0
Friday 13 February 2009 - 01:46

İMAM XOMEYNİ VƏ İSLAM İNQİLABININ 30-CU İLDÖNÜMÜ

Q. Səfərov
Story Code : 638
İMAM XOMEYNİ VƏ İSLAM İNQİLABININ 30-CU İLDÖNÜMÜ
“Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik.”
(Qurani-Kərim, “Kəhf” surəsi, ayə 30)

Bismillahir-Rəhmanir-Rəhim! İmam Huseynin (ə) ərbəini ərəfəsindəyik. Yaxın günlərdə İslam dünyası ərbəin gününü qeyd edəcək. Ərbəin günü, İmam Huseynin (ə) mübarək şəhadətinin və nurani inqilabının 40-cı günüdür. Tarixdə ərbəin günü çox əhəmiyyətli və əlamətdar gündür.
Hazırkı Məhərrəm-Səfər əyyamında, ərbəinqabağı, ədalətsevər insanlar bir əlamətdar, tarixi hadisəni də qeyd edirlər. Bu tarixi hadisə bir inqilabi kərəkatdır ki, İmam Huseyn (ə) hərəkatına çox bağlılığı var bu hərəkatın.
İslam inqilabının 30-cu ildönümü

İmam Huseyn (ə) inqilabı 14 əsrlik tarixə malikdir. Məlum olduğu kimi, İmam Huseynin (ə) 7- ci əsrdə baş vermiş Aşura inqilabı, dinin və sünnənin dirçəldilməsindən əlavə həm də, sonrakı bir çox islami inqilabların başlanğıc nöqtəsi olmuşdur. Aşura (ə) inqilabı bir mübarək məktəbə və azadlıqsevər insanların, ədalətpərvər insanların ilham qaynağına çevrilmişdir. Əlamətdar gündür ki, bu günlərdə Aşura inqilabı ilə bərabər, başqa bir bərəkətli inqilabın da, növbəti ildönümü qeyd edilməkdədir. Bu inqilabın Aşura məktəbindən qaynaqlandığı, huseynsevər və Huseyn (ə) övladlarından birinin başçılığı altında qələbə çalması bir daha Aşura inqilabının əzəmət və mübarəkliyini ortaya qoymaqdadır. Bu günlərdə həmin inqilabın 30 illiyi qeyd edilir.

Bu bərəkətli inqilabın rəhbəri, İmam Huseynin (ə) 4-cü övladı İmam Museyi-Kazimin (ə) övladlarından olan Ayətullah Ruhullah Xomeyni əl-Musəvidir (r). Bu böyük şəxsiyyət dindar islam alimi, mərifət və bəsirət əhli, ədalətli hakim, siyasi xadim, məzlumların himayədarı, müstəqilliksevər, zülmlə, istibdadla, diktatura ilə daim ziddiyyət və mübarizədə olmuşdur.
İmam Xomeyni (r) şəxsiyyəti

Kim idi və nə etdi İmam Xomeyni(r)? O həzrət, 1902-ci ildə İranın Xomeyn şəhərində dindar bir ailədə dünyaya göz açmışdı. Atasını uşaq çağlarında ikən itirmişdi. Dini ocaqlarda İslami dərsləri də elə uşaq yaşlarından öyrənməyə başlayır və 34 yaşında ictihad dərəcəsinə yetişir. İmam Xomeyninin (r) İslam dininə olan müqəddəs inam və əqidəsi, onu zülmlə barışmağa, haqsızlığa, köləliyə boyun əyməyə qoymurdu. Bu səbəbdən də, İmam Xomeyni (r)1960-cı ildə Allahın adı ilə, öz mübarək hərakatının açılışını edir.

Həbslər, sürgünlər- 14 il ərzində vətənindən və mübariz tərəfdarlarından ayrı düşməsi, hədə-qorxular, tökülən qanlar, məkrli planlar, təzyiq və təqiblər İmam Xomeyninin (r) və ardıcıllarının müqavimətini heç cür qıra bilmədi. Azğın rejim bu yolla İmam Xomeyni və ardıcıllarının səsini boğacağını düşünürdü. İmam Xomeyninin isə hörməti daha da artırdı. Artıq xalqın ləyaqətli rəhbərinə çevrilmiş İmam, sürgündəykən belə, geriyə addım atmır, gələcəyə inamla baxır və sügün həyatı yaşayarkən öz mübarizəsini davam etdirirdi.

Övladının şəhadəti onu kədərləndirsə də, iradə və dirənişi Allah yolunda olduğu üçün İmam zərrə qədər zəifliyə düçar olmamışdı. Heç bir şər qüvvə, düşmənin heç bir fitnəli əməl və proqramları İmam Xomeynini müqəddəs amalından (r) döndərə bilməmişdi. Bu olanlar İmam Xomeyni (r) həzrətlərinin qətiyyətini artırır, onu daha da ruhlandırırdı. İmam Xomeyni qələbənin yaxın olduğunu, tezliklə Allah ordusunun iblis ordusu üzərində zəfər çalacağını uzaqgörənlik və bəsirəti əsasında görürdü. Tarix boyu qiyamlar məmləkətinə çevrilmiş İran, nəhayət İmam Xomeyni həzrətlərinin rəhbərliyi altında vücuda gələn inqilabla yenidən dirçəldi, müsəlman xalqın keçmişi özünə qaytarıldı, hüquqları bərpa edildi. 1979-cu ildə İslam inqilabı Allahın köməkliyi ilə zəfər qazandı, daxili diktatorluq devrildi və yad əllər ölkədən birdəfəlik kəsildi.
Aşura məktəbindən ilham alan Xomeyni (r.ə)

Daha çox Məhərrəm-Səfər dönəmində təşkil edilən İmam Huseyn (ə) mərasimlərində bu tez-tez vurğulanır ki, İmam Hüseynin (ə) qiyamı hər dövr üçün aktualdır və Aşura məktəbi azadəlik və hürriyyət məktəbidir ki, azadlıqsevərlər, hürr insanlar bu məktəbdən ibrət götürməlidir. Bu mətləbin müxtəsər izahı budur ki, bir dövrdə ki, zülm var, ədalətə riyaət olunmur, deməli, Aşura qiyamının aktuallığı var. İndi nəzərə alsaq ki, zülm hər yerdə və hər dövrdə var və hədisdə də, buyurulub ki, Qiyamət gününədək bu zülm artıb çoxalacaq, haqsızlıq hər yanı bürüyəcək, deməli, qənaətimiz bu olur ki, İmam Hüseyn (ə) qiyamı daimyaşardır. “Hər gün Aşura, hər yer Kərbəla” buyuruşu da, həm bu mətləbi təsdiqləyir və həm də, burada öz təsdiqini tapmış olur.

Aradan 13 əsrlik zaman məsafəsi varsa da, İmam Hüseynin (ə) daimyaşar Aşurası 20-ci əsrin 2-ci yarısında baş vermiş bir qiyama təsir göstərir. Necə ki, Təvvabin qiyamına təsir göstərmişdi. Necə ki, Muxtarın qiyamında, daha sonra, Zeydin qiyamında və s. qiyamlarda mühüm rola malikdir İmam Hüseynin Aşurası. Eləcə də, İmam Xomeyni həzrətlərinin inqilabı birbaşa Aşura inqilabından qaynaqlanırdı. İmam Hüseynin (ə) pislədiyi zülmü, diktaturanı, özbaşnalığı, pozğunluğu, küfrü pisləyirdi İmam Xomeyni inqilabı. İmam Hüseynin (ə) himayə etdiyi məzlumları, təhqir olunmuşları himayə edirdi İmam Xomeyni inqilabı. Qarşı cəbhənin cinayətlərini, qudurğanlığını ifşa və tənqid edirdi hər iki inqilab. İmam Xomeyni bir hüseynçidir idi ki, dövrünün yezidinə qarşı əzmlə mübarizə aparır, bu yolda Aşura mək təbini özünə örnək bilirdi.

İmam Xomeyni həzrətləri, 1963-ci ildə Məhərrəm-Səfər əyyamından gözəl şəkildə istifadə etmiş və o dövrün İmam Hüseyn (ə) məclisləri, alimlərin və ruhanilərin şah rejimini və himayədarlarını ifşa etməsi üçün bir vasitə olmuşdu. Bu məclislərdə dövrün yezidlərinin İslam əleyhinə, mənəviyyət əleyhinə hazırladıqları planlarını və himayəçilərin cinayətkarlığını ruhanilər açıq-aşkar tənqid etdilər.
Hətta, Aşura günündə keçirilən kütləvi aksiyalar bir zərbə olub şah rejiminin cöküşünə bir töhfə vermişdi. Qeyd edildiyi kimi, Aşura günü, təxminən, Tehran şəhərində 4 milyon nəfər, İranın müxtəlif şəhərlərində isə 16 milyon nəfər nümayişə çıxaraq öz etiraz səslərini ucaltdılar şah rejiminin və himayədarlarının əleyhinə.
Dünyanın İslamla tanışlığı

İmam Xomeyni (r.ə) İslamın və Quranın nəyə qadir olduğunu bütün dünyaya tanıtdırdı, müqəddəs islami dəyərlərin, vəhdətin, həmrəyliyin, bərabərliyin, dirənişin, səbrin, əmr be mərufun nə olduğunu göstərdi. İmam Xomeyni müəllimi İmam Huseyn (ə) kimi dünyaya zülmə, küfrə, tağuta, diktaturaya, köləliyə, xəyanətə qalib gəlməyi göstərdi. İmam Xomeyni şər qüvvələri necə məğlub edirlər- onu nümayiş etdirdi. Zillətə qarşı necə mübarizə aparırlar, Allah düşmənlərinin əleyhinə necə mücadilə edirlər- onu təqdim etdi.

O kəslər rüsvay oldular ki, Quranın, İslam dininin təlimlərinin bir köhnəlik olduğunu, müasir dövrün tələblərinə cavab verməməsi qənaətində idilər. O rəhbərlər biabırçı şəkildə məyus oldular ki, müqəddəs kitablarına and içir, əl basır, lakin, öz bildiklərini edirlər. Quranın çatdırışlarına məhəl qoymurlar. Dinin siyasətdən, idarəçilikdən uzaq olduğunu və təkcə namazdan, zəkatdan ibarət olduğunu düşünürlər. İmam Xomeyni isə bildirdi ki, İslam dini, sair məktəblərin əksinə bütün fərdi, ictimai, dünyəvi, mənəvi, siyasi, hərbi və iqtisadi sahələri əhatə edir.

İmam Xomeyni göstərdi ki, İslam təkcə ibadət qanunlarından- namaz qılmaq, oruc tutmaq, zəkat verməkdən ibarət deyil, Onun (İslamın) həm də, hakimiyyət qanunları vardır, ən gözəl qanun İslam qanunlarıdır. Bəşəriyyətin səadətini təmin edən qanunlar İslam qanunlarıdır. İmam Xomeyninin digər müsəlman rəhbərlərdən fərqi bu idi ki, o həzrət İslamı təkcə dildə bəyan etmirdi, əməldə göstərirdi.
İlahi bəsirət və uzaqgörənlik

İmam Xomeyni həzrətləri İslam aləminin görkəmli alimi, nüfuzlu siyasətçi, təqvalı və pəhrizkar abid olması ilə bərabər, həm də, uzaqgörənliyə və ilahi bəsirətə malik bir şəxs idi. Əlbəttə ki, onun başçılığı ilə islam inqilabı ötən əsrin 79- cu ilində qalib gəldi. Amma, o həzrət, mübarək inqilabın qələbəsinə rəvac verən mücadilə və mübarizələrə 19 il əvvəldən start vermişdi. Bu zaman kəsiyində o həzrət həbs olunmuş, nəzarət altına alınmış, müxtəlif ölkələrə sürgün edilmiş, nə qədər haqsızlıqlarla üzləşmiş, amma, bununla belə, ruhdan düşməmişdi. İmam Xomeyni (r.ə) zəhmətlərin hədər olmayacağını və inqilabının qələbə çalacağını ilahi bəsirət və uzaq görənliyi ilə qənaət etmişdi. Nəhayət ki. 19 illik zəhmətlər islam inqilabı ilə nəticələndi.

Dahi şəxsiyyətə malik olan İmam Xomeyni (r.ə) uzaqgörənliyinin digər nümunəsini isə bütün dünya ictimaiyyəti cari əsrin əvvəllərində gördü. Belə ki, 30 il əvvəl Həzrət İmamın (r.ə) tənqid etdiyi və qınadığı imperiyalizmi (ABŞ) və sionizmi (İsrail rejimi) bu günlərdə bütün dünya tənqid edib qınadı. Bütün dünya şahid oldu 21-ci əsrin əvvəllərində bu təhlükəli cütlüyün İraqda, Əfqanistanda və 22 gün ərzində Qəzzada törətdikləri vəhşilikləri.

Halbu ki, İmam Xomeyni (r) təkcə şah rejimindən deyil, eləcə də, onu himayə edən ABŞ və İsraildən çəkinmir, açıq-aşkar onların zülmlərini ifşa edirdi. Bu barədə çıxış edərək onların iyrənc siyasətini pisləyir, Pəhləvi rejimini və bu rejimi himayə edənləri rüsvay edirdi ki, bu da, onları qorxuya salırdı.
İslam inqilabı bu günündə

İmam Xomeyni həzrətləri, çıxışlarında bildirirdi ki, düşmənlərin iblisvari hiylələri, fəsad törədən, fitnəli, təfriqə xarekteri daşıyan təbliğləri qarşısında müsəlman ümməti ayıqlıq göstərməli, onların iyrənc siyasətlərinə aldanmamalıdır. İmam Xomeyni həzrətlərinin İslam inqilabı bu gün də, Məhəmməd (s) ümmətini birliyə, həmrəyliyə, şər qüvvələrə qarşı gözüaçıq və əzmlə mübarizəyə səsləyir, həmçinin, ümməti, şər ünsürlərin çirkin siyasətlərinə alət olmamağa çağırır. İşğalçı rejimlərlə mücadiləyə girişən islamçıların bu rəftarını alqışlayır, mübarək dirənişini dəstəkləyir və onların müdafiyyəsinə qalxır. Zülmə etiraz, ədalət tələbetmə, haqtələblik İslamın təməl prinsiplərindəndir və İslam dininin əsasını təşkil etməkdədir. Ədalət bərpa olunmazsa, özbaşnalıq, zülm-istibdad, haqsızlıq vüsət alar. İmam Xomeyni həzrətlərinin inqilabı da, İslama əsaslandığından, İslamın qəbul etmədiyi haqsızlığı qəbul etmir, İslamın tənqid etdiyi zülmü, qəsbkarlığı, müstəmləkəçiliyi, zorakılığı, tənqid edir, onların rəzilliklərini ifşa edirdi.

İslam inqilabı təkcə İran xalqının şanlı tarixi deyil, bütün azadlıqsevər, ədalətsevər, zülmün, taqutun məhvini Allahdan arzu edən fərdlərin və toplumların şanlı tarixi və inqilabıdır.

Allah-Təala Özü bu İslam inqilabını himayə edib qorusun və zalım quruluşlarla mübarizədə qalib etsin!
Source : www.birlik.az
Comment