəlxalq ictimaiyyət və iri dövlətlər üçün prioritet olduğunu görmürəm, ona görə də iri dövlətlərin münaqişənin nizamlanması üçün tərəflərə təzyiqləri baş verməyəcək”.

T.de Vall deyib ki, Madrid prinsiplərinin yenilənmiş redaktədəki forması barədə məlumatı yoxdur, ancaq orada Dağlıq Qarabağın yekun statusunun referendumda müəyyən edilməsinin yer aldığını bilir: “Bu sənədi konstruktiv və ikimənalı saymaq olar. Tərəflərin hər biri orada öz istədiyi həll formasını tapır. Vaxtilə bu cür sənəd Şimali İrlandiyada kömək edib. Lakin orada bütün tərəflər həll yolunu tapmaqda səmimi idi. Qarabağ münaqişəsində isə tərəflər stayus-kvonu saxlamaq istəyir və Madrid sənədinin tələb etdiyi güzəştlərə getmək istəmir”.

Britaniyalı ekspert deyir ki, Qarabağda beynəlxalq sülhməramlı əməliyyatların hazırlanması ilə məşğul olan yoxdur, bu isə narahatlıq yaradır: “ATƏT-in Vyana ofisi yanında yüksək səviyyəli planlaşdırma qrupu bu işlə məşğul olmaq üçün mandata malikdir. Lakin qrup nadir hallarda regiona səfər edir. Sülhməramlı əməliyyatların hazırlanması vacib məsələdir, çünki bu məsələdə vasitəçilər arasında rəqabət başlaya bilər. Çəkinmədən deyə bilərəm ki, Rusiya sülhməramlı kontingentə nəzarət etmək istəyir, Azərbaycan isə çox güman ki, buna qarşıdır. Sülhməramlı əməliyyatlar Avropa İttifaqının liderliyində həyata keçirilə bilər, lakin problem ondadır ki, heç kim sülhməramlı əməliyyatların praktikada necə olacağını müzakirə etmir”.

Qarabağda beynəlxalq sülhməramlı əməliyyatların detalları bəlli olmasa da son vaxtlar belə məlumatlar yayılır ki, Rusiya əldə olunacaq sülh razılaşmasının tək qarantı olmaq istəyir. Bu günlərdə “Naşa versiya” qəzeti Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb ki, yaxın aylarda Qarabağa bölgədə sülhü dəstəkləmək üçün rus qoşunları yeridilə bilər. Bu məlumat Ermənistan və Azərbaycanda geniş şərh olunub. Ekspertlər hesab edir ki, nəzəri olaraq bu əməliyyat ancaq sülh razılaşmasının əldə olunmasından sonra mümkün ola bilərdi. ABŞ-ın da münaqişə bölgəsində öz qüvvələrini yerləşdirmək planı var. Məlumata görə, amerikalılar İranla həmsərhəd rayonlarda mövqe tutmaq istəyir.



F.MƏMMƏDOV
Source : Ibna
Comment