0
Saturday 24 December 2016 - 00:13

Nardaran işi ilə bağlı məhkəmə yekunlaşdı.

Story Code : 594365
Nardaran işi ilə bağlı məhkəmə yekunlaşdı.
Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə-hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslər və onların ailə üzvlərinin iştirakına icazə verilməyib.

İclasda Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova deyib ki, ötən prosesdə müdafiə etdiyi şəxslə görüşən zaman konfedensiallıq pozulub:

"Biz konvoyların içində ayaqüstündə görüşdük və nəsə danışa bilmədik. Çünki hamı bizə baxırdı. Xahiş edirəm, bunu nəzərə alın və normal şərait yaradın".

''Siz həmin polis əməkdaşlarından mənəvi cəhətdən fərqlənmirsiniz''

Vəkil Yalçın İmanov isə deyib ki, bu, siyasi işdir. Hakim isə onun sözünü kəsərək "bizdə siyasi iş yoxdur" deyib. Vəkil Y. İmanov isə bildirib ki, Vəkillər Kollegiyasında onları kollegiyadan çıxarmaqla hədələyiblər:

"Bizə dedilər ki, iclasda iştirak etməsəniz, sizi kollegiyadan çıxardacağıq. Biz də ona görə gəlib burada oturmuşuq. Halbuki, təqsirləndirilən şəxslər bizdən imtina ediblər. Əgər siyasi iş olmasaydı, Daxili İşlər Nazirliyi bizim dediklərimizə dərhal açıqlama ilə reaksiya verməzdi".

Daha sonra Y. İmanov təqsirləndirilənlərin məhkəməyə müraciətini oxuyub. Onlar müraciətlərində soyuq zirzəmidə saxlanılmalarını işgəncə adlandırıblar:

"Bu işgəncə bizə bir Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, bir də məhkəmədə verilib. Bununla siz bizə qarşı edilən işgəncəni davam etdirirsiniz. Siz həmin polis əməkdaşlarından mənəvi cəhətdən fərqlənmirsiniz. Bununla siz Azərbaycan tarixinə siyasi sifarişlə hökm çıxaran hakim kimi düşəcəksiniz. Bu əmələ yol verənlər Allah qarşısında cəzalanadırılacaqlar".

Hakim isə bildirib ki, heç bir işgəncədən söhbət gedə bilməz, çünki bütün təqsirləndirilənlər eyni şəraitdə saxlanılır.

Ölən polislərin hüquqi varisləri məhkəməyə çağrıldı

Daha sonra vəkillər ölən polislərim hüquqi varislərinin məhkəməyə çağırılmaları barədə vəsatət veriblər. Bildiriblər ki, gəlməyəcəkləri təqdirdə onların barələrində məcburi gətirilmə qərarı çıxarılmalıdır. Vəkil Yalçın İmanov deyib ki, həmin şəxslər təqsirləndirilənlərə ən ağır cəza tələb ediblər:

"Onlar nə bilir ki, polisləri kim öldürüb? Təqsirləndirilən şəxslərin onlara qarşı ifadə verənləri dindirmək haqqı var". Məhkəmə vəsatəti təmin etməyib. Şamil Abduləluyevin vəkili Zibeydə Sadıqova isə müdafiə etdiyi şəxsim anasının yas mərasimində iştirakına icazə verilməsini istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib. Hakim bildirib ki, Ş.Abduləliyev ağır maddələrlə ittiham olunduğu üçün buna icazə verilmir.

Daha sonra vəkillər ölən polislərin meyidlərinin ekskumasiya olunmaları barədə vəsatət veriblər. Bildiriblər ki, onlar öləndən sonra meyitləri yarılmayıb. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə istintaqı yekunlaşır

Hakim məhkəmə istintaqının yekunlaşması barədə məsələni müzakirəyə çıxarıb. Vəkillər isə buna etiraz ediblər. Onlar düzgün məhkəmə araşdırması aparılmadığını deyiblər və təqsirləndirilən şəxslərlə məsləhətləşmək istəyiblər.

Təqsirləndirilənlər zala qayıtdı

Məhkəmədə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxslərin iclasda iştirakına icazə verilib.

Prosesdə çıxış edən Taleh Bağırzadə deyib ki, ona məxsus olduğu iddia edilən müraciət kitabçası araşdırılmalıdır:

"O kitabçanı araşdırmamaq Ramil Usubova xidmət, İlham Əliyevə xəyanətdir. Orada İlham Əliyevə və hakimiyyətinə təhqirlər yazılıb. Siz bilirsiniz ki, mən hər zaman sözümü demişəm. Lakin kişi kimi deyirəm ki, o kitabça mənim deyil. Bununla bağlı Ramil Usubov özü məsuliyyət daşıyır. O kitabça araşdırılmalıdır. Bununla bağlı mənim İlham Əliyevə müraciətim olacaq" .

Vəkil Y. İmanov isə bununla bağlı ekspertlərin çağırılıb dindirilməsini istəyib.

Fuad Qəhrəmanlı isə bildirib ki, ona yazıları ilə bağlı ittiham verilib və bu yazılar araşdırılmalıdır:

"İttiham necə sübut olunur? Ekspert gəlməli və araşdırılmalıdır. Bunlar araşdırılmadan necə hökm çıxarmaq olar? Sizin adınız Azərbaycan tarixində təqsirləndirilənlərə fiziki işgəncə verən hakim kimi düşəcək. Ən biabırçı məhkəməyə siz imza atmış olacaqsınız. Heç bir ciddi hadisə baş vermədən bizi prosesdən kənarlaşdırdınız".

Bundan sonra hakim məhkəmə istintaqının yekunlaşmasını elan edib. Çıxış üçün söz prokurora verilib.

Lakin o, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. İclas dekabrın 26-da davam edəcək.
Source : Abna24
Comment