0
Sunday 31 October 2010 - 07:46

İran-Azərbaycan dəmiryol xətləri birləşdirilir

Story Code : 42303
İran-Azərbaycan dəmiryol xətləri birləşdirilir
İran-Azərbaycan dəmiryol xətləri birləşdirilir
İran ilin sonunadək (İranda il martın 21-dən başlayır) "Şimal-Cənub" dəmiryol xəttinin açılışı çərçivəsində Azərbaycan ilə dəmiryol xətlərini birləşdirmək niyyətindədir. Bu sözləri azərbaycanlı jurnalistlərə açıqlamasında İranın nəqliyyat naziri Həmid Behbəhani deyib.
"Biz ilin sonunadək iki ölkənin dəmiryol xətlərini birləşdirmək niyyətindəyik", - Behbəhani qeyd edib.
"Şimal-Cənub" dəmiryol dəhlizinin yaradılması Azərbaycana İran körfəzinə, İrana isə Avropa ölkələrinə və Rusiyaya çıxmağa imkan verəcək. İrandan bu ölkələrə yüklərin nəqli prosesinə başlanılması ilə Azərbaycan tranzit mərkəzinə çevriləcək", - nazir bildirib.
Behbəhani deyib ki, bu layihənin həyata keçirilməsi üçün yolun yalnız bir hissəsi çatmır.
"Bizim Bəndər Abbasdan Tehrana və Qəzvinə qədər dəmiryol xəttimiz var. Qəzvindən Rəştə qədər işlər davam edir, indiyədək işlərin 40 faizi görülüb və biz çalışırıq ki, işləri tezləşdirək. İran Astarasından Rəşt istiqamətində indiyə qədər 10 km dəmiryol xətti çəkilib və orada da işlər davam edir", - nazir vurğulayıb.
Onun sözlərinə görə, İran hökumətinin prioritet vəzifəsi ölkənin dəmiryol şəbəkəsini inkişaf etdirməkdir. İranın perspektiv inkişaf proqramına əsasən, 2025-ci ildə ölkənin bütün mərkəzi əyalətlərində dəmiryol xətləri çəkilməlidir.
"Yaxın 15 il ərzində İran 16 min km dəmiryol xətti çəkmək niyyətindədir", - Behbəhani qeyd edib.
Onun sözlərinə görə, 30 il öncə İranda cəmi 4 min km dəmiryol xətti mövcud olub. İslam İnqilabından (1979) indiyədək 5 min km əlavə dəmiryol xətti çəkilib.
"Biz qarşıdakı 15 il ərzində dəmiryol xəttini 1,5 dəfə artırmaq niyyətindəyik. Bu işi görmək üçün kifayət qədər peşəkar kadrlarımız var", - nazir əlavə edib.
Onun sözlərinə görə, bu layihələrin həyata keçirilməsinə lazımi vəsaitlər ayrılacaq.
"Şimal-Cənub" layihəsi Avropadan Rusiya, Azərbaycan və İran vasitəsilə Hindistana və Asiyanın cənub-şərq ölkələrinə vahid dəmiryol xəttinin yaradılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsinə 400 milyon dollar lazımdır. Bununla yanaşı, işlərin çox hissəsi Azərbaycan sərhədinə qədər dəmiryol xətti olmayan İran ərazisində görülməlidir. Azərbaycanda da 35-40 milyon dollar məbləğində müəyyən işlər görülməlidir.
Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmiryol xəttinin, təkərlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisini nəzərdə tutur. Sərhəd dəmiryol körpüsünü də tikmək lazımdır, lakin bu layihə İranla paritet əsasda həyata keçiriləcək.
Bu dəhlizlə yüklərin daşınma həcminin birinci mərhələdə ildə 5 milyon ton, gələcəkdə isə ildə 10-15 milyon tona qədər olacağı proqnozlaşdırılır. /Trend/
Related Stories
Comment