0
Thursday 29 July 2021 - 07:13

Bu gün Qədir-Xum bayramıdır

Story Code : 945708
Bu gün Qədir-Xum bayramıdır
Bu səbəblə İslamda Qədir-Xum bayramı ən böyük bayram hesab olunur.

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim..." (Maidə- 3)

"Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır.
Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu.

Karvan Cuhfəyə çatanda Allah-təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy etdi: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər karvana köç salmaq əmrini verdi, orada dəvə kəcavələrindən minbər qurdular.

Həzrət Mühəmməd Peyğəmbər camaatla zöhr namazını qıldı, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söylədi.

Peyğəmbər xütbənin əvvəlində Allaha həmdü-səna etdikdən və tezliklə bu dünyanı tərk edəcəyini bildirdikdən sonra məşhur «səqəleyn» hədisini bir daha söylədi -“Mən sizin aranızda iki əmanət qoyuram. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmazsınız. Bunlardan biri digərindən daha böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş rəhmət ipidir, digəri isə mənim itrətim – Əhli-beytimdir. Onlar hovuzun kənarında mənə gəlib çatana qədər bir-birindən ayrılmazlar. Baxın görün, mənim əmanətlərimlə necə rəftar edəcəksiniz!

Sonra Peyğəmbər yanında durmuş Əli ibn Əbu Talibin əlini tutub yuxarı qaldırdı və soruşdu: «Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?». Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».

Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!».

Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən).

Sonra Peyğəmbər Əli ibn Əbu Talib üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Hətta Peyğəmbərin xanımları da münasib bir şəkildə Əli ibn Əbu Talibə təbriklərini çatdırdılar. Bu mərasim gecənin üçdən-bir hissəsi keçənə kimi davam etdi.

Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar. Ömər bu sözləri demişdi: «Xoş sənin halına, ey Əbu Talibin oğlu! Mənim, habelə, bütün mömin kişi və qadınların mövlası oldun!».