0
Thursday 10 March 2011 - 22:51

Bin Əli və Mübarəki "AŞIRAN" TV Bakıda

Story Code : 58782
Bin Əli və Mübarəki "AŞIRAN" TV Bakıda
Bin Əli və Mübarəki "AŞIRAN" TV Bakıda
Ərəb inqilablarında mühüm rol oynayan telekanal martın 11-12-də gözlənilən aksiyaları yayınlamağa hazırlaşır
Ərəb ölkələrini bürüyən etirazlar və uzun illər boyu hakimiyyət başında olan avtoritar rejimlərin bir-bir yıxıldığı bir vaxtda Azərbaycanda da aksiyalar gözlənilir. Məlum olduğu kimi, gənclərdən ibarət qrup "Facebook" sosial şəbəkəsində martın 11-ni “Böyük Xalq Günü” elan edib və həmin gün müxtəlif xarakterli aksiyalara çağırıb. Martın 12-də isə Musavat Partiyasının Bakıda siyasi islahatlar tələbiylə mitinq keçirməsinə hazırlıq gedir. Azərbaycanda müşahidə olunan bu fəallaşmaya hakimiyyətin reaksiyası isə artıq inqilabların baş verdiyi ərəb ölkələrinin keçmiş hakimiyyətlərinin reaksiyasından fərqlənmir. Gənc fəallar tutulur, internetə total nəzarət və izləmə tətbiq edilir, paytaxta qoşun cəmlənir, polis və təhlükəsizlik qüvvələri mümkün aksiyaları dağıtmaq üçün hazırlıq vəziyyətinə gətirilir.

Lakin inqilab riskinə qarşı hakimiyyətin gördüyü bu tədbirlər dünyanın Azərbaycana diqqətinin artmasına gətirib çıxarmaqla bərabər, fəallığı daha da artırır, yəni əks effekt verir. Dünən məlum olub ki, Azərbaycanda gözlənilən aksiyalar və müşahidə olunan fəallıqla bağlı “əl-Cəzirə” kanalının reportyor qrupu da Bakıya göndərilib. Bu, dünyanın nəzərlərinin Bakıya yönəlməkdə olduğunu göstərir. FaktXeber.com saytına daxil olan məlumata görə, ölkədə gözlənilən aksiyaları lentə almaq üçün məşhur “əl-Cəzirə” kanalının xüsusi heyəti də Azərbaycana gəlib. Bu barədə sayta AZAL-a yaxın mənbədən məlumat daxil olub. Məlumata görə, aksiya və nümayişləri lentə almaq üzrə dünyada xüsusi bacarığı ilə tanınan məşhur kanalın çəkiliş heyəti, artıq Bakıdadır. “Əl-Cəzirə” müxbirlərinin sayları və adları barədə məlumat verilməsə də, paytaxta gəlmələrinin baş verəcək mitinqlərlə əlaqədar olduğu şübhəsizdir.
Belə görünür ki, “əl-Cəzirə”nin Bakıya çəkiliş qrupu göndərməsi xəbəri hakimiyyətin mümkün inqilabla bağlı narahatlıqlarını daha da artıracaq. Çünki Tunisdə başlayan və bin Əlinin 23 illik hakimiyyətinə son qoyan, daha sonra Misirə sıçrayan və Hüsnü Mübarəki 30 illik taxtından salan, Yəmən, Bəhreyn və digər ərəb ölkələrində avtoritar rejimləri silkələyən, indi isə Liviyada qanlı vətəndaş müharibəsinə çevrilərək davam etməkdə olan etiraz dalğasında bu kanalın xüsusi rolu var. Misirdə internet kəsiləndə və xarici jurnalistlər ölkəyə buraxılmayanda müxalifətin Qahirənin Təhrir meydanındakı izdihamlı mitinqlərini dünyaya məhz “əl-Cəzirə” yayırdı. Məhz bu canlı yayımlar sayəsində dünya Misir xalqının səsini eşitdi və sonda Hüsnü Mübarək getdikcə artan beynəlxalq təzyiqlər qarşısında hakimiyyətdən çəkilməli oldu. Yaxud Yəmən və Bəhreyndə təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı necə zorakılıq etdiyini əks etdirən görüntüləri yayan əsas mənbə də “əl-Cəzirə” idi. Liviyada Qəddafinin üsyançıları necə bombaladığı barədə görüntüləri də dünya ilk günlər bu kanaldan izlədi. Ərəb ölkələrindəki rejimlərin qorxulu röyası halına gələn bu kanalın yayım büroları bağlansa belə, o, texnologiyanın son yeniliklərindən məharətlə faydalanaraq istənilən şəraitdə baş verənləri dünyaya çatdıra bilir.

Related Stories
Comment