0
Wednesday 29 July 2009 - 12:02

ƏSGƏR ATASI CƏLILABADDAKI HISSƏ ZABITINI IFŞA ETDI

Story Code : 8863
ƏSGƏR ATASI CƏLILABADDAKI HISSƏ ZABITINI IFŞA ETDI
Barəsində cinayət işi qaldırılmış Azərbaycan Ordusunun Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri Kamran Veysəlovun valideynləri dünən mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, əsgərin atası Şakir Veysəlov bildirib ki, Tibb Universitetini bitirdikdən sonra oğlu 2008-ci ilin oktyabrında hərbi xidmətə gedib. Ş.Veysəlovun sözlərinə görə, oğlu hərbi hissədə həkim-feldşer kimi xidmət edib. O, hərbi hissənin tədqiqatçısı mayor Elşən İmanovun oğluna daim təzyiqlər göstərdiyini bildirib: "Bu ilin fevral ayında xəstə əsgərlərdən biri hərbi hissəni icazəsiz tərk edir və tədqiqatçı guya həmin əsgəri oğlumun qaçırdığını bildirir. Amma iki gündən sonra geri qayıdan əsgər ona heç kimin kömək etmədiyini, özünün qaçdığını deyir. Bundan bir müddət sonra, martın 1-də Ceyhun Qulamzadə adlı əsgər çəkmələri ayağını yara etdiyi üçün tibb məntəqəsinə müraciət edir. Həmin əsgər bir gün müalicə olunduqdan sonra Lənkəran hərbi hospitalına göndərilir. 12 gün müalicə olunduqdan sonra Ceyhun Qulamzadə hərbi hissəyə qayıdır. Amma mayor Elşən İmanov onu məcbur edir ki, guya Kamranın onu döyməsilə bağlı izahat yazsın. Bundan sonra oğlum barəsində cinayət işi başlanıb".

Ş.Veysəlov bildirib ki, yaxşı xidmət etdiyi üçün oğlu 10 ay müddətində iki dəfə hərbi hissə rəhbərliyi tərəfindən təşəkkür məktubu alıb. O, Lənkəran Hərbi Prokurorluğunun oğlunun işilə bağlı heç bir şahid və fakt tapmadığını, həmçinin C.Qulamzadənin öz izahatından imtina etdiyini bildirib: "Amma buna baxmayaraq, işi araşdıran müstəntiq Rəhman Əhmədov cinayət işinin bağlanması üçün 4 min manat pul istəyir. Buna özünün ehtiyacının olmadığını, yalnız prokuror Oqtay Ağayevin belə bir tələbinin olduğunu deyir".

Ş.Veysəlov məsələ ilə bağlı prezidentə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, müdafiə nazirinə, respublikanın hərbi prokuroruna müraciət etdiyini və hələlik heç bir cavab almadığını bildirib.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzini rəhbəri Ələkbər Məmmədov isə bildirib ki, cinayət işinin ləğv olunmayacağı və K.Veysəlov barəsində həbs qərarı veriləcəyi halda bütün hüquq müdafiə təşkilatlarına, beynəlxalq qurumlara və məhkəmələrə müraciət ediləcək.

Qeyd edək ki, mətbuat konfransında Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edib. "Azərbaycan Ordusu" qəzetinin baş redaktor müavini, mayor İbrahim Rüstəmov isə bildirib ki, o hərbi hissənin rəhbərliyi, Lənkəran Hərbi prokurorluğu ilə əlaqə saxlayıb və onlar K.Veysəlovun əsgər C.Qulamzadəni döydüyü üçün barəsində cinayət işi qaldırıldığını bildiriblər.

Mətbuat konfransında C.Qulamzadənin etiraflarının əks olunduğu kadrlar də nümayiş olunub. O, mayor E.İmanovun təzyiqilə izahat yazdığını, izahatında K.Veysəlovun onu döydüyünü qeyd etdiyini bildirib.
Source : Faktxeber.com
Related Stories
Comment