0
Wednesday 6 April 2016 - 18:44

Sərdar Cəlaloğlundan hakimiyyətə çağırış: "Müharibəni mütləq davam etdirmək lazımdır"

Story Code : 531956
Sərdar Cəlaloğlundan hakimiyyətə çağırış: "Müharibəni mütləq davam etdirmək lazımdır"
Aprelin 2-də Füzuli rayonu ərazisindəki Lələtəpə yüksəkliyini azad edilməsi uğrunda döyüşlərdə şəhid olan mayor Rasim Məmmədovun əmisi, ADP sədri Sərdar Cəlaloğlu cəbhədə atəşkəs elan olunmasına münasibət bildirib.
Musavat.com-a açıqlamasında Sərdar Cəlaloğlu bildirib ki, verdiyimiz şəhidlərin, ordumuzun qəhrəmanlığı Azərbaycanın əlini gücləndiribsə və işğalçı Ermənistan güzəştli mövqeyə keçirsə, nəticədə Qarabağ problemi ədalətli həllini tapırsa atəşkəs elan olunması düzgündür. Çünki belə halda gənclərin ölməsinə, daha böyük dağıntılara gedilməsi yanlış olardı. Yox əgər, Ermənistan əvvəlki dikbaşlığında, işğalçı mövqeyində qalacaqsa o zaman atəşkəs rejimini saxlamağın heç bir mənası yoxdur. Azərbaycan öz torpaqlarını tam azad edənə qədər hərbi əməliyyatları həyata keçirməlidir: “Artıq xalqda heç vaxt görünməmiş səviyyədə ruh yüksəkliyi var. Mən qardaşım oğlu Rasimin cənazəsinin qarşılanması və dəfnində gördüm ki, on minlərlə gənc oğlan, hətta qızlar vuruşmağa, torpaqlarımızı azad etmək yolunda şəhid olmağa hazırdır. Minlərlə gənc şəhidin məzarı qarşısında buna and içirdilər. Azərbaycan xalqında təsəvvür edilməyəcək dərəcədə ruh yüksəkliyi, müharibədə ən vacib amil olan psixoloji üstünlük yaranıb. Təsəvvür edin ki, bütün günü əhali heç biz olmadan belə, Rasimin məzarını ziyarətə gedir. Digər şəhidlərimizə də bu cür münasibət var. Bu, həm də ruh yüksəkliyinin, qələbə istəyinin ortaya qoyulmasıdır. Belə əhval ruhiyyədə dövlət istənilən hərbi əməliyyatı apara və qalib gələr. Artıq xalq tam şəkildə ordunun arxasındadır. Ordumuz isə böyük psixoloji üstünlük əldə edib. Müharibədə bunlar həlledici məqamlardandır. Xalqda və orduda olan bu ruh yüksəkliyinin düşməsinə, xəyal qırıqlığı yaşanmasına qətiyyən yol vermək olmaz, buna yol vermək dövlətimiz üçün çox böyük zərbə olar, şəhidlərimizin qanı batmış hesab olunar”.



S.Cəlaloğlu bəyan edib ki, Ermənistan dərs götürübsə, ağlı başına gəlibsə, Rusiyanın əlində maşa olub özünü fəlakətlə üz-üzə qoymaq istəmirsə, təcili olaraq Azərbaycan torpaqlarının azad edilməsinə razılaşmalıdır. Yalnız belə olacağı halda Azərbaycan hökuməti atəşkəs mövqeyində qalmalıdır. Əks halda bu məsələni uzatmaq qətiyyən olmaz. Hərbi əməliyyatları başlayıb hətta tarixi torpaqlarımız olan Göyçə və Zəngəzurun da azad edilməsinə qədər gedilməlidir: “İndiki halda Azərbaycan hökuməti elan etməlidir ki, atəşkəsə onun üçün razılıq vermişik ki, qısa müddətdə Ermənistan ordusu torpaqlarımızdan çıxsın. Buna vaxt vermişik. Qısa vaxtda ermənilər çıxmasalar hərbi əməliyyatlar başlayacaq və sonadək gediləcək. Azərbaycan hakimiyyəti qətiyyən xalqımızdan, ordumuzdan narahat olmamalıdır. Mənim hazırda bacımın bir oğlu zabitdir, iki bacım nəvələri zabitdirlər, qardaşımın bir oğlu əsgərdir. Hamısı ön cəbhədədirlər. Biz bir ailə, nəsil olaraq yenə də şəhid verməyə hazırıq. Təki torpaqlarımız azad olunsun. Bax, bu, bir zabit şəhid vermiş ailənin, nəsilin mövqeyidir. Əgər səfərbərlik elan olunarsa, bizim nəsildən 3 min adam döyüşə getməyə hazırdır. Yəni hökumət bilməlidir ki, əgər atəşkəsdən qısa zamanda siyasi, torpaqların azad olunmasına gətirən üstünlük əldə edilməyəcəksə, müharibəni mütləq davam etdirmək lazımdır. Bütün xalq bunu istəyir”.

musavat.com
Source : Musavat
Comment