0
Monday 22 February 2016 - 23:58

Cəmil Həsənli: “Belə dar düşüncə ilə böhrandan çıxmaq mümkün deyil”

Story Code : 522950
Cəmil Həsənli: “Belə dar düşüncə ilə böhrandan çıxmaq mümkün deyil”
“Dostlar! Son illər ərzində ölkənin magistral avtomobil yollarının yaşayış məntəqələrinin keçən hissəsi səddi İsgəndər qüdrətində olan daş hasarlara alınıb. Xüsusilə, Bakı-Astar və Bakı-Qazax yolunun Qobustan məntəqəsindən keçən hissəsi daha heyrətamizdir. Burada mərkəzi magistralın sağ və sol tərəfində yaşayış məntəqəsinin daxili yolları var. Təsəvvür edin ki, mərkəzi yolun hər iki tərəfindən möhtəşəm divarlar çəkilib. Yol Qobustanı iki yerə böldüyü üçün bu hasardan sonra qəsəbənin bir tərəfində yaşayanlar digər tərəfində yaşayanları artıq görə bilmir. Hələ bu bir yana qalsın, əvvəl hasarı elə möhtəşəm çəkmişdilər ki, yolun sağ tərəfində yaşayan sakinlər dəniz havasına da həsrət qalmışdı. Hava məsələsi ciddi olduğundan Qaradağ rayon rəhbərliyi hasarı söküb bəzi yerlərdən ona nəfəsliklər qoydular. Təsəvvür edin bu böhran araya girməsəydi yəqin bütün yolları hər iki tərəfdən hasarlayıb tunelə döndərəcəkdilər. Bütün bunlar hamısı onunla bağlı idi ki, böyük neft erası dövründə pulu dağıtmaq üçün ağla gəlməz şeylər uydururdular. Daha fikirləşmirdilər ki, mərkəzi yolların ətrafında yerləşən yaşayış məntəqələrin digərlərindən fərqi odur ki, həmin kənd, qəsəbə, şəhər bu üstünlükdən yararlansın. Yol gedən birisi maşını əyləyib bir çaynik çay içsin, başqa birisi dükandan bir içimlik su alsın, üçüncü birisi maşınına baxdırsın və s. Axı, ta qədim əyyamlardan bəri karvan yollarının, fayton yollarının, indiki dövrdə şosse yollarının kənarında yerləşən yaşayış məntəqələri yolçuların yol ehtiyaclarından faydalanıblar. Bu hasarlardan sonra yol kənarında yerləşən ticarət və xidmət obyektləri demək olar ki, müflis olub öz fəaliyyətini dayandırdı. Təsəvvür edin ki, bu hasarların ucbatından yaşayış məntəqəsinin bir tərəfində saxlanılan mal-davar o biri tərəfə keçə bilmir. Bunların bütün işləri belədir. Abadlıq adı altında yüz milyonlarla manat vəsaitlərin belə mənasız şeylərə xərclənməsi pul yeməkdən ötrü bir vasitə idi. Əslində, yolkənarı hasarlar onların “memarlarlarının”, xüsusilə yerlərdəki idarəçilərin uzağa baxmaq həvəsinin, ətrafı görmək arzusunun olmamasının aydın bir ifadəsidir. Belə dar düşüncəli idarəçilərlə böhrandan çıxmaq mümkündürmü?”
Source : Azadliq
Comment