0
Thursday 10 January 2013 - 19:48

Mövsüm Səmədov haqda SOS!

Story Code : 230001
Mövsüm Səmədov haqda SOS!
Mövsüm Səmədov haqda SOS!
İslam Partiyasının (AİP) dustaq həyatı yaşayan sədri Mövsüm Səmədovun səhhətinin pisləşməsi barədə xəbər yayılıb. Səmədovun hansı motivlə rejimin zindanında yatması və 12 il (!) həbs cəzası almasını ölkədəki siyasi dəngələrə azca bələd olan hər kəs yaxşı bilir. Daha biz toplumun bu hakimiyyətlə illərdir cəngi-cidada olan müxalif və narazı kəsimini demirik.

AİP sədri bişəkk, sözünə, fikrinə, bir az da dəqiqi, ali hakimiyyətin ünvanına sərt ifadələr işlətdiyinə görə uzun müddətə azadlıqdan məhrum edilib. Kimdənsə böyük məbləğdə rüşvət aldığına, yaxud hansısa yüksək çinli məmurla çirkli korrupsiya oyununda iştirakçı olduğu üçün yox təbii ki. Belə şeylərə görə çoxdan Azərbaycanda kimsənin gözünə də üfürülmür – yetər ki, bu “oyunun” yazılmamış sərt qaydalarına riayət edəsən. Gülər Əhmədova, mərhum Sevinc Babayeva, lap elə Əli İnsanov və Fərhad Əliyev kimi (Allah qapılarını açsın) yanmayasan. Ən ümdəsi, “kotyol”a kəf gəlməyəsən, baş kassirə atmağı ağlından keçirməyəsən!

Mövsüm Səmədov isə təqvalı adamdı. Əlbəttə ki, imanlı şəxslər gərəkdi ki, hansı ölkədə yaşayıb ictimai fəaliyyətlə məşğul olduqlarını vaxtaşırı ciddiyə alsınlar. Qəddar bir rejimin hökm sürdüyü, haramın meydan suladığı bir məmləkətdə həmçinin, türmə həyatını da, şəhidliyi də göz önünə gətirsinlər. Bu, iman əhli üçün həm də ilahi bir sınaqdır. Mövsüm bəy, daha doğrusu, Mövsüm doktor (Səmədov ixtisasca həkimdir) bizdən daha yaxşı bilir bu incəlikləri.

Mövsüm Səmədov qeyd-şərtsiz vicdan məhbusdur. Nə yazıq ki, YAP-erteid rejimində Azərbaycan türmələri heç vaxt siyasi və vicdan məhbuslarından xali olmayıb, indi də deyil. Rejim çökənədək olmayacaq da. Sadəcə, adlar və soyadlar əvəzlənəcək.

Əslində başqa cür ola bilməz. Başqa cür təəccüblü olar hətta. Zira, oğru-quldurların, çapovulçuların, yalanın, şərin hakimiyyətdə olduğu ölkədə saf insanların, haqqı car çəkən ziyalıların zindana salınması, təqib və linç edilməsi, hətta öldürülməsi (şərlənərək türməyə salınan və orda da dünyasını dəyişən Hacı Vaqif kimi) təbiidir.

Ta o vaxta qədər belə olacaq ki, yerlər dəyişəcək – iqtidara təmiz adamlar, xalqa bağlı qüvvələr gələcək. Məhz o zaman odioz talançıların daimi yaşayış ünvanı, məskəni də dəyişəcək – oğrular və cinayətkarlar da, təmiz insanlar da öz layiqli yerlərində olacaq…

Yəqin hamı bilir, doktor Səmədov məlum videio-xütbəyə görə cəza çəkir. Hərgah, ona qarşı ittiham aktında bu video ilə bağlı bir kəlməyə də rast gəlməzsiniz. Eləcə də onun işi ilə bağlı qondarma ittihamlar əsasında tutulan cənub bölgəsinin nüfuzlu din xadimi Fəramiz Abbasov (11 il alıb) və digər vicdan dustaqları imansızlığın qurbanıdır.

Amma siz nonsesə, təzada, siyasi riyakarlığa, ikili standartlara baxın ki, üç aydır Elşad Abdullayev damarlarda qan donduran, cinayət faktları ilə aşıb-daşan videolar yayır, di gəl, hakimiyyətin tükü tərpənmir. Müxalifətçini, narazı islamçını həbsə almaq üçün yüz oyundan çıxan, ciblərinə nəşə, evinə silah atdıran, Nigar Yaqubluya adi yol qəzasına görə iki il yarım verdirib gənc xanımdan da qisas alanlar xalqla, mətbuatla neçə vaxtdır siçan-pişik oynayırlar. Niyəsini yenə izah edəkmi?

Bu yazı qətiyyən Mövsüm Səmədova təsəlli xətrinə yazılmayıb – güclü iradə yiyəsi olan həkimin buna ehtiyacı yoxdur düşünürük (Onun ədalətli hakimə ehtiyacı var!) Sadəcə Azərbaycanın milli genofondu üçün olduqca dəyərli olan 47 yaşlı bir insanın, bu xalqın dərdləri ilə yaşayan daha bir gerçək ziyalının həyatına türmədə yaranmış (yaxud yaradılmış) real təhlükədən yana ərsəyə gəlib, hakimiyyəti bu haqda xəbərdar etmək istəyindən doğub. Hacı Vaqifin vaxtsız ölümündən sonra belə itkilərimizin sıralanmaması naminə cəmiyyətə növbəti SOS siqnalı vermək məramından yaranıb.

***

Allahdan qorxun, cənablar. Adamları haqsız yerə həbsə almısınız bildik, bu azmış kimi, üstəlik, içəridə onların qanunlar çərçivəsində müalicəsinə mane olmayın barı. Ən əsası, gec də olsa günahsız insanların qapısını açın ki, nə vaxtsa sizin də qapınızı açmaq istəyən tapılsın.

Zahid Səfəroğlu
Source : Musavat
Comment