0
Thursday 23 July 2020 - 13:41

"Tehranda Azərbaycan şəhidlərinin şəkilləri küçələrdə asılıb, mağazaların qapılarına belə vurulub"

Story Code : 876110
"Tehranda Azərbaycan şəhidlərinin şəkilləri küçələrdə asılıb, mağazaların qapılarına belə vurulub"
İranda son günlər Azərbaycan-Ermənistan arasında yaşayanan hadisələrə münasibət necə oldu?


- Onu deyim ki, xüsusilə Tehranda bu hadisələrə qarşı çox ciddi reaksiya var. Tovuz istiqamətində şəhid olan şəxslərin İranın başda Şərq və Qərbi Azərbaycan əyalətlərində olmaqla yanaşı, paytaxt Tehranda da plakatlarının yayıldığını gördüm. Yəni şəhidlərin şəkilləri demək olar ki, əksər küçələrdə yayılıb, mağazaların qapılarında belə vurulub. İranlılar tərəfindən "Qarabağ Azərbaycandır!" şüarı səslənir və bu ifadə tam mənası ilə burda dərk edilir. Xüsusilə, Təbriz və Ərdəbildə imamların Azərbaycana dəstək açıqlamları var.

Yəni insanlarının yarısı azərbaycanlı olan ölkədə erməni təxribatlarına qarşı reaksiya necə olmalıdırsa, elədir. Tovuz istiqamətində Azərbaycan şəhid verdiyi ilk gün Qum şəhərində yas mərasimləri belə təşkil olundu, bizlər də iştirak etdik.


- Yaxşı, bəs sizcə, İran mətbuatında Tovuz istiqamətində olan təxribatlar necə işıqlandırıldı? Yayımlanan xəbərlərdə qərəz vardımı?


- Bəzi media orqanlarında bu hadisələr formal xarakterdə verildi. Yəni Azərbaycan-Ermənistan sərhəddində atəşkəs pozuldu və itkilərin olduğu bildirildi,  şərh verilmədi. Amma bəzi media orqanlarında xüsusilə Qarabağ münaqişəsinin həll olunmasına dair fikirlər yer alırdı. Onu da deyim ki, İran mətbuatında demək olar ki, çox vaxt Dağlıq Qarabağ Ermənistanın işğalı altında olan Azərbaycan torpağı kimi verilir...

Onu da vurğulayım ki, İranda həm də ermənilər var. Onlar qərəzli mövqe ortaya qoyub mətbuatda Ermənistanı haqlı ölkə olaraq təqdim edə bilməsələr də, ən azından Qarabağı işğal altında olan Azərbaycan torpağı kimi verməməyə nail ola bilirlər. Lakin mediada hakim mövqe Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlıdır və münaqişənin qan tökülmədən həll olunması, işğal olunmuş torpaqların diplomatik yollarla Azərbaycana qaytarılması yönündə xəbərlər yayımlanmaqdadır.

 

- İranda yaşayan ermənilərin türklərə qarşı münasibəti necədir? Sizə qarşı xüsusi bir aqresiya ya düşmənçilik faktoru özünü göstərir?


- İranda erməni sayı çox azdır, yəni onların burda inkişaf etmiş bir diasporunun olmadığını əminliklə deyə bilərəm. Düzdür, burda erməni deputatlar var, amma onlar da Qarabağ münaqişəsi ilə bağlı hansısa açıqlama vermirlər, bu mövzuda demək olar ki, danışmırlar. Yəni belə deyim ki, onlar sadəcə öz aralarında biri-birləri ilə əlaqə saxlayırlar, özlərinə məxsus ərazidə məskunlaşıblar. Bu mənada onların burda yaşayan türklərin işinə qarışdığını, düşmən münasibəti bəslədiyini demək olar ki, görməmişəm. Burda adətən ermənilər çay evlərində çalışır. Bəzən onlara özümüzü təqdim edəndə, xoş gəldin, deyib yer göstərən də olur, acıqlı sifət göstərən də. Amma bu da demək olar ki, hər ölkədə belədir. Ümumilikdə deyim ki, İranda güclü erməni lobbisi mövcud deyil. /Modern.az/