0
Sunday 14 June 2009 - 12:57

İKİ “CİP” BİR EŞŞƏK QİYMƏTİNƏ

Story Code : 6695
İKİ “CİP” BİR EŞŞƏK QİYMƏTİNƏ
Ötən bazar manşetimizdə hökumətimizin xaricdən fantastik qiymətə bahalı eşşəklər alıb gətirməsi barədə sensasiyalı araşdırma dərc etmişdik. Rəsmi məlumatlar əsasında hazırlanmış bu yazı ölkəmizdə və Türkiyə mətbuatında maraqla qarşılanmışdı. Bu dəfə qəzetin İqtisadi Təhqiqatlar Qrupu (İTQ) “Azərbaycanda büdcə oğurluqları” silsiləsindən daha bir yazı hazırlayıb. Oxuduqca görəcəksiniz ki, rəsmi qurumlarda oturan məmurlar əlbir olaraq hər il dövlətimizin büdcəsindən yüz milyonlarla pul vəsaitini gizlədirlər.

Qardaş Türkiyədən biri 11 min dollara olmaqla 15 baş eşşək satın alan rəsmi qurumlar oradan gətirilən avtomobilləri neçəyə sənədləşdirirlər, bilirsinizmi? Bəs Yaponiya “Cip”lərini, Amerika “Hammer”ini? Oxuyanda biləcəksiniz və şaşıracaqsınız - iki “Cip” bir eşşəyin qiymətinə sənədləşdirilir! Bunu necə edirlər?
Beləliklə, buyurun İTQ-nin araşdırma yazısını oxuyun, özünüz qiymət verin.

***

Qrupun apardığı təhqiqatlara görə, büdcənin həm gəlir hissəsinin formalaşdırılması, həm də daxil olmuş vəsaitin xərclənməsi zamanı büdcədən oğurlanan və mənimsənilən vəsaitin həcmi ildən-ilə sürətlə artaraq 2007-2008-ci illərdə 10 milyard manata çatıb. Fantastik görünən bu oğurluğun təşkilati və əmtəə-mal təsnifatında ölkəyə minik maşınlarının idxalı zamanı büdcəyə çatmalı olan vəsaitin oğurluğu həcminə və dərəcəsinə görə aparıcı yerlərdən birini tutur.
İTQ-nin hesablamalarına görə, 2006-2008-ci illər arasında hər il bu əməliyyat zamanı büdcədən 150 milyon manat vəsait oğurlanıb. İTQ bu nəticəni aşağıdakı kimi əsaslandırır.
2008-ci ildə rəsmi rəqəmlərə görə, Azərbaycana 7,2 milyard dəyərində 5893 adda mal idxal olunub. Bu zaman dövlət büdcəsinə 1 milyard 110 milyon manat gömrük vergi və rüsumları köçürülüb. Bu isə o deməkdir ki, idxal olunan malların dəyərinin təxminən 15,4 faizi həcmində gömrük vergi və rüsumları toplanır. Yenə rəsmi rəqəmlərə görə, Azərbaycana gömrük mədaxil orderi tərtib edilmiş avtomobillər də nəzərə alınmaqla 2003-cü ildə 97 milyon 848,4 min dollarlıq 23226 ədəd, 2004-cü ildə 156 milyon 302 dollarlıq 33271 ədəd, 2005-ci ildə 274 milyon 264 min dollarlıq 55269 ədəd, 2006-cı ildə 433 milyon 305 min dollarlıq 70047 ədəd, 2007- ci lidə 456 milyon 497 min dollarlıq 70985 ədəd minik avtomobili idxal olunub. 2008-ci ildə rəsmi rəqəmləri təxminən 2007-ci ildəki kimidir.
Buradan çıxış edərək minik maşınlarının idxalından əldə olunan gömrük vergi və rüsumlarının təxmini həcminin 75 milyon dollar olması qənaətinə gəlmək olar.
Lakin təhqiqat göstərir ki, bu rəqəm ən azı 200 milyon həddində olmalıdır. Çünki Azərbaycana gətirilən minik avtomobillərinin həqiqətdə olan dəyəri rəsmi statistik göstəricilərdən qat-qat çoxdur. Minik maşınlarının istifadə və qeydiyyatı sistemi elədir ki, ölkəyə gətirilən minik avtomobillərinin miqdarını gizlətmək qeyri-mümkündür. Odur ki, onların sayı yox dəyəri ciddi şəkildə azaldılır.
Rəsmi göstəricilərə görə, 2003-cü ildə idxal olunan hər bir avtomobilin orta qiyməti 4,2 min dollar, 2007-cü ildə 4,7 min dollar, 2005-ci ildə 4,9 min dollar, 2006-cı ildə 6,2 min dollar, 2007-ci ildə 6,5 min dollar civarında olmuşdur. 2008-ci ildə də rəqəmlərin təxminən bu qədər olduğu aydınlaşdırılıb.
Bu rəqəmlər heç bir halda ağlabatan sayıla bilməz. Çünki bu rəqəm Azərbaycana idxal olunan (xaricdən gətirilən) bəzi eşşəklərin orta idxal qiymətindən də aşağıdır. Müqayisə üçün göstərək ki, 2008-ci ildə Türkiyədən satın alınmış (idxal olunmuş) eşşəyin qiyməti 11 min dollar olduğu halda yenə həmin ölkədən gətirilən mühərrik gücü 3000 kub/sm olan avtomobillərin qiyməti cəmi 5 min dollar dəyərində rəsmiləşdirilib. Bundan əlavə, 2007-ci ildə yenə Türkiyədən mühərrik gücü 1500-3000 kub/sm olan 405 avtomobilin biri 6300 dollara, mühərrik həcmi 1000-1500 kub/sm olan 545 avtomobilin biri 8 min dollara, mühərrik həcmi 1500-3000 olan 467 avtomobilin biri 6300 dollara, mühərrik gücü 1500 kub/sm (dizel) olan 31 avtomobilin hər biri 11 min dollara sənədləşdirilib.
Bunlar hələ harasıdır?! 2007-ci ildə sıfır km-lə Koreyadan gətirilən mühərrik həcmi 1500-3000 kub/sm olan 4208 avtomobilin biri 6400 dollara, mühərrik gücü 3000 kub/sm-dən çox olan 43 avtomobilin biri 9 min dollara sənədləşdirilib.
Qiyməti maşın salonlarında hamıya bəlli olan yapon maşınları da eyni vəziyyətdədir. Ən bahalı avtomobillərdən olan mühərrik gücü 3000-dən çox olan yapon avtomobilləri 16 min dollar, mühərrik gücü 1500-3000 kub/sm olan 6105 avtomobil isə 10.000 dollara sənədləşdirilib. Eyni tip mühərrikli 3033 alman maşınları guya 11 min dollara gətirilib.
Bu kateqoriyadan olan Çin avtomobilləri də 8 min dollara sənədləşdirilib. Son dövrlərdə dəbə minmiş ABŞ avtomobilləri 15.000 dollara, o cümlədən ABŞ “Hummer”ləri 20.000 dollara sənədləşdirilib. Ümumiyyətlə, real qiymətləri arasında dəfələrlə fərq olan avtomobillərin təxminən eyni qiymətləndirilməsi açıq-aydın görünür. Məsələn, İrandan gətirilən 1500-3000 kub/sm-lik mühərrik həcmli avtomobillər 12,5 min dollara sənədləşdirilib.
2004-cü ilə qədər və 2004-2006-cı illərdəki vəziyyət ümumiyyətlə məntiqə və təhlilə sığmır.
Jurnalistlərimizin təhqiqatı göstərir ki, avtomobil idxalçılarının yaxşı tanıdıqları Sulutəpədəki gömrük sənədləşdirmə məntəqəsində (Bakı-Şamaxı yolunun bir neçə metr yaxınlığında yerləşir) Rusiya istehsalı olan “Jiquli” markalı avtomobillərdən başlayaraq hər idxal olunan minik avtomobili üçün 1200 manat rüsum və vergi adına vəsait alınır. Yenə jurnalist təhqiqatı ilə müəyyən edilib ki, mühərrik həcmi 1800 və daha artıq olan avtomobillər üçün bu rüsum 5 min və daha artıq təşkil edir. Kilometrajı sıfır olan, mühərrik həcmi 3000 kub/sm-ə yaxın və daha artıq olan avtomobillərə (“Lexus”, “BMW”, “Mercedes”, “Hummer” və s.) görə isə 20-30 min və daha artıq pul alınır. Burda İsmayıl müəllim adlı vəzifəli şəxs sənədə ötəri baxaraq “filan qədər ödəyəcəksən” deyə sənədə “ptiçka” qoyur. Hər bir etiraza bu rəqəm 1000 manat artırılır. Ona görə heç kəs etiraz bildirməyə risk belə etmir. Alınan vəsaitə görə qəbz verilmir. Verilirsə də görən yoxdur. Yəni avtomobili istifadəyə və ya satmağa gətirən istəsə belə bunu edə bilməz və belə iddiaya düşsə, başına oyun gətirilə bilər. İdxalçıların “invoys” dedikləri sənəd necə dəyişdirilir, bu da başqa mövzudur.
Deyilənlərin həqiqət olub-olmadığını araşdırmaq çətin deyil. Məlumdur ki, son dövrlərdə avtomobillərin bank zəmanəti verilməklə kredit vasitəsilə alınması forması geniş tətbiq olunub. Bu yolla satın alınan avtomobillərin bank təminat və sığorta sənədlərinin təhlili göstərir ki, rəqəmlər 3 dəfədən çox azaldılıb. Yəni minik avtomobillərinin real idxal qiymətləri 1,3 milyarddan çoxdur və bunun da gömrük rüsum və vergilərinin həcmi ən azı 200 milyon dollardan çox etməlidir. Və dövlət büdcəsinə də avtomobil idxalına görə təxminən bu qədər vəsait köçürülməlidir. Gömrükdə yığılan vergi və rüsumların rəsmiləşdirilən hissəsinin belə mal təsnifatına görə bölgüsü barədə material olmadığı üçün maşın idxalından büdcəyə nə qədər gəlir daxil olduğunu dəqiq demək də çətindir. Yuxarıda göstərilən 70 milyon manat xeyli dərəcədə nəzəri rəqəmidir və mümkündür ki, oğurlandığını iddia etdiyimiz 150 milyon da yuxarıya və ya aşağıya dəyişə bilər.
Lakin bu da mahiyyəti dəyişmir. Ekspertlər iddia edir ki, hazırda Azərbaycana idxal olunan malların həqiqi ümumi dəyəri rəsmi göstəricilərdən 2-3 dəfə çoxdur və əgər bu belədirsə, 20 milyard dollar civarındadır. Odur ki, gömrük rüsum və vergiləri də 1-1,3 milyard yox, müvafiq olaraq 2-3 dəfə çox həcmdə büdcəyə daxil olmalıdır.

***

Lakin minik avtomobillərinin idxalından oğurlanan 150 milyon da az deyil. Bu vəsait çox böyükdür. Bununla sosial pensiyanın həcmini 3 dəfə artırmaq, elmlər doktoru və namizədlərin maaşını 1500-2000 manata çatdırmaq, xaricdə müalicə almağa ehtiyacı olanların hamısını müalicə etdirmək, ailə başçısını itirmiş şəxslərə verilən vəsaiti onlarla dəfə artırmaq, uşaq evlərində böyüyən valideynsiz uşaqları, Qarabağ müharibəsi əlillərini mənzillə tam təmin etmək, şəhid ailələrini maddi cəhətdən təmin etmək, minlərlə istedadlı gənci xaricdə oxutmaq, “böhrandır, büdcədə vəsait yoxdur” deyə işdən azad edilib çölə atılan on minlərlə insanı işlə təmin etmək olar.
Bu oğurlanan pullar yetimlərin, dulların, əlsiz-ayaqsızların, qocaların pullarıdır. Haram olsun. Lakin bu məsələ yalnız qarğışla bitməz. İqtisadi qrupun təhqiqatının materialları müvafiq sorğularla prezidentə, prokurorluğa, korrupsiyaya qarşı mübarizə orqanlarına, Hesablama Palatasına və digər dövlət qurumlarına, təbii ki, birinci olaraq Dövlət Gömrük Komitəsinə göndəriləcək. Məsələyə aydınlıq gətirilməsini - ya deyilənlərin inandırıcı şəkildə təkzibini, ya da bu soyğunçuluğun, talanın dayandırılmasını, tədbir görülməsini tələb edəcəyik.
Redaksiyadan: Qəzet gömrük orqanlarının bu məsələ barədə mövqeyini və şərhini dərhal dərc etməyə hazır olduğunu bildirir.
Gələn bazar manşetində büdcə oğurluğu haqqında yeni sensasiyalı məlumatı oxuyacaqsınız. (14.06.2009)
Source : Yeni Musavat
Comment