0
Wednesday 22 September 2010 - 15:00

AİP SEÇKİ PLANLARINI AÇIQLADI

Story Code : 37893
(AİP) sədri Mövsüm Səmədov
(AİP) sədri Mövsüm Səmədov
“Hər bir şəxs Azərbaycanın gələcəyini nəzərə alıb, nə qədər məsuliyyət daşıdığını anlayaraq, qanunverici orqan olan parlament seçkilərinə biganə yanaşmamalıdır. Ən azı valideynlər öz övladlarının rifahını və xoş yaşayışını nəzərə almalı və uyğun addım atmalıdırlar” – bu sözəri Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov parlament seçkilərinə münasibət bildirərkən FaktXeber.com- a dedi. Onun sözlərinə görə, Azərbaycanın konstitusiyası onun xalqı üçün mehvərdir: “Təbii ki, ölkə qanunlarını hazırlamaq məhz Milli Məclisin öhdəsinə düşür. Hesab edirəm ki, Azərbaycan xalqı layiqli övladlarını Milli Məclisə seçməklə ölkənin gələcəyini müsbət mənada təmin edəcək. Xatırladım ki, bu, hər birimiz üçün bir vəzifədir. Əgər belə bir məsuliyyətli vəzifəni düzgün icra edilsə, ədalət prinsipi düzgün yerinə yetirilsə, layiqli şəxslər səhnəyə gətirilsə, ölkə az bir vaxtda böyük nailiyyətlər qazanar”.

M.Səmədov hesab edir ki, bacarıqlı, şücaətli, elmli, əxlaqlı, milli dəyələrə qiymət verən və bu kimi xasiyyətləri özündə cəmləşdirən şəxs millət vəkili olmalıdır: “Əlbəttə belə bir şəxs heç bir qüvvənin təsirinə düşməz və vətəninə, xalqına xidmət etməkdən bir addım belə geri çəkilməz. Eyni zamanda belə insanların verdiyi qərarlar Azərbaycanın inkişafına böyük təkan verə bilər. Amma təəssüflər olsun ki, biz ölkəmizdə tam əksini görürük. Bundan əvvəl keçirilən seçkilərdə ədalətsizliyin və özbaşınalığın şahidi olmuşuq. Xalqın ictimai, siyasi, mədəni və digər sahələrdə kifayət qədər tanınmış və layiqli övladları parlamentə seçilə bilməyib”.

M.Səmədov rəhbərlik etdiyi siyasi təşkilatın, həqiqi demokratik yolun yolçusu olduğunu bildirdi: “AİP həmişə həqiqətin carçısı, demokratiya mühafizəkarı olub. Xatırladım ki, xalqın sosial, mənəvi, iqtisadi, elmi və digər sahələrdə tərəqqisini təmin edə biləcək demokratiyadan söhbət gedir. Eyni zamanda AİP azad sözün və azad fikrin həmişə tərəfdarı olub və belə ictimai-siyasi məsələlərdə öz mövqeyini bildirib”.

AİP-in seçkilərdə iştirakına gəldikdə, müsahibimiz vurğuladı: “AİP əvvəlki seçkilərə blok şəkilində qatılıb. Bu il isə blok şəkilində deyil, fərdi qaydada seçkilərə getməyi qərarlaşdırmışıq. Məlumat üçün deyim ki, biz parlamentə seçilməsi zəruri olan şəxslərin namizdəliyini dəstəkləyirik. Bunun üçün partiyamıza üzv olmaq lazım deyil. Bu istiqamətdə çalışacağıq ki, vəzifəmizi yerinə yetirək. Təqribən dəstəklədiyimiz namizədlərin sayı 10 ya 12 nəfər ola bilər. Onlardan bəziləri digər partiyalardan namizədliklərini veriblər, bəziləri də hazırlaşırlar. Vaxtı çatanda siyahı açıqlanacaq”.

Şəxsən özüm namizəd kimi seçkiyə qatılmaq niyyətində deyiləm. Bundan əlavə seçkidə demokratik prinsiplər pozulsa və ədalətsizlik olsa, AİP fikrində korrektə edə bilər – M.Səmədov vurğuladı.

Əli Mövlud
Source : Faktxeber
Comment