0
Friday 29 April 2022 - 00:00

Bu gün Ramazanın son cüməsi Beynəlxalq Qüds günüdür

Story Code : 991733
Bu gün Ramazanın son cüməsi Beynəlxalq Qüds günüdür
Bu gün bir çox müsəlman ölkələrində sionist İsrail rejimi tərəfindən işğal edilmiş Fələstin torpaqlarının və müsəlmanların birinci qibləsi əl-Əqsa məscidinin azadlığı naminə Beynəlxalq Qüds günü qeyd edilir. Qırx ildən çoxdur ki, ramazan ayının sonuncu cüməsi müsəlman dünyasında Beynəlxalq Qüds günü kimi qeyd edilməkdədir.

SalamNews xəbər verir ki, Qüds gününün keçirilməsi təşəbbüsü təkcə 1948-ci ildən bəri Fələstin xalqının məruz qaldığı zülmlərə son qoymaq məqsədilə deyil, həm də İslam dünyası üçün böyük əhəmiyyət daşıyan müsəlmanların birinci qibləsi ilə bağlıdır. Qurani-Kərimin İsra surəsinin birinci ayəsində hazırda işğal altında olan Qüds şəhərindəki əl-Əqsa məscidinin İslam dünyası üçün əhəmiyyətindən danışılır. Ayədə buyurulur:

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsi Peyğəmbəri bir gecə (Məkkədəki) Məscidül-həramdan, ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”

Məlumdur ki, müsəlman ümməti bu müqəddəs məkanın işğalda olmasına biganə qala bilməz. Buna görə Qüds günü ramazanın son cüməsində çox mühüm bir əlamətdar gün kimi qeyd edilir.

Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Bu günün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib.

Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amildir. Bu səbəbdəndir ki, müsəlman xalqlarının səadətini istəməyən qlobal imperializm müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə yaratmağa çalışır.

Belə əlamətdar günlərdə keçirilən tədbir və aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirir.

Son illərdə ABŞ tərəfindən Qüdsün işğalçı İsrailin paytaxtı elan edilməsi, Colanı İsrailin ərazisi kimi tanıması, işğal edilən İordan çayının qərbində sonradan salınan 121 şəhər və qəsəbənin, habelə İordan vadisinin İsrailə ilhaq edilməsi planının gündəmə gətirilməsi Qüds gününün keçirilməsinin əhəmiyyətini daha da artırıb.

Hazırda Fələstin ərazilərinin böyük hissəsini təşkil edən İordan çayının qərb sahili və burada məskunlaşan 5 milyon fələstinli İsrailin işğalı altındadır. Daha 2.5 milyon fələstinin yaşadığı Qəzza HƏMAS hərəkatının nəzarətində olsa da, hava quru və sudan İsrailin mühasirəsindədir. Bu mühasirə artıq 15 ildir ki, davam edir. Ümumilikdə 1948-ci ildən bu yana həyata keçirilmiş işğal siyasəti nəticəsində 7 milyona yaxın fələstinli qonşu və digər dünya ölkələrində qaçqın şəraitində yaşamaqdadır.

Bu gün Qüds və Fələstin İslam dünyasında iman və əzmin ölçüsüdür. Məhəmməd peyğəmbərin buyurduğu hədisdə deyilir ki, əgər Əl-Əqsa məscidinə gedə bilməsəniz heç olmasa məşəllərinin sönməməsi üçün ora münasib yanacaq göndərin. Və ya buyurur ki, hər kəs səhər oyanandan sonra müsəlmanların məsələləri ilə bağlı maraqlanmasa müsəlman deyil. Bu hədislər onu göstərir ki, indi Fələstin məsələsini diqqətdə saxlamaq əslində müsəlman üçün bir imtahan vasitəsidir.