0
Tuesday 27 October 2020 - 10:41

29 oktyabr görüşü: Bakı nələrsə gözləyir?

Story Code : 894282
29 oktyabr görüşü: Bakı nələrsə gözləyir?
Prezidentin dünən xalqa müraciətində bu barədə sözlərindən sonra oktyabırın 29-da Cenevrədə baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün nəticəsi bəllidir. Ölkə başçısı öz çıxışında da açıq şəkildə vurğuladı ki, bu görüşün bundan öncəki görüşlərdən fərqi olmayacaq.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə oktyabrın 29-da Cenevrə şəhərində Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, 30 ildir kağız üzərində danışıqlar prosesi gedir:

“Danışıqların məqsədi münaqişənin həll edilməsi olsa da, status-kvonu qorumaq və münaqişəni uzatmaqdan başqa bir işə yaramır. Lakin bu da bir reallıqdır ki, hazırda müharibə aktiv fazadadır. Azərbaycan Ordusu öz torpaqlarını hərbi yolla işğaldan azad edir.

Baxın, artıq 3-cü dəfədir ki, humanitar atəşkəsə dair razılaşma əldə edilir, lakin razılaşmanın mürəkkəbi qurumadan Ermənistan atəşkəsi kobud surətdə pozub. Buna görə də bu gün başda ölkə başçısı olmaqla, Azərbaycan tərəfdə nəinki münaqişənin danışıqlar yolu ilə həllinə, heç Cenevrədə keçiriləcək danışıqlara ümid bəsləmir. Düzdür, görüşqabağı belə məlumatlar var ki, guya ATƏT-in Minsk Qrupunun həmsədrləri ölkə başçısının təklif etdiyi işğal edilmiş torpaqların konkret geri qaytarılma qrafiki tələbini danışıqların gündəliyinə salıb. Lakin qarşı tərəfin açıqlamalarında bunu qəbul edəcəkləri ilə bağlı heç bir işartı yoxdur. Əksinə, Ermənistan “”daha uğurlu şərtlər üçün döyüş” yolunu seçib. Ona görə də Cenevrədə real, beynəlxalq hüquqa uyğun bir siyasi həllin tapılacağı çox az inandırıcıdır”.