0
Tuesday 23 September 2014 - 09:29

ABŞ Suriyanı bombalamağa başladı: Rəsmi olaraq hədəf İŞİD-dir

Story Code : 411158
ABŞ Suriyanı bombalamağa başladı: Rəsmi olaraq hədəf İŞİD-dir
Virtualaz.org saytı ABC News telekanalına istinadən xəbər verir ki, Suriya ərazisində hərbi əməliyyatların başladığını Pentaqon rəsmisi, admiral Con Kirbi bəyan edib.
“ABŞ Silahlı Qüvvələri və tərəfdaş ölkələrin qüvvələri “İslam Dövləti” terrorçularına qarşı Suriyada müxtəlif təyinatlı qırıcıların, bombardmançıların və qanadlı “Tomoqavk” raketlərindən istifadə olunmaqla hərbi əməliyyatlar aparır” - deyə admiral bildirib.
С.Kirbi əlavə edib ki, əməliyyatın davam etdiyi nəzərə alınmaqla əlavə məlumat verilməyəcək.
Pentaqon rəsmisi bildirib ki, Suriya ərazisində İŞİD-in mövqelərinə zərbələr endirilməsinə dair qərarı sentyabrın 22-də ABŞ Mərkəz Komandanlığı (Bəhreyndə yerləşir) prezident Barak Obamanın ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul edib.
Amerika administrasiyasındakı mənbələr bildiriblər ki, əməliyyata İŞİD əleyhinə koalisiyaya qoşulan ərəb ölkələri dəstək verir. Suriya ərazisindəki hədəflərə zərbələr endirən ABŞ bombardmançıları regiondakı müttəfiq ərəb ölkələrindəki bazalardan və təyyarədaşıyan gəmilərdən havaya qalxıb.
Bununla belə mənbə əməliyyatda hansı ölkələrin iştirak etdiyini dəqiqləşdirməyib. Bundan əvvəl Barak Obama İŞİD-ə qarşı koalisiyaya 40-a yaxın ölkənin qoşulduğunu bildirmişdi.
ABC News xəbər verir ki, ötən həftə boyu ABŞ Suriya üzərində pilotsuz kəşfiyyat təyyarələri və kəşfiyyat peykləri vasitəsilə İŞİD-in hədəflərini təsbit edib. İŞİD-in Suriyada 30 minə yaxın döyüşçüsünün olduğu bildirilir. Ötən həftə onlar qəfil hücuma keçərək Suriyanın Türkiyə ilə sərhədinə yaxın kürd kəndlərini bir-birinin ardınca ələ keçirib, kürdləri ucdantutma qırmağa başlayıb. İŞİD həmçinin İraqda geniş əraziyə nəzarət edir. 
ABŞ-ın İraqın ardınca Suriya ərazisində hərbi əməliyyatlara başlamasına cavab olaraq İŞİD terror qruplaşmasının liderləri internetdə 40 dəqiqəlik audiomüraciətlə çıxış edərək koalisiyaya qoşulan ölkələrin vətəndaşlarını hər yerdə öldürməyə çağırıb. Müraciətdə deyilir ki, yaraqlılar bu ölkələrin vətəndaşlarını bütün mümkün yollarla öldürməli və onları kütləvi şəkildə qırmalıdır.
Comment