0
Wednesday 6 April 2011 - 12:58

Müəllimlər cəbhəçinin evinin qarşısına göndərilib?

Story Code : 63516
Azərbaycan - Cəlilabad
Azərbaycan - Cəlilabad
Rayondan verilən məlumata görə, bu aksiyada ancaq icra hakimiyyətinin tabeçiliyində olan, dövlət büdcəsindən maliyyələşən təşkilatların işçiləri iştirak edib. Onlardan bəziləri çıxış edərək müxalifət liderlərini ittiham edib, müxalifətçilərin öz övladlarına tərbiyə verməməkdə qınayıb. Məlumata görə, aksiyada qarşı tərəfin yaxınları iştirak etməyib.
Mənbə bildirib ki, aksiya zamanı Vaqif adlı şəxsin başçılığı ilə bir neçə nəfər Təzəxan Mirələmlinin evinə basqın edərək onun kiçik oğlunu döyüb. Bu hadisədən hiddətlənən rayon sakinləri aksiya keçirənlərin üstünə yeriyib.

AXCSP fəalı: «Evimin qarşısında aksiya təşkil edlib»

İctimai Palatanın 2 aprel mitinqində ciddi xəsarətlər alan, hazırda 1 saylı Kliniki Xəstəxanada müalicə olunanTəzəxan Mirələmli baş verən faktla bağlı açıqlama verib. Müxbirimizlə xəstəxanada görüşən cəbhəçi deyir ki, hadisənin mitinqdən dərhal sonra baş verməsi onda ciddi şübhələr yaradıb: “Rayonun özündə çox adama zəng edirsən məlumatları yoxdur, amma kənd məktəblərinin müəllimlərini bizim ein qarşısına toplayıb aksiya keçirdirlər. Məndə olan məlumata görə, bu aksiyanı icra hakimiyyətinin başçısı təşkil edib, ona rəhbərliyi isə rayon Təhsil İdarəsinin rəhbəri Ədalət Əsgərov edir. Onun özü də aksiya da iştirak edib. Mən rayonda kirayədə qalıram, uşaqlarım da məktəbdə yaxşı oxuyurlar. Hətta son parlament seçkilərindən sonra məni kirayə qaldığım evdən çıxardılar. Gedib başqa yerdə ev kirayəyə götürdüm. Hətta bu zaman köhnədən qaldığım evə mülki geyimli adamlar gəlib hara getdiyimi soruşublar. Həmçinin yeni qaldığım binaya da gəlib mənim haqqımda soruşublar. Yəni mən hərtərəfli nəzarətdə olmuşam. Əslində nəyinsə baş verəcəyini gözləyirdim. Mənə deyilmişdi ki, narkotiklə şərlənə bilərəm”.
Təzəxan Mirələmli deyib ki, onun iki oğlu bir sinifdə oxuyur: “Onlarla birlikdə rayonda vəzifədə işləyən şəxslərin övladları da təhsil alır. Həmişə mənim uşaqlarımı incidiblər, atalarının müxalifətçi olduğunu bildirib söyüblər. Məktəbdə 10-cu sinif şagirdləri uşaqlara sataşıb, deyiblər ki, atan müxalifətçidir, bizim məktəbdə oxuma, polislər yaxşı edib atanı mitinqdə döyüblər. Sonra yığılıb oğlumu döyüblər. Aprelin 5-də övladlarım yenidən məktəbə gediblər, 10-cu sinif şagirdləri uşaqlarımı yenə təhqir ediblər. Onların əlində bıçaq olub. Oğluma deyiblər ki, get sən də bıçaq götür. Amma oğlumda bıçaq olub-olmadığını bilmirəm. Dava zamanı 10-cu sinif şagirdi Cavanşir Həsənlinin böyründən bıçaq dəyib və nəticədə o, dünyasını dəyişib. Oğlum hazırda polis şöbəsindədir”. Təzəxan Mirələmli deyib ki, Cavanşir Həsənli keçmiş polis əməkdaşı Həsən Həsənovun oğludur: “Sıravi polis olub və mühafizə polisində işləyib. 3-4 il əvvəl polisdən çıxıb. Amma onu şəxsən tanımıram”. Hazırda evimin qabağında 500-700 nəfər aksiya keçirir. Aksiya hadisəyə görə deyil, müxalifətin əleyhinə keçirilir. Müxalifətin əleyhinə şüarlar səsləndirilir. Bu da onu göstərir ki, məsələ əvvəldən təşkil olunub. Yoldaşımla danışa bilmirəm. Telefonu yoxdur. Qohumlarım evimə yaxınlaşa bilmirlər. Başqa hadisələrin baş verəcəyindən qorxurlar”.
AXCP üzvü deyib ki, onların indiyə qədər heç kimlə problemləri olmayıb: “Biz Azərbaycanda bütün insanların azadlığı, firavan yaşaması uğrunda mübarizə aparmışıq. Biz qatil deyilik. Baş verən hadisə məni çox pis vəziyyətə qoyub».

Source : BizimYol
Comment