0
Tuesday 3 December 2013 - 09:45

"ABŞ-da maaşlar 4 dəfə bizdən artıqdır amma, benzin daha ucuzdur"

Story Code : 326874
"ABŞ-da maaşlar 4 dəfə bizdən artıqdır amma, benzin daha ucuzdur"
Deyerler.Org iqtisadçı-ekspertin bahalaşmaya dair nəzərlərini təqdim edir.
 
Son zamanlar müzakirə edilən məsələlərdən biri də Azərbaycanda benzinin qiymətinin yüksəldilməsidir. Neft istehsal edən ölkədə benzinin qiymətinin yüksəldilməsinin gündəmə gətirilməsi məsələsi iqtisadi baxımdan əsaslandırılıbmı?
 
Əvvəlla, neft ölkələrində benzinin qiymətinin yüksəlməsi və ya ümumiyyətlə dəyişdirilməsi heç də bütün hallarda və əslində əksər məqamlarda bazarın diqtəsi ilə baş vermir. Bunun səbəbi sadədir: neft ölkələrində benzinin qiymətini heç də Nyu York birjasında alıcıların hansı qiymət ödəməsi deyil, hasil edilən neftin maya dəyəri müəyyənləşdirilir.
 
İkincisi, benzin strateji məhsul olduğu üçün onun qiymətinin artırılması yalnız sadəcə sənaye və aqrar sektorda xərclərin artmasına deyil, eyni zamanda digər istehlak məhsullarında psixoloji qiymət artımlarına səbəb olur.
 
Nəhayət, benzinin qiymətinin artırılması büdcə daxil olmalarının strukturunda hər hansı dəyişikliklərə səbəb olmadığı üçün bu dəyişikliyin fiskal təsirləri olduqca zəifdir.
 
Bu zaman sual yaranır? Hal-hazırda, benzinin qiymətinin artırılmasına ehtiyac varmı? Cavab sadədir: yeni qiymət artımlarının iqtisadi bazası yoxdur. O zaman sual oluna bilər; niyə? Bu sualin da cavabı sadədir:
 
Əvvəlla, hal-hazırda Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir. Benzinin pərakəndə qiymətində biz Xəzəryanı regionda yalnız Rusiyaya “uduzuruq”: Rusiyada benzin Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Bununa belə, ölkəmizdə müqayisə edilən bilen benzinin qiymətinin 77 sent olduğunu nəzərə aldıqda oxşar benzin Qazaxıstanda 71, Türkmənistanda 22 sentə təklif edilir. İranda isə əvvəllər 9,7 sentə təklif ediən benzinin 1 litrinin qiyməti sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də yeni qiymət də bizdəki qiymətdən 38 faiz ucuzdur. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır.
 
İkincisi, Azərbaycan benzinin 1 litri 77 sentə təklif edildiyi halda Amerika Birləşmiş Ştatlarda bu göstərici cəmi 75 sentdır. Nefti idxal edən və orta aylıq əmək haqqı Azərbaycan ilə müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa o zaman Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox çətindir.
 
Üçüncüsü, faktiki olaraq, hal-hazırda ölkəmizdə benzin istehsalı və satışı subsidiya almayan sektordur. Bu isə o deməkdir ki, benzinin satış qiyməti onun istehsal xərcində çoxdur. Bu isə indiki qiymətlər ilə benzin satışının mənfəətli olmasına imkan verir. Ona görə də, tənzimlənən qiymətlər siyahısına daxil edilən benzinin satışı gəlirli olduğu üçün qiymət artımlarının müzakirə mövzusu çevrilməsi məqsədə uyğun deyil.
 
Dördüncüsü, benzinin istehal xərclərində hər hansı və eləcə də neftin dünya bazar qiymətində kəskin dəyişikliklər olmadığı halda qiymət artımları üçün iqtisadi əsas tapmaq mümkün deyil.
 
Beşincisi, benzinin pərakəndə qiymətinin sadəcə neft ölkələri ilə müqayisəsi göstərir ki, biz heç də hətta indiki qiymətlər ilə benzini ucuz qiymətə satmırıq. Təbii ki, Veneseulada benzinin 1 litrinin 1 sentə satılması heç də doğru təcrübə olmasa da belə, Səduyyə Ərəbistanın da benzinin qiymətinin 16, Birləşmiş Ərəb Əmirliyində 44 və hətta Misirdə 46 sent olduğunu da müqayisə üçün nəzərə almalıyıq.
 
Altıncısı, Azərbaycanda benzinin qiymətinin Avropa ölkələri ilə müqayisə edilməsi iqtisadi baxımdan uğurlu deyil. Çünki, benzinin qiymətinin müqayisəsi ilə yanaşı benzin xərclərinin əhalinin gündəlik və illik xərclərindəki payına diqqət yetirmək lazımdır. Məsələn, litri 2,15 dollara satılan benzinin əhalinin illik gəlirində payı cəmi 1.65 faizdir. Və ya Fransa üçün uygun göstəricilər 2.03 dollar və 0,85 faizdir. Əgər əksər Avropa ölkələrində benzin xərcləri əhalinin gəlirlərlərinin 2 faizindən aşağıdırsa o zaman bunun sosial təsirləri hiss ediləcək dərəcədə deyil. Qeyd edim ki, bu göstərici Azərbaycan üçün 3,72 faizdir.
 
Nəhayət, əgər Azərbaycan Avro 2 standartlarına uyğun benzin təklif edirsə inkişaf etmiş ölkələr Avro 5 standartlarına uyğun benzin satılır. Bu halda, hətta mövud keyfiyyətlər də qiymətlərin inkişaf etmiş ölkələr üzrə tam müqayisəsinə imkan vermir.
 
Deməli, bu gün benzinin qiymətinin artırılması deyil, onun keyfiyyətinin yüksəldilməsinə diqqət ayırmaq lazımdır.
 
Qeyd edək ki, iqtisadçı ekspert bu şərhi benzinin qiyməti rəsmən bahalaşmazdan bir neçə gün öncə verib. İndi isə Azərbaycan Xəzəryani ölkələr arasında benzini ən baha satan ölkədir.
 
/Deyerler/
Comment