0
Saturday 18 April 2015 - 13:26

Xədicə İsmayılın həbs müddəti yenidən uzadıla bilər

Story Code : 455278
Xədicə İsmayılın həbs müddəti yenidən uzadıla bilər
Həbsdəki araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs müddəti növbəti dəfə uzadıla bilər. Buna səbəb ekspert rəylərinin gecikdirilməsidir. Qanunvericiliyə edilmiş əlavələrə əsasən, həbs müddətinin bitməsinə 20-25 gün qalmış ittiham aktı təqdim olunmalıdır. Mayın 24-də həbs müddəti bitəcək Xədicə İsmayıla hələ də qərar təqdim edilməyib. Bu hal həbs müddətinin uzadılması ehtimallarını artırır. Bu barədə musavat.com-a jurnalistin vəkili Fariz Namazlı məlumat verdi: “Aprelin 16-da Xədicə xanımla görüşdüm. Vəziyyəti pis deyil. Saxlanma şəraitindən hər hansı bir narazılığı yoxdur. Aprelin 21-də Apelyasiya Məhkəməsi olacaq. Bu iş Bayraqdar Elman Türkoğlunun şikayəti ilə bağlıdır. Apelyasiya şikayəti vermişik ki, həmin maddə üzrə onun barəsində bəraət hökmü çıxarılsın. Həbsi ilə bağlı iş də istintaq gedir. Ekspertiza rəylərinin cavabı gözlənilir”. Aprelin 17-də vəkil Şəhla Hümbətova Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevlə görüşüb. Musavat.com-a açıqlamasında vəkil dedi ki, görüşdə qarşıdakı məhkəmə prosesini müzakirə ediblər: “Tez-tez baş ağrıları olur. Əsas narahatçılığı son sözü ilə bağlıdır. Belə ki, İntiqam müəllim son sözünü yazır, amma məhkəməyə gətirməsinə imkan verilmir. Yenə əlindən alsalar, biləcəyik ki, heç nə dəyişməyib. Keçən dəfə hakim məhkəmədə söz verdi ki, bununla bağlı məktub yazarıq. Dəhşətli vəziyyətdir ki, son sözü almamaqları üçün hakim məktub göndərməlidir. Heç kimin buna ixtiyarı yoxdur. Məcbur olub, hakimdən xahiş edirik. İş o yerə çatıb. Aprelin 21-dəki prosesdə müdafiə tərəfinin vəkillərinin çıxışları olacaq. Ardınca vaxt çatsa, İntiqam müəllim son sözünü deyəcək. Sonra hökm olacaq. Düşünürəm ki, iki prosesə məhkəmə bitəcək. İntiqam müəllim prosesin tez yekunlaşmasını istəyir. Çünki saxlanıldığı yer səhhətinə ciddi təsir edir”. Müsavat başqanının müavini Tofiq Yaqublu ailəsi ilə telefonla danışıb. Başqan müavini qəzet problemindən şikayətlənib. Bu barədə qızı Nigar Yaqublu məlumat verdi: “Atamın səhhəti, saxlanma şəraiti normaldır. Əsas qəzet problemindən danışdı. Problem əvvəlki kimidir”. Fərəc və Sirac Kərimli qardaşlarının atası Raqif Kərimli 1 aydır övladları ilə görüşə icazə verilmədiyini söylədi: “Siracı apelyasiya şikayətinə baxılmadan ”zon"a aparmaq istəyiblər. Məhkəmə məktub göndərəcək. Görüşə hələ də icazə verilmir. Nə vaxt görüş veriləcəyini hələ özümüz də bilmirik. Telefonla danışmışıq. Hər şey qaydasındadır. Üzümüzə gələn həftə Fərəcin şikayətinə baxılacaq". Jurnalist Pərviz Həşimliyə verilən hökmdən Ali Məhkəməyə şikayət olunacaq. Vəkil Bəhruz Bayramov aprelin 18-də onunla görüşüb: “Normal görüş keçdi. Kassasiya şikayətini müzakirə etdik. Yaxınlarda Ali Məhkəməyə müraciət edəcəyik. Müalicəsi hazırda davam edir. Şikayəti yoxdur”.
Comment