0
Thursday 20 June 2013 - 09:36

YAP-ın yeni planı

Story Code : 275172
YAP-ın yeni planı
YAP-ın yeni planı
Heydər Əliyevin axır vaxtlarında Azərbaycan xalqına üz verən bir müsibətdən hamı xəbərdardır. O zamanlar Heydər Əliyevin oğlu İlham Əliyevin hakimiyyətə gəlməsinin asanlaşması üçün YAP yeni bir plan qurdu. İndiki baş nazir müvəqqəti getdi istirahətə və İlham Əliyev baş nazir oldu. Əlbəttə ki, o zamanlar Prezidentdən sonra ən yüksək rütbə sahibi olan Məclis sədrinin vəzifəsi də düşdü baş nazirdən aşağı. Və sonrası məlumdur.
Milli Şuraya xalq çox ümidlər bağlasa da, görünür hələ də bu Şura vahid namizəd seçə bilməyib. Milli Şuranın üzvü politoloq Zəfər Quliyevin sözü olmasın, Milli Şura hələ ki, ”hansı kriterilərə cavab verən şəxs Milli Şuranın vahid namizədi ola bilər” sualına cavab axtarır. Mənə nə varee, bir qram siyasətdən anlayışım olmadığı halda rahatca kompyuter arxasında əyləşib Milli Şuranı tənqid edirəm. Lakin, mənim yaşım qədər siyasi təcrübələri olan insanlar ciddi cəhdlə çalışır və istəyirlər ki, gördükləri iş bəhrə versin. Ona görə də bir qədər vahid namizəd məsələsi yubanır. Bir də ki, burada təhlükəli nəsə yoxdur. Bir gecədə də qərar qəbul etmək olar. Amma, iyirmi ildən çoxdur bir ailənin Azərbaycan xalqına hakimiyyətlik eləməsinə göz yuman və bu müddətdə bir namizəd meydana çıxara bilməyən müxalifət üçün bu çətindir.
Rüstəm İbrahimbəyov isə həbs olunmaqdan və öldürülməkdən qorxur. Ona görə də Amerikada oturub gəlmir vətənə və hətta, Milli Şura ilə internet vasitəsiylə əlaqə saxlayır. Ya İqtidar güclüdür, ya da müxalifət zəifdir ki, həm ölkə daxilindəki müxalifət əjdahaları, həm də xaricdəki Rəsul Quliyev, Rüstəm İbrahimbəyov Milli Şuraya məsləhətlər verir və həm daxildən həm də xaricdən səy göstərmələr hələ ki istənilən nəticəni vermir.
Bu həssas dönəmdə Rüstəm bəyin qorxu müsahibəsini verməsi və ikinci dəfə bu məsələni gündəmə gətirməsi bir qədər YAP-ı rahatlatdı və öz zəfiyyətini (zəif damarını) Rüstəm bəy nahaq dilə gətirdi. Onun açıq-aşkar “qarğa, məndə qoz var” – deməsini heç anlamadım. Bəlkə də, vahid namizəd olmaq istəmir və bunu bəyan edir. Çünki arxayınlıqla deyir ki, mənim xaricdən məsləhətlər verməm xalq üçün daha xeyirli olar, neinki həbsxanada çürüməm. Rüstəm bəyin məncə bu qorxu dolu etirafı Azərbaycanda həqiqi dərəbəyliyin baş alıb getməsindən və hətta, YAP rəhbərliyinin neft-qazını sümürəm güclü dövlətlərin belə, bu ölkənin xalqının halına yanmayacağından mesaj verir.
Bu məqamda isə Prezidentin həyat yoldaşı, Milli Məclisin deputatı YAP qurultayında YAP-ın sədr müavini seçilib. Bunu da təcrübəli siyasilər və politoloqlar YAP-ın yeni planı kimi qələmə verir. Bu plan öz mənbəyini H. Əliyevin İlham Əliyevi prezidentliyə gətirmək üçün qurduğu plandan götürüb.
Çünki Əliyevlər görür ki, üçüncü dəfə namizədlik onlara baha oturacaq və artıq nüfuzdan düşdüklərini hiss ediblər. Lakin zavallı ailə anlamır ki, söhbət İlham Əliyevin prezidentliyindən getmir, ümumilikdə bu ailəni uzaq tutmaq lazımdır səaliyyətlərdən.
Mümkündür, sabah Artur müəllim yenə getsin istirahətə və Azərbaycan tarixində ilk qadın baş nazir olsun və sonra da prezident. Bu da YAP-ın dəyişiklik anlayışıdır.
Bizdə isə qadının baş nazir yaxud prezident olması təcrübəsi yoxdur və inanmıram ki, bu xalq buna imkan versin. Əliyevlər ailəsinin kişiləri bu xalqı ağ günə çıxara bilmədi, qadınlarından nə umaq. Axı biz müsəlman xalqıq, müsəlman xalqın qadını prezident kürsüsündə yox, evində olmalıdır. Bu da Əliyevlərin planıdır.
Bir vaxtlar qız uşağının şalvar geyinməsinə “padlo” baxan bəzi kişilər artıq qızın yarıçılpaq küçəyə çıxmasını da özünə qəbul etdirib. Mənəviyyətin bu qədər aşağı düşməsində də Əliyevlərin böyük rolu vardır.
Bu günə qədər nüfuzunu və hörmətini itirmiş İlham Əliyev – həyat yoldaşı saxtakarlıqla prezident olsa – daha çox hörmətdən düşəcək və qeyrətli kişilərin nəzərində indikindən daha pis olacaq.
Milli Şuranın və müxalifətin vahid namizədi kimi görünən Rüstəm bəy terror və həbsdən qorxması haqqında danışır və belə çıxır ki, qorxudan vətənə gəlmir, lakin iqtidar bəlkə də bu hadisələrdən sonra Milli Şuranın qabağına qadın çıxartmaqla Milli Şuranı daha da zəif kimi göstərməyə çalışır. Milli Şuranın özündə isə hələ də bir qərar verilməyib. Bəzilərinin sandığı qədər də siyasi müxalifət sözün həqiqi mənasında birləşməyib. Məsələn Sərdar Cəlaloğlu bir təklif verir və istəmir Rüstəm bəy namizəd olsun, İsa bəy deyir vahid namizəd ölkə daxilində olmalıdır. Hərçənd, bu sözlərdə də, həqiqət var. Sərdar bəyin işarə etdiyi kimi, kimlərinsə nə vaxtsa “Rüstəm İbrahimbəyov deyil idi, İlham Əliyevlə rumka vururdu, Heydər Əliyevdən yağlı sözlər eşidirdi, indi gəlib etiraz edir” deməsini bir kənara qoysaq da, iqtidardan qorxmayan və vətəndə etiraz edən siyasi simalar qala-qala xaricdə qalmağı və həbs və öldürülməkdən qorxduğunu etiraf edən Rüstəm bəyi vahid namizəd kimi görmək istəməyənləri bir az daha çox eşitmək lazımdır. Sizcə bu gün sütunları laxlamış bir iqtidardan qorxan şəxs, gələcəyin prezidenti olmuş olsa belə, ermənilərlə müharibə apararmı? Axı, xalq üçün çalışmaq, haqq uğrunda vuruşmaq müqəddəs vəzifədir və ölümə də hazır olmalıyıq.
Növbəti saxta seçkilər vasitəsiylə prezidentin həyat yoldaşının prezident olmasını təsəvvür etsək belə, bu onların öz əleyhlərinə işləyəcək. Onlar da Qarabağı qaytara bilməyəcək və xalqın qəzəbi daha da artacaq.
Deyirlər, böyük hökmdarlardan birinin arvadı bir gün ona deyir ki, sən güclüsən, yoxsa mən? Hökmdar deyir. əlbəttə mən. Arvadı deyir, yox mən güclüyəm. Çünki sən böyük bir dövləti idarə edirsən, mən isə səni. Bizim mentalitetdə isə arvaddan qorxan kişiyə, ailənin rəsiliyini arvadının ixtiyarına qoyan şəxsə pis baxırlar. O ki, qaldı dövlətin rəisliyini.
Əcəb bir ailənin əlində girinc olmuşuq. Müxalifət belə ləng tərpənsə və xalq oyanmasa, növbə bu ailənin balaca Heydərinə də çatacaq.

P.S. İlham Əliyev hakimiyyətə gələndə “İlhamla irəli” şüarını yayırdılar. Görəsən bu səfər nə şüar yayacaqlar?

Abdullah Xızılı
Source : Haqqyolu
Comment